Dünya elminin azərbaycanlı fatehləri

post-img

Dünyanın təlatümlü bir vaxtında xarici ölkələrdə yaşayan azərbaycanlı elm, zəka sahiblərinin Bakıda bir araya gəlməsi olduqca böyük əhəmiyyət kəsb edir. Diaspora ilə İş üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlı Alimlər Birliyinin təşkilatçılığı ilə keçirilən, sentyabrın 9-dan 12-ə kimi davam edəcək azərbaycanlı alimlərin beynəlxalq forumunun iştirakçılarından bir neçəsi ilə görüşüb, onlardan müsahibə aldıq.

Bəxtiyar Siracov,  Nobel ­mükafatçısı: 

– Hər birimizə qürur hissi yaşadan belə bir əzəmətli tədbirdən gözləntilərimiz çoxdur. Məlumdur ki, Azərbaycanın hüdudlarından kənarda yaşayan nəhəng elmi potensialımız var. Hələ ki, bu potensial indiki zamanda istifadə olunmur. Məqsəd belə bir elmi potensialı Azərbaycanın qüdrətlənməsinə cəlb etməkdir. 

İnanıram ki, belə bir forum ilk addım kimi Azərbaycana çox böyük uğurlar gətirəcək. Böyük elmi layihələrin arxasında qüdrətli iqtisadiyyatın yaradılması gerçəkdir. Ona görə də düşünən beyinlərin belə bir foruma dəvət olunması çox düzgün olaraq təşkil olunub. Amalımız məmləkətimizə fayda vermək, onun bütün dünyada yüksək nailiyyətlərə sahib olmasına kömək etmək, bir elm adamı kimi biliyimizi Vətənimizə verməkdir. 

Riza Heyət, güneyli alim:

– Bilirsiniz ki, azərbaycanlı alimlər dünyanın bir çox ölkələrində böyük uğurlara imza atırlar. İnşallah, qismət olarsa, 2-ci, 3-cü forumda daha böyük mütəşəkkil birliyin şahidi olacaqsınız. Mən Güneydən olan azərbaycanlı kimi belə bir möhtəşəm tədbiri təşkil edən Azərbaycan dövlətinə, şəxsən cənab İlham Əliyevə minnətdarlığımı bildirirəm. Düşünürəm ki, belə bir tədbirin keçirilməsi 50 milyonluq azərbaycanlının birliyinin rəmzidir. Həm də türk dünyasının birliyinin göstəricisidir. 

Onu da qeyd edim ki, mən ilk dəfə olaraq Qarabağ zəfərindən sonra Şuşada Dünya Azərbaycanlılarının V qurultayında iştirak edəndə keçirdiyim qürur hissini bu gün də yaşayıram. Əmim doktor Cavad Heyət çox arzu edirdi ki, Şuşanı görsün. Çox təəssüf ki, o, Vətən deyərək, hər zaman ayrılıq nisgilini yaşayırdı. O, son nəfəsində Azərbaycan kəlməsini deyərək, bu müqəddəs torpaqda uyumasını vəsiyyət etmişdi. 

Onun ən böyük arzusu Qarabağ torpaqlarının işğaldan azad olunmasını görmək idi. Mən əmimin istəklərini bir övlad kimi həyata keçirməkdən ötrü bütün varlığımla Azərbaycan deyəndə sizinlə bir olmağa hazıram və özümü güneyli azərbaycanlı kimi sizlərdən biri kimi təqdim etməyə nə qədər şərəf duyduğumu bilməyinizi istərdim. 

İkinci dəfə Şuşaya gedəndə yolda Qarabağın təkrarsız gözəlliyini gördükcə qəlbimin pıçıltıları ilə Cavad Heyətə ürəyimin ismarıcını göndərdim ki, bax, indi sənin arzunu yerinə yetirdim. Ruhumdan sənin ruhuna bir xəbər göndərərək, müqəddəs Şuşaya ayaq basanda müzəffər Azərbaycan Ordusuna bir övlad olaraq baş əydim, torpaqdan öpdüm. “Biz Azərbaycanlıyıq!” kəlməsindən gözəl nə ola bilər?! İki dəfə Şuşada oldum və ürəyimdə əmimlə danışaraq dedim ki, əmi, sənin əvəzindən də bu müqəddəs yerləri ziyarət etməyə gəlmişəm. 

