Kreml Paşinyanın KTMT ilə bağlı açıqlamasına reaksiya verib

post-img

Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) mövzusunda Ermənistanla dialoqu davam etdirəcək və bu təşkilatı səmərəli və inkişaf potensialına malik hesab edir. Bunu bazar ertəsi jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistanın KTMT-ni “qabiliyyətsiz” hesab edəcəyi təqdirdə, onun tərkibindən çıxmaq barədə qərar verəcəyi barədə bəyanatını şərh edərkən deyib. 

“Ermənistanın baş nazirinin bəyanatına gəlincə, o zaman biz təbii ki, erməni dostlarımızla dialoqumuzu davam etdirəcəyik, onlarla KTMT-nin fəaliyyətində gələcək birgə iştirakımız barədə danışacağıq”, - Kremldən bildiriblər. 

D.Peskovun sözlərinə görə, KTMT-nin iştirakçı ölkələr arasında “səlahiyyəti var”: "Bu, əvvəllər müxtəlif situasiyalarda öz effektivliyini nümayiş etdirmiş bir təşkilatdır və bizim nöqteyi-nəzərimizdən daha da inkişaf etmək üçün potensiala malik bir təşkilatdır".

S.ELAY,

"Xalq qəzeti"

Dünya