Xocalı soyqırımı türk dünyasına qarşı törədilən qətliamların davamı idi

post-img

XX əsrdə törədilmiş cinayətlər təkcə Azərbaycan hüdudlarını əhatə etməyib, eyni zamanda, böyük bir türk coğrafiyasını da cənginə alıb. Məlumdur ki, bu cinayətlərin baş verməsi 1828-ci ildə Quzey Azərbaycanın, 1864-1895-ci illərdə isə Orta Asiyanın çar Rusiyası tərəfindən işğal edilməsindən sonrakı dövrlərə təsadüf edir. Çar Rusiyası işğalından sonra Azərbaycanda və Türküstan bölgəsində yaradılan hərbi-siyasi idarəçilik sistemi bir tərəfdən min illər boyu davam edən türk dövlətçilik ənənələrinin məhv edilməsinə səbəb olub, digər tərəfdən bu bölgələrdə yaşayan yerli türk əhalinin etnik-mədəni, dini-siyasi durumuna qarşı soyqırımı siyasətinin həyata keçirilməsinə gətirib çıxarıb. XX əsrin əvvəllərində Rusiya imperiyasında baş verən siyasi, inqilabi dəyişikliklər, imperiya tərkibində yaşayan türk xalqlarında da milli oyanışa səbəb olub, bu oyanış çar üsul-idarəsinə qarşı milli azadlıq hərəkatına çevrilib. Çar Rusiyası və bu imperiyanın siyasi varisi olan bolşevik Rusiyası türk xalqlarının milli azadlıq hərəkatlarını yatırmaq üçün bir tərəfdən ənənəvi metod olan hərbi-siyasi güc amilindən istifadə edib, digər tərəfdən türk xalqlarına qarşı digər xalqlardan, xüsusilə erməni ünsürlərindən vasitəçi kimi istifadə edib. XIX əsrdən etibarən Azərbaycana, həmçinin Türküstan bölgəsinə köçürülərək yerləşdirilən və türk xalqlarına qarşı hərbi-siyasi alət kimi istifadə olunan ermənilər bir tərəfdən rus imperiyasının şovinist siyasətinin həyata keçirilməsində yaxından iştirak edib, digər tərəfdən də bu imkandan yararlanaraq mifoloji mahiyyət daşıyan “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək təşəbbüsünə cəhd edib. Bu zaman on minlərlə türk və müsəlman əhalisi soyqırımına məruz qalıb. Təsadüfi deyil ki, təkcə 1914-1921-ci illərdə Şimali və Cənubi Azərbaycanda, Anadolu bölgəsində, Türküstan ərazisində yüz minlərlə günahsız türk-müsəlman əhalisi qətlə yetirilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi Mübariz Ağalarlı deyib. O qeyd edib ki, XIX əsrin sonları və XX əsrin əvvəllərində, xüsusilə də I Dünya müharibəsi illərində Osmanlı dövlətinə xəyanət edərək Rusiya və digər dövlətlərlə əməkdaşlıq edən ermənilər türk-müsəlman əhaliyə qarşı kütləvi şəkildə cinayətlər törədib, təkcə 1918-1920-ci illərdə Şərqi Anadoluda - Qars, İğdır, Bəyazit, Muş, Van, Ərzurum, Trabzon, Kağızman və s. bölgələrdə on minlərlə dinc, silahsız əhalini məhz türk-müsəlman olduğuna görə amansızlıqla qətlə yetiriblər. Alman səfiri Volff Metternix 1916-cı il 5 mart tarixində Almaniya Xarici İşlər Nazirliyinə Ərzincandan göndərdiyi teleqramda “Bitlisin ruslar tərəfindən işğal edildiyi, erməni qüvvələrinin ətraf bölgədəki müsəlman xalqa qarşı böyük bir qətliam törədərək bölgəni qan gölünə çevirdikləri, məhv edilənlərin 2-3 min nəfərə qədər olduğu haqqında məlumat vermişdi. Məlumdur ki, ermənilər çar Rusiyasının və bolşevik Rusiyasının maddi və hərbi-siyasi dəstəyi ilə Cənubi Qafqazda azərbaycanlılara qarşı da kütləvi qırğınlar və soyqırımı törədib, deportasiyalar həyata keçiriblər. Bu qırğınlar nəticəsində 1905-1920-ci illərdə Şimali Azərbaycanın Qarabağ, Şamaxı, Quba, Lənkəran, İrəvan, Zəngəzur, Naxçıvan və digər bölgələrində, həmçinin Bakı şəhərində yüz minlərlə insan məhv edilib. 1917-1918 –ci illərdə erməni daşnak hərbi birləşmələri silsilə cinayətlərini davam etdirərək, aysorlarla birlikdə Cənubi Azərbaycanda – Urmiya, Salmas, Xoy, Maku, Dilməqan şəhərlərində də kütləvi qırğınlar törədiblər. 1917-1918-ci illəri əhatə edən bu hadisələr zamanı erməni daşnakları tərəfindən 190 minə yaxın Cənubi Azərbaycan türkünün qətlə yetirildiyi təxmin edilir. XX əsr boyu türk dünyasını öz cənginə alan və yüz minlərlə günahsız türkün qətlinə səbəb olan bu qırğınlar Türküstan bölgəsində də öz acı izlərini buraxıb. Çar Rusiyası dövründə kütləvi qətliama məruz qalan türk xalqlarından biri də qırğız türkləri olub. 1916-cı ildə çar Rusiyası tərəfindən məcburi surətdə hərbi səfərbərliyə alınan qırğız türklərinin etirazları zamanı baş verən qırğınlarda ruslar kütləvi şəkildə dinc əhalini qətlə yetirib. “Ürkün qətliamı” adı ilə tarixə düşən bu faciədə 100 min nəfər qırğız türkü çar Rusiyası tərəfindən soyqırımına məruz qalıb, 332 min qırğız türkü Çinin Uyğur vilayətinə pənah aparıb. 1917-ci ildə Rusiyada Müvəqqəti hökumətin başçısı olmuş Aleksandr Kerenski üsyanın yatırılmasını belə təsvir etmişdi: “Cəza dəstələri 14 hərbi alaydan, piyadalardan, süvari və 44 topçudan ibarət idi. Kəndlərdə rus hərbçilərinin qarşısına çıxan bütün insanlar, yaş və cinsinə fərq qoyulmadan, qundaqdakı körpələr, qocalar, yaşlı qadınlar da daxil olmaqla qəddarcasına məhv edilmişdi”.

