Elm günün mübarək, Azərbaycan!

post-img

Martın 27-si Azərbaycanda Elm Günüdür. Bu əlamətdar gün Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli sərəncamına əsasən təsis edilib. Bu tarix elmlə məşğul olar hər kəsin, bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramıdır.

Ölkəmizdə Elm Günü, eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının yaradıldığı günə təsadüf edir. Ulu öndər AMEA-nın keçdiyi şərəfli yolu Azərbaycan xalqının tarixində böyük səhifə kimi dəyərləndirib: “Çoxəsrlik tariximizdə böyük elmimiz olubdur. Ancaq Azərbaycan elmi heç vaxt bu qədər mütəşəkkil və bu qədər qüvvətli, güclü, çoxsahəli olmayıb. Müstəqil Azərbaycanın Elmlər Akademiyası bütün elmi potensialı özündə cəmləyərək, xalqımızın yaradıcılıq sahəsində nəyə qadir olduğunu dünyaya göstəribdir”.

Bu gün Azərbaycan güclü intellektual potensiala malikdir. Əsasən yeni elmi istiqamətlər inkişaf edir. Ölkəmizdə alınmış elmi nəticələrin xaricdə tanıdılması sahəsində bir sıra mühüm qərarlar qəbul edilmişdir. Təsadüfi deyil ki, XXI əsr YUNESKO tərəfindən elm və təhsil əsri adlandırılmışdır. Bu baxımdan hazırda elm və təhsilin əlaqələndirilməsi, müasir texnologiyaların və innovasiyaların tətbiq edilməsi yolu ilə inkişaf etdirilməsi ən aktual və prioritet məsələdir.

Elmi-Tədqiqat Kardiologiya İnstitutunun beynəlxalq əməkdaşlığı ürək-damar xəstəliklərinin müalicəsində nəzərəçarpacaq uğurların əldə olunmasına öz töhfəsini verir ki, bu zaman institutun mütəxəssisləri xarici həmkarları ilə təcrübə mübadiləsi aparır, dünyanın ən böyük klinikalarında təlim alırlar.

İnstitutda hər il kardiologiyanın aktual problemlərinə dair elmi və elmi-praktik konfranslar, konqreslər, simpoziumlar, konqreslər və məktəblər keçirilir. Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşları öz nailiyyətlərini xaricdə fəal şəkildə təbliğ edir, hər il konfrans, konqres və simpoziumlarda iştirak edir, elmi və kliniki işlərin nəticələrini beynəlxalq səviyyədə təqdim edirlər.

Elmin təbliği və alimlərimizin beynəlxalq aləmə inteqrasiyasını sürətləndirmək məqsədilə görülən işlər, qəbul olunan fərman və sərəncamlar Azərbaycanda elmin inkişafının dövlət siyasətinin prioritetlərindən olduğunu bir daha sübut edir. 

Məhz elm müəyyən edir ki, dövlətin gələcəyi necə olacaq? Azərbaycan yaxın gələcəkdə necə inkişaf edəcək? Vətəndaşlarımız necə yaşayacaq? 

Elm günün mübarək, doğma Azərbaycan! 

Gülnaz DADAŞOVA, 

Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor 

Elm