Çirkli hava xəstəlik mənbəyidir

post-img

Zamanımızın ən böyük və təhlükəli problemlərindən biri olan havanın çirklənməsi hər il 8 milyondan çox insanın ölümünə səbəb olur. Əsasən fosil (kömür, neft, təbii qaz) yanacaqlardan qaynaqlanan hava çirkliliyi insanlarda müxtəlif növ xəstəliklərin yaranmasına səbəb olur. Bəs, görəsən, planetimizdə hava çirkliliyi hansı həddə çatıb? 


Avstraliyalı tədqiqatçılar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əməkdaşlıq edərək planetimizdə havanın nə qədər çirkli olduğunu öyrənmək məqsədilə araşdırma aparıblar. Bunu ölçmək üçün 65 ölkədə yerləşən 5446 müşahidə cihazından istifadə ediblər. Nəticədə, qütblərdən başqa dünyanın, demək olar ki, hər yerində quraşdırılmış müşahidə aparatlarının göstəriciləri normadan yüksək olub. Bu isə o deməkdir ki, planetimizdə yaşamaq üçün kifayət qədər təmiz havaya malik olan heç bir yer yoxdur.
 Tədqiqatçılar həmçinin aşkar ediblər ki, fosil yanacaqları ilə yanaşı, meşə və digər növ yanğınlar da havanın çirklənməsini kəskin dərəcədə artırır. Hazırda, havanın çirklənmə sürəti o qədər artıb ki, görüləcək tədbirlər ən yaxşı halda mövcud vəziyyəti ancaq ləngidə bilər. 


Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”

Ekologiya