Şəhid Faiq Rzayevə həsr olunmuş tədbir: “Əbədi bir ömür”

post-img

Şəhid Faiq Rzayev adına 150 nömrəli tam orta məktəbdə “Əbədi bir ömür” adlı tədbir keçirilib. Tədbirdən öncə şəhid Faiq Rzayevin məktəbin önündə yerləşən abidəsi önünə tər qərənfillər düzülüb.

AZƏRTAC xəbər verir ki, Faiq Rzayevin doğum gününə həsr olunmuş tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri məktəbin direktoru Pərvanə Səfərova açaraq məktəbin məzunu olmuş Faiq Rzayevin həyat və döyüş yolundan bəhs edib. Məktəblilər Faiq Rzayevin qısa və şərəfli ömür yolunu əks etdirən kompozisiya təqdim edib, Vətən və şəhidlərə həsr olunmuş milli ruhda şeirlər söyləyib, mahnılar ifa ediblər.

Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, onun müavinləri Hüseyn Əfəndiyev və Təravət Muradova, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsi Ümumi təhsilin təşkili sektorunun müdiri Fuad Babayev, Faiq Rzayevin anası Ruxsarə Məmmədova və şəhid ailələri iştirak ediblər.

Mərasimdə Faiq Rzayevin həyatından bəhs edən videoçarx nümayiş olunub.

Qeyd edək ki, Faiq Hüseynağa oğlu Rzayev 1975-ci il mayın 13-də Bakıda anadan olub. Yasamal rayonu 150 nömrəli orta məktəbi bitirib. O, 1993-cü ilin mayın 14-də hərbi xidmətə gedib. Əvvəlcə daxili qoşunların “N” saylı hərbi hissəsində qulluq edən Faiq 1994-cü ilin fevral ayında səhər tezdən Fizuli rayonunun Horadiz qəsəbəsinə yola düşüb. Horadizdə qulluq edərkən cəsur əsgərlərimizdən təşkil olunmuş və Faiqin də daxil olduğu kəşfiyyat dəstəsi dəfələrlə düşmən tərəfinə keçərək uğurlu əməliyyatlar icra ediblər. Onlar oradan qiymətli məlumatlar əldə edib, qulluq etdikləri hərbi hissənin müvəffəqiyyətli döyüşləri üçün əsaslı zəmin yaradıblar. Ancaq Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsi uğrunda gedən döyüşlərdə, kəşfiyyat zamanı Faiqin döyüşdüyü dəstə qəfildən mühasirəyə düşür. Döyüşərək mühasirədən çıxmağa çalışan dəstənin üzvləri həlak olublar. Faiq isə yaralanaraq bir gün sonra hərbçilərimiz tərəfindən mühasirədən çıxarılıb və hərbi hospitala yerləşdirilib. Vəziyyəti ağır olduğundan o, martın 21–də Bakıya Sabunçu xəstəxanasına gətirilib və xəstəxanada 5 saat qaldıqdan sonra gözlərini əbədi yumub. Faiq Rzayev öz ölümü ilə şəhidlik zirvəsinə ucalıb. Təhsil aldığı 150 nömrəli məktəbə Faiq Rzayevin adı verilib və təhsil müəssisəsinin qarşısında şəhidin büstü qoyulub.





Elm