Statistik məlumatlara görə, bu dövrdə 900 min nəfər sayı olan qırğızların 44,4 faizi qətl və sürgünlərə məruz qalıb. Qırğız bölgələrinə planlı şəkildə ruslar və qeyri-müsəlmanlar yerləşdirilmişdi. Bu da demoqrafik vəziyyətin rusların xeyirinə ciddi şəkildə dəyişməsinə səbəb olmuşdu. Bu dövrdə Türküstan bölgəsində rus-ermənilər tərəfindən törədilən qətliamlar Özbəkistan ərazilərini də öz cənginə almışdı. Rəsmi arxiv sənədlərindəki məlumatlara görə, rus-ermənilər tərəfindən 1918-1919-cu illərdə Fərqanə vadisində 180 yaşayış məntəqəsi əhalisi ilə birlikdə yandırılıb, Kokandda 10 min, Mərgilanda 7 min, Əndicanda 6 min, Namanqanda 2 min, Bazarkurqanda 4 min 500, Oşda 2 min, Çustda 1500 insan vəhşicəsinə qətlə yetirilib, rus-daşnak ünsürlər törətdikləri cinayətin izini itirmək üçün bir çox hallarda meyitləri belə yandırıblar. Üç ay ərzində Fərqanə vadisində erməni daşnakları tərəfindən 35 min özbək türkü qətlə yetirilib. Xüsusi olaraq qeyd edək ki, 10 il davam edən bolşevik terroru nəticəsində Türküstanda 1 milyon 700 min nəfər günahsız insan vəhşicəsinə məhv edilib. Törədilən bu cinayətlər qazax türklərindən də yan keçməyib. 1927-1933-cü illərdə bolşevik hakimiyyəti tərəfindən mal-mülkləri əlindən alınaraq aclığa məhkum edilən qazax türklərinin kütləvi şəkildə məhvi prosesi də baş vermişdi. Arxiv sənədlərinə görə, 1927-1933–cü illərdə acından və kütləvi repressiyalardan ölən qazax türklərinin sayı 2 milyon 300 min nəfərə çatıb. Bu dövrdə məhv edilən qazax əhalisi ümumi Qazaxıstan əhalisinin 54 faizinə bərabər idi. Qazaxıstanda bu cinayətlərin törədilməsində 1925-1929–cu illərdə Azərbaycan KP MK-nın birinci katibi olan, azərbaycanlıların qatili ləqəbi ilə tanınan Levon Mirzoyanın xüsusi xidmətləri olub. 1933-cü ildə Qazaxıstan vilayət partiya komitəsinin birinci katibi, 1937-ci ildə isə Qazaxıstan KP MK-nın birinci katibi olan bu erməni cəlladı təkcə 1937-38-ci illərdə 25 min nəfər qazax ziyalısını güllələdib, 110 min qazax türkünü isə sürgün etdirib. Ümumilikdə dövrün arxiv sənədlərinə istinad edərək bu qənaətə gəlmək olur ki, 1905-1930–cu illərdə çar və bolşevik Rusiyasının işğalında olan türk xalqlarının yaşadığı coğrafiyada ən azı 5 milyon nəfər günahsız türk-müsəlman əhalisi rus-bolşevik və erməni vəhşiləri tərəfindən vəhşicəsinə qətlə yetirilib. XX əsrin sonlarına doğru sovet imperiyasına qarşı baş qaldıran milli azadlıq hərəkatı zamanı türk respublikalarında həyata keçirilən repressiya tədbirləri, qətl hadisələri, xüsusilə də XX əsrin sonlarının ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı rus-erməni birliyinin planlı siyasətinin məntiqi davamı idi.

