“Minaların mövcudluğu müharibənin bitməməsi deməkdir” - Terese Bergfors

post-img

Səfərimiz maraqlı keçdi, çox yerlərə səfər etdik, yeni məlumatlar aldıq. Buranın təbiəti və mənzərəsi valehedicidir. Bərpa və quruculuq işlərinin bir il ərzində necə sürətlə aparılmasının şahidi olduq. Hər bir kəs gəlib buranı görməlidir.

Bunu Zəngilanda AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında erməni işğalından azad olunan ərazilərə səfər edən isveçli səyyah Terese Bergfors söyləyib.

O deyib: “İndiyədək 75 ölkəyə səyahət etmişəm. Buradakı dağıntılar bizim eranın 79-cu ilində vulkan püskürməsi nəticəsində xarabalığa çevrilmiş Pompey şəhərinin qalıqlarını xatırladır”.

“Bir maraqlı məqamı da deyim. Səfər zamanı məni ən çox təəccübləndirən hadisələrdən biri də o oldu ki, minaların zərərsizləşdirilməsi prosesini izləmək üçün müəyyən olunmuş əraziyə gedərkən, bizə qan qruplarımızı bildirməyimizi xahiş etdilər. Lakin qrupumuzdakı isveçlilərin çoxu qan qruplarını bilmirdi”, - deyən səyyah, ilk dəfə minanı Laosda muzeydə gördüyünü vurğulayıb. O, minaların dəhşətli və təhlükəli olduğunu bildirərək qeyd edib ki, minalar tamamilə qadağan olunmalıdır, çünki müharibə bitsə də, minaların mövcudluğu müharibənin bitməməsi deməkdir.

Qeyd edək ki, İsveç səyyahlar qrupuna daxil olan 30-dan çox beynəlxalq səyahətçi üç gün ərzində azad olunmuş ərazilərdə erməni vandalizminə şahidlik edib, Azərbaycan dövlətinin bu torpaqlarda apardığı sürətli yenidənqurma-bərpa işləri ilə tanış olublar.

Sosial həyat