Borc limiti ilə bağlı razılaşma olmasa...

post-img

Məşhur iqtisadçı Nuriel Roubini 2008-ci il maliyyə böhranını xatırladaraq, ABŞ-da borc limiti ilə bağlı danışıqlarda razılaşmanın əldə olunmayacağı təqdirdə dünya bazarlarında çökmə baş verəcəyini bildirib. Roubini bu vəziyyətin uzunmüddətli perspektivdə dollara olan inamı da zədələyəcəyini vurğulayıb.

Dohada keçirilən Qətər İqtisadi Fo­rumunda “Bloomberg”ə müsahibəsində Roubini bu məsələdə ümidini hələ də itirmədiyini, son anda razılaşmanın əldə edilə biləcəyini deyib. O, əks təqdirdə dünya iqtisadiyyatında dərin tənəzzülün yaşanacağını söyləyib. Nuriel Roubini daha sonra ABŞ-da borc limiti ilə yanaşı, Ukraynadan İrana qədər geosiyasi gərgin­liyin və ABŞ ilə Çin arasında artan zid­diyyətin də qlobal iqtisadiyyat üçün böyük təhlükələrdən xəbər verdiyini, sonuncu adları çəkilən ölkələr arasında soyuq mü­haribənin daha da soyuyacağını vurğula­yıb.

Məşhur iqtisadçı müsahibəsinin so­nunda cari ilin mart ayında Birləşmiş Ştat­larda bir sıra bankların iflasından sonra bəzi regional maliyyə qurumlarının kredit böhranı yaşadığını, Avropa Mərkəzi Ban­kının faiz artırması prosesinin hələ bitmə­diyini də xatırladıb. 

Yeri gəlmişkən, ABŞ-ın borc tavanı ilə bağlı çıxılmaz vəziyyətin həllində irəliləyi­şin olmaması neft qiymətlərinə də öz təsi­rini göstərib. Belə ki, Səudiyyə Ərəbista­nının energetika naziri şahzadə Əbdüləziz bin Salman, “OPEC+” alyansının ilin ikinci yarısı üçün hasilat siyasətini nəzərdən ke­çirəcəyi iclasından bir həftə əvvəl spekul­yatorlara (möhtəkirlərə) “diqqətli olmaları­nı” bildirib. Bu xəbərdarlıq isə düşən neft qiymətlərinin kompensasiya edilməsini şərtləndirib. 

Sinqapurda yerləşən “Saxo Capital Markets” şirkətinin strateqi vəziyyəti şərh edərək bildirib ki, “OPEC”in qiymətləri dəstəkləmək üçün neft bazarına müdaxilə etməkdən başqa yolu qalmır. 

Yeri gəlmişkən, Çinin ləng iqtisadi bər­pası, FED-in faiz dərəcələrini artırması və borc tavanı ilə bağlı son razılaşmanın olmaması proqnozlara mənfi təsir göstər­diyi üçün neft hələ də il ərzində aşağıdır. Sanksiyalara baxmayaraq, Rusiyanın neft ixracı da güclü olaraq qalır. 

Onu da qeyd edək ki, Qətərin ener­getika məsələləri üzrə dövlət naziri Saad bin Şəridə əl-Kabi “Avropa daha pis neft və qaz təchizatı çatışmazlığı ilə üzləşə bilər”,– deyərək Avropanın daha dərin enerji çatışmazlığı böhranı ilə üzləşə bilə­cəyi barədə xəbərdarlıq edib. Qətərli na­zir daha sonra bəyan edib ki, bu il olduğu kimi, isti olmayan normal qış fərziyyəsi ilə qlobal iqtisadiyyatın bərpası və ənənəvi enerji mənbələrinə tələbatın artması “Av­ropanın tədarük çatışmazlığı böhranına daxil ola bilər.

Beləliklə, dünyanın aparıcı xam neft istehsalçıları tərəfindən Qərbin bərpaolu­nan enerjiyə keçidlə bağlı atdığı addım­larla yanaşı, ənənəvi enerji sənayesi, neft və qaza investisiyaların zəifləməsinin nə­ticələri barədə də narahatlıqlar söylənilir. 

Bu arada Neft İxrac Edən Ölkələr Təşkilatının (“OPEC”) baş katibi Heysem el-Gays iki mindən çox insanın iştirakı ilə Qətərin paytaxtı Dohada təşkil olunan “Qətər İqtisadi Forumu”nda neft-qaz sek­toruna qlobal investisiya həcminin azal­masının tədarük çatışmazlığına səbəb olacağı ilə bağlı fikirlərini də bölüşüb.

Gays vurğulayıb ki, enerji keçidi tədri­cən olmalıdır. O, eyni zamanda, “OPEC”in hesablamalara görə, neft sənayesinin qarşıdakı illərdə tələbatının ödənilməsi üçün üçün 12,1 trilyon dollar investisiyaya ehtiyacı olduğunu diqqətə çatdırıb. 

V.BAYRAMOV, “Xalq qəzeti”

Dünya