Xalq yazıçısı Anar: Nizaminin adı verilən küçələr, ona ucaldılan heykəllər İranda yoxdur

post-img

Nizami Gəncəvinin adı dünya ədəbiyyatının ən görkəmli klassikləri sırasında çəkilir. O, xalqımızın milli iftixarı olan sənətkar olmaqla bərabər, həm də dünya ədəbiyyatını yüksək səviyyədə təmsil edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar deyib.

İranın paytaxtı Tehranda keçirilmiş “Nizami Gəncəvi həftəsi”nə münasibət bildirən Xalq yazıçısı Anar Nizami Gəncəvinin Azərbaycan xalqına mənsub sənətkar olmasına heç bir şübhə olmadığını deyib:

“Nizami Gəncədə anadan olub, ömrünün böyük qismini Gəncədə yaşayıb, elə orada da dəfn olunub. Dahi şair və mütəfəkkirin məzarı üzərində onun xatirəsinə möhtəşəm məqbərə ucalır. Onun əsərlərinin böyük qismi Azərbaycan həyatına aiddir, Azərbaycan mövzusunun özünəməxsus yeri var. İran Nizamini özününküləşdirib, fars şairi elan edirsə, böyük səhv edirlər. Bütün dünya Nizami Gəncəvini Azərbaycan şairi kimi tanıyır. Azərbaycan şəhərlərində Nizaminin adı verilən küçələr, ona ucaldılan heykəllər İranda yoxdur. O, dünya ədəbiyyatının və Şərqin görkəmli sənətkarı olmaqla yanaşı, qədim tarixə malik Azərbaycan xalqının böyük oğlu, qüdrətli şairi və görkəmli mütəfəkkiridir”.

Elm