Təhsil işçilərinin sentyabr konfransları

post-img

Bakı

Sentyabrın 10-da Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib.

Konfrans iştirakçılarını salamlayan elm və təhsil naziri Emin Əmrullayev yeni dərs ilinin başlanması münasibətilə təhsil işçilərini təbrik edib.

E.Əmrullayev ötən tədris ilində əldə olunan nailiyyətlərdən, aparılan təhsil islahatlarından, mövcud problemlər və onların həlli istiqamətində atılan addımlardan söz açıb, perspektivdə nəzərdə tutulan məsələlərdən, yeni tədris ilinin əsas hədəflərindən bəhs edib.

Nazir çıxışı zamanı ümumi 
təhsil müəssisələrində 2024–2025-ci 
tədris ­ilinin təşkili barədə əmrdə nəzərdə tutulan məsələlərin həllinin zəruriliyini diqqətə çatdırıb.

MÜTDA-nın direktor müavini, ­BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova 2023–2024-cü tədris ilində İdarənin fəaliyyət istiqamətləri üzrə gördüyü işlər haqqında hesabat məruzəsi ilə çıxış edib, paytaxtda məktəbəqədər və ümumi təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və layihələrin tətbiqi vəziyyətindən danışıb.

N.Hüseynova növbəti tədris ili üçün təhsil işçilərinin qarşısında duran əsas vəzifələr barədə məlumat verib. Bildirib ki, məktəbəqədər təhsildə əhatəliliyin artırılması, ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi, rəqəmsal səriştələrin inkişaf etdirilməsi və digər istiqamətlər əsas hədəflər sırasındadır.

Konfrans panel müzakirələrlə davam edib.

Panel müzakirələrdə elm və təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova iştirak edib.

Müzakirələrdə konfrans iştirakçılarının fikirləri dinlənilib, qonaqların, ekspertlərin təklif və tövsiyələrinə yer verilib, suallar cavablandırılıb.

Naxçıvan

Naxçıvan təhsil işçilərinin sentyabr pedaqoji konfransında keçən tədris ilinə yekun vurulub, yeni dərs ilinin hədəfləri geniş müzakirə edilib. “Gənclik” Mərkəzində keçirilən məclisin iştirakçıları əvvəlcə muxtar respublikanın məktəbdənkənar təhsil müəssisələrində fəaliyyət göstərən dərnək üzvlərinin hazırladıqları əl işlərindən ibarət sərgiyə baxıblar.

Konfransda hesabatla çıxış edən muxtar respublikanın təhsil naziri Elxan Nəcəfov bildirib ki, bu gün nazirliyin tabeliyində 269 təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan 210-u ümumtəhsil məktəbi, ­20-si məktəbəqədər, 35-i məktəbdənkənar, 1-i xüsusi təhsil,  3-ü isə peşə təhsil müəssisəsidir. 2024-cü il şagird nailiyyətləri baxımından Naxçıvan təhsili üçün ən uğurlu illərdən biridir. Buraxılış və qəbul imtahanlarında şagirdlər tərəfindən son 5 ilin ən yüksək nəticələri əldə edilib. Məzunlardan 327-si 500–700 bal toplamaqla tələbə adını qazanıb. Əvvəlki il bu göstərici 196 olub. 

Şagirdləri qəbul imtahanlarında yüksək nəticə göstərən Babək rayon Arazkənd ümumi orta məktəbinin müəllimi Dünya Əliyeva və Culfa şəhər 3 nömrəli tam orta məktəbin müəllimi Vüsalə Ələkbərova çalışdıqları təhsil ocaqları üzrə qazanılan nailiyyətlərdən danışıblar. 

Azərbaycan elm və təhsil nazirinin müavini Firudin Qurbanov  təhsil ­infrastrukturunun təkmilləşməsindən söz açaraq qeyd edib ki, 2017–2022-ci illərdə bir milyondan çox şagirdin tədris şəraitinin yaxşılaşdırılmasına xidmət edən 414 modul tipli məktəb tikilib istifadəyə verilib. 2023-cü ilin sonunadək ölkə ərazisində 1365 məktəb fiber-optik şəbəkəyə qoşulub, 2026-cı ilədək daha 1500 məktəbin fiber-optik şəbəkəyə qoşulması planlaşdırılır. Texnoloji təminatın ilbəil daha da yaxşılaşdırılmasının nəticəsidir ki, 2020-ci ildə 36 şagirdə 1 kompüter düşürdüsə, 2026-cı ildə bu say 6 şagirdə 1 kompüter təşkil edəcək.

Konfrans Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin bədii təqdimatı ilə yekunlaşıb.

Səbuhi HƏSƏNOV
XQ

 







Təhsil