Rusiya ilə Ukrayna arasında müharibədə heç bir səngimə müşahidə edilmir. Əksinə, tərəflər bir-birinə daha dağıdıcı və öldürücü zərbələr endirirlər. Ötən gün gecə Rusiyanın bir neçə regionu iri pilotsuz təyyarə hücumuna məruz qalıb. Partlayışlar Belqorod, Kursk, Oryol, Voronej, Tula, Kaluqa, Lipetsk, Moskva vilayətlərində və Krasnodar diyarında qeydə alınıb. Zərbələr nəticəsində həlak olanlar var.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, hava hücumundan müdafiə sistemləri bir gecədə ölkənin 9 rayonu, o cümlədən Moskva vilayəti üzərində Ukraynaya məxsus 144 pilotsuz uçuş aparatını məhv edib. Rusiya paytaxtının meri Sergey Sobyanin “Telegram”da sentyabrın 10-na keçən gecə Moskvaya doğru uçan 14 pilotsuz təyyarənin vurulduğunu bildirib. Pilotsuz təyyarələr Podolsk, Ramenskoye, Lyubertsı, Domodedovo və Kolomna şəhər rayonlarında vurulub. Onlardan biri Ramenskoyedə çoxmərtəbəli binaya çırpılıb, nəticədə 11–12-ci mərtəbələrdə bir neçə mənzildə yanğın baş verib. Xeyli sayda yaralının olduğu bildirilir. Həlak olanların sayının beş nəfərə çatdığı vurğulanır.
Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz “Telegram”da Rusiya hava hücumundan müdafiə qüvvələrinin ona həvalə edilmiş bölgədə 59 “təyyarə tipli pilotsuz uçuş aparatını” vurduğunu bildirib. Pilotsuz təyyarələrin vurulması nəticəsində baş verən partlayışların görüntüləri internetdə yayımlanıb. Xüsusilə, bir PUA-nın “Rosneft” yanacaqdoldurma məntəqəsinin yaxınlığında partladıldığı bildirilir.
TASS xəbər verir ki, Rusiyanın hava hücumundan müdafiəsi tərəfindən Tula vilayəti üzərində vurulan pilotsuz təyyarənin qalıqları yanacaq-energetika obyektinin üzərinə düşüb. Rusiya dövlət agentliyi Tula hakimiyyətinin texnoloji prosesin dayanmadığını və istehlakçılara resurs təchizatının kəsilmədiyini bildirib.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyov isə “Telegram”da bildirib ki, Moskva vilayətinə pilotsuz təyyarənin hücumu nəticəsində bir qadın ölüb, üç nəfər yaralanıb. Yerli sosial şəbəkələrdə Jukovski kəndi ərazisində, Lyubertsı və Ramenskoye ərazilərində eşidildiyi iddia edilən altı partlayışın görüntüləri yayımlanıb.
Bundan başqa, Moskvanın Vnukovo və Domodedovo hava limanları pilotsuz təyyarələrin hücumu fonunda fəaliyyətini müvəqqəti olaraq dayandırıb. RİA Novosti xəbər verir ki, Vnukovoya 30-dan çox beynəlxalq və daxili reys, Domodedovoya isə 13 reys alternativ hava limanlarına yönləndirilib. Əvvəllər iş Jukovski hava limanı tərəfindən də məhdudlaşdırılırdı. Sobyanin daha əvvəl demişdi ki, yaxınlıqda vurulmuş PUA-dan düşən dağıntıların nəticələri “aradan qaldırılır”.
“Mash” “Telegram” kanalının məlumatına görə, hücum zamanı Ukrayna Moskva vilayətinə zərbələr endirmək üçün “Lyutıy” tipli pilotsuz təyyarələrdən istifadə edib. Qeyd olunur ki, “Lyutıy”in uçuş məsafəsi təxminən 1000 kilometr, döyüş yükü 50 kiloqram partlayıcıdır.
Tula vilayətində səlahiyyətlilər iki PUA-nın vurulduğunu, onlardan birinin fraqmentlərinin “yanacaq-energetika kompleksinin obyektlərindən birinə” düşdüyünü bildirib. Lipetsk vilayətində qubernator İqor Artamonov regionun üç rayonunda pilotsuz təyyarələrin zərərsizləşdirilməsi barədə məlumat verib, lakin onların sayını açıqlamayıb.
Cəbhə xəttində də vəziyyət gərgin olaraq qalır. Hər iki tərəfin ciddi itkilərlə üzləşdiyi bildirilir, yaxın perspektivdə vəziyyətin daha da pisləşəcəyi vurğulanır. Artıq Ukraynanın Qərbdəki müttəfiqləri də sülh danışıqları barədə tez-tez danışmağa başlayıblar. Xüsusilə də Almaniya kansleri Olaf Şoltsun sülh planı hazırladığı iddia olunur.
Rusiyada isə belə danışıqlara ehtiyatlı yanaşırlar. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu “Rossiya-24” telekanalına müsahibəsində Ukrayna ilə danışıqların bərpası üçün şərti açıqlayıb. O bildirib ki, Rusiya qoşunları Kursk vilayətinin ərazisində olduğu müddətdə Ukrayna ilə heç bir danışıqlar aparmayacaq.
İki gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Moskva Kiyevlə danışıqlara başlamazdan əvvəl dəqiq nəyin müzakirə olunacağını başa düşməlidir. Onun sözlərinə görə, Ukrayna münaqişəsinin ərazi mübadiləsi çərçivəsində müzakirəsi “ciddi deyil”. O, həmçinin qeyd edib ki, münaqişənin sülh yolu ilə həlli təşəbbüslərinin heç birində rusdilli sakinlərin hüquqlarının təmin edilməsi problemi nəzərə alınmır.
S.ELAY
XQ