Yaxın 10 ildə Ermənistanın əhalisi 800 min nəfər azalaraq 2,2 milyon nəfərə düşə bilər. Bu barədə “Sputnik Ermənistan”a Ermənistan Hesablama Palatasının sədri Nairi Sarkisyan məlumat verib. “Əgər bu temp davam edərsə, yaxın 25 ildə ölkədə erməni qalmayacaq” – deyə Sarkisyan bildirib.
Onun sözlərinə görə, əsas səbəblər arasında doğum səviyyəsinin aşağı olması, miqrasiya, iqtisadiyyat və Qarabağdakı müharibənin nəticələridir. Bunların nəticəsidir ki, ötən il 48 min vətəndaş Ermənistanı tərk edib və geri qayıtmayıb. Ukraynada xüsusi hərbi əməliyat başladıqdan sonra Rusiyaya gedən vətəndaşların sayı azalıb, lakin ABŞ-da “Green card” qazanmaq üçün növbələr yaranıb. Hesablama Palatasının rəhbəri ilin sonuna kimi ölkəni tərk edənlərin sayının 2023-cü ilin göstəricisindən çox olacağını istisna etmir.
Torpaq və su ehtiyatlarına gəlincə, Sarkisyan vurğulayıb ki, Ermənistanda kənd təsərrüfatına yararlı torpaqların 60 faizdən çoxu hələ də əkilməmiş və istifadəsiz olaraq qalır. Ekspertlər də Sarksiyanın dediklərini təstiqləyirlər. Bildiriblər ki, ümumilikdə 280 min hektar kənd təsərrüfatı sahəsi becərilir. Bu da o deməkdir ki, əkin üçün yararlı torpaqların təxminən yarısı istifadəsiz qalır.
Erməni fermerlərin kənd təsərrüfatına marağının olmamasının səbəbi isə müxtəlifdir. Birincisi, vahid təsərrüfatlar kiçik təsərrüfat sahələrinə parçalanıb. Hazırda “orta” fermerlərinin əksəriyyətinin ən yaxşı halda 1 hektar torpaq sahələri var. Onlar iqtisadi baxımdan effektli deyil və tam istifadə olunmur. İkincisi, kənd təsərrüfatı texnikasının sayı çox olsa da, böyük əksəriyyətinin istismar müddəti başa çatıb. Bu, daimi nasazlıqlar, yanacaq və sürtkü yağlarının artan istehlakı deməkdir. Yeni kənd təsərrüfatı texnikalarının qiymətləri isə bahadır. Məsələ burasındadır ki, “orta” fermerlər kənd təsərrüfatı texnikasını təkbaşına ala bilmir, çünki imkanları yoxdur.
Üçüncü, kadr çatışmazlığı ilə bağlıdır. Bu sahəni bilən peşəkar kadrlar yoxdur. Erməni fermerlər gəlir götürmək əvəzinə, zərərə düşürlər. Nəticədə, torpaq sahələri istifadəsiz, boş qalır. Fermerlər kəndləri tərk edərək qazanc dalınca şəhərlərə, xarici ölkələrə gedirlər. Bu ilin I yarısında kənd təsərrüfatı məhsullarının ixracının 17 faiz azalmasının səbəblərindən biri də budur.
Əhalinin Ermənistanı tərk etməsi həm də iqtisadiyyatın digər sahələri ilə bağlıdır. Məsələn, Ermənistanın iqtisadiyyatı 2024-cü ilin birinci rübündə 7,7 faiz, ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 90 faiz artıb. Real mənzərə isə tamamilə fərqlidir. Avrasiya Ekspert Klubunun üzvü Ağasi Tavadyan yerli mətbuata açıqlamasında deyib: “Ermənistanın ixracının həcmi 13 milyard ABŞ dolları təşkil edib. Artım tamamilə təkrar ixracın–qızıl və qiymətli metalların (62,4 faiz) hesabına baş verib. Əgər qiymətli metal və daşları nəzərə almasaq, yerli məhsulların ixracı 5,53 milyard dollardan 4,9 milyard dollara düşüb. Deməli, Ermənistanın ixraçında 90 faiz artım deyil, 11 faiz azalma var. Bu da onu göstərir ki, yerli istehsal çox zəifdir, artım qızıl və qiymətli metalların təkrar ixracı ilə bağlıdır. Qiymətli metallar və daşlar isə Rusiya məhsullarıdır və Moskva beynəlxalq sanksiya səbəbindən öz məhsullarını Ermənistan tərəfindən xarici bazara çıxarır”.
A.Tavadyanın sözlərindən aydın olur ki, qızılın təkrar ixracının artması digər malların ixracının azalmasına və iqtisadiyyatın real sektoruna mənfi təsir edir.
Erməni ekspertlərin fikrincə, əhalinin ölkəni tərk etməsinə təkcə iqtisadi amillər səbəb olmur. Sahibkarlar da xaricə qaçırlar. Onlar məşğul olduqları biznes sahəsini genişləndirmək istəyirlər. Bunun üçün ölkədə şərait yoxdur. Ümumiyyətlə, onların əmlakına və biznesinin toxunulmazlığına heç kəs zəmanət vermir. İstər iş adamları, istərsə də qazancı çox olan digər sahələrdə çalışanlar heç bir perspektiv görmədiyi üçün ölkəni tərk etmək qərarına gəlirlər. Bunun qarşısını almaq üçün dövlət heç bir iş görmür. Sahibkarlar rüşvət verməkdən, yaradıcı adamlar isə süründürməçilikdən bezmişlər.
Qarabağ erməniləri də daha sakit, rahat və komfortlu yaşamaq üçün Ermənistanı tərk edirlər. 2023-cü ilin sentyabrından 2024-cü il martın 4-dək Qarabağdan olan 13 min 619 şəxs Ermənistanı tərk edib, onlardan yalnız 5 min 794-ü geri qayıdıb.
İqtisadi vəziyyət həm də doğum səviyyəsinə təsir göstərir. Ölkədə doğum səviyyəsi ilə bağlı vəziyyət mürəkkəbdir: təbii çoxalma həddi dünyada 2,1 olduğu halda, Ermənistanda 1,6–1,7 təşkil edir. Əslində bu göstərici daha aşağı da ola bilər. Bununla bağlı Ermənistan Hesablama Palatasının sədri deyib: “Biz güman edirik ki, göstərici azalıb və 1,4–1,5 arasında dəyişir”. Nəticədə, illik ölüm sayı doğum sayını üstələyir. Bu da əhalinin sayının azalmasında rol oynayır.
Bütün bunlar birlikdə ölkəni fəlakətli vəziyyətə gətirib çıxarır.
Pünhan ƏFƏNDİYEV
XQ