1992-ci il fevralın 26-na keçən gecə Rusiya Müdafiə Nazirliyinin tabeliyində olan və Xankəndində yerləşən 366-cı rus motoatıcı alayın - mayor Seyran Ohanyanın komandanlığı altındakı 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyonu, 1 saylı batalyonun qərargah rəisi Şitçyan Valeri İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və praporşikinin iştirakı ilə Xocalı şəhərinə vəhşicəsinə hücum təşkil edilərək soyqırımı cinayəti həyata keçirildi. Bu qırğının nəticəsində 613 nəfər həlak oldu. Qətl edilənlər 63-ü uşaq, 106-sı qadın, 70-i qoca idi. Bu qırğınlar nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib, 130 uşaq valideynlərindən birini itirib, 487 nəfər isə yaralanıb. Xocalı soyqırımı da daxil olmaqla bir əsr boyu türk dünyasına qarşı həyata keçirilən bu soyqırımlarının cinayətkar tərəfi rus-erməni birliyi və onların strateji maraqları olub. Bu cinayətlərin törədilməsində erməni faşistləri və onların hərbi-siyasi qurumları ilə yanaşı, çar və bolşevik Rusiyası bərabər şəkildə hüquqi və siyasi məsuliyyət daşıyır. Türk dünyası heç zaman Quzey və Güney Azərbaycanda, Anadoluda, Qırğızıstanda, Fərqanədə və Qazaxıstanda törədilən soyqırımları unutmamalıdır.

Elm