Sudanda yeni atəşkəs razılaşması əldə olunub

post-img

Ciddə şəhərində ABŞ və Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə Sudanda münaqişə tərəfləri arasında bir həftəlik atəşkəs rejimi barədə razılaşma əldə olunub.

Atəşkəs rejimi bu gün axşam yerli vaxtla saat 20:45-də qüvvəyə minməlidir. Buna qədər tərəflər arasında əldə edilmiş bütün atəşkəs razılaşmaları pozulub. İndi isə atəşkəs ABŞ, Səudiyyə Ərəbistanı və beynəlxalq ictimaiyyət tərəfindən monitorinq ediləcək.

İki həftə davam edən danışıqlardan sonra əldə olunan razılaşmada, həmçinin humanitar yardımın paylanması, əhalinin su mənbələrinə və elektrik enerjisinə əlçatanlığının təmin edilməsi, ordu qüvvələrinin xəstəxanalardan və digər vacib infrastruktur obyektlərindən çıxarılması nəzərdə tutulub.

Aprelin 15-də Sudanda ordu birləşmələri və çevik reaksiya qüvvələri arasında başlayan silahlı münaqişə nəticəsində indiyə qədər minə yaxın insan həlak olub, bir milyondan çox insan isə qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

“Xalq qəzeti”

 

Dünya