Bəli, biz azərbaycanlıyıq. Kimliyimizdən asılı olmayaraq, qanımız, canımız, ürəyimiz böyük Azərbaycan üçün döyünməlidir. 44 gündə Azərbaycanın varlığının, qüdrətinin əzəmətini bir daha bütün Türk dünyası gördü və döyüş ruhu ilə yaşadı. Cənab İlham Əliyev Türk dünyasının böyük lideridir. Mən Şuşada onun çıxışını dinləyəndə çox kövrəlmişdim. Bilirsiniz niyə? Zəkası, diplomatik manevrləri ilə bizlərə ümid yeri olan dahi İlham Əliyev kimi dövlət rəhbərini dinlədikcə, Azərbaycanın qüdrətlənməsinə bütün varlığımla inandım və bu gün düşünürəm ki, alimlərlə birgə Qarabağ torpaqlarında, xüsusilə Xankəndidə doğma ocaqlarına qayıdan ziyalılarla, yerli camaatla görüşüb, onları mənən, ruhən salamlamağı özümüzə borc bilməliyik və ora getməliyik. 

Ürəyimdən gələn bir fikri sizinlə bölüşmək istəyirəm. Azərbaycan tarix boyu alimlər yetişdirən bir ölkə olub. Buna sübut kimi bu gün Amerikada, Avropada, Asiyada fəaliyyət göstərən azərbaycanlı alimlərin haqqında xüsusi olaraq fəxrlə danışmaq istəyirəm. Onlar öz dəst-xətləri, zəkaları ilə hər zaman özəlliklə seçilirlər. Bir alim kimi deyə bilərəm ki, bunun canlı göstəricisi qardaş Türkiyə respublikasında öz təsdiqini tapıb. 

Təsəvvür edin ki, Türkiyənin bütün mərkəzi şəhərlərində yerləşən elm, təhsil ocaqlarında azərbaycanlı alimlərin fəaliyyəti fərqli şəkildə nəzərə çarpır. Elə buna görə də Türkiyə Respublikasında yaradılan “Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Birliyi” İctimai Təşkilatı fəaliyyəti ilə bu gün hamının diqqətini cəlb edir. Mən təşkilatın üzvü kimi azərbaycanlı elm adamlarının xidmətlərini yüksək qiymətləndirirəm. 

İnanıram ki, türk dövlətləri Azərbaycanın getdiyi bu yolun özəlliyini dərk edib, türk dünyasının qüvvətlənməsi üçün bacardıqlarını edəcəklər. Azərbaycan bir çox mənada türk dünyasına örnək olan mənəvi bağlarımızı daha da gücləndirən elə bir siyasət aparır ki, biz bu görülən böyük işlərin arxasınca gedib, öz işimizi Azərbaycanın adına layiq görməliyik. Bu baxımdan belə bir forumun keçirilməsini alqışlayıram. İnanıram ki, bura toplanan alimlər Azərbaycan elminin bütün dünyada tanıdılması üçün var-qüvvələri ilə çalışacaqlar. Mən Şuşanı görəndə Təbrizi xatırlayıram. Uzun illərdir ki, Təbrizi görə bilmirəm. İndi yolum Xankəndiyədir. İnanıram ki, yenə də düşüncələrim mənə həsrətində olduğum Təbrizi xatırladacaq. Oradan Təbrizə salamlarımı göndərəcəyəm. 

Kamran Rüstəmov,  texnika elmləri doktoru, professor: 

– Mən uzun illərdir ki, Rusiyada yaşayıram. Belə bir forumun keçirilməsinin çox böyük əhəmiyyəti var. Çünki Azərbaycan alimlərinin nailiyyətlərini qabarıq olaraq təbliğ etməliyik. Xalqımıza, xüsusilə, elm adamlarına bu barədə müfəssəl məlumat çatdırmaq vacib məsələlərdən biridir. 

– Azərbaycan Prezidenti dünyada yaşayan azərbaycanlıların birliyinin göstəricisi kimi belə bir forumun keçirilməsinə hərtərəfli dəstək olmuşdur. Ona görə də mən cənab İlham Əliyevi “Ən Böyük Azərbaycanlı” kimi alqışlayıram. Fəxr etməliyik ki, Türk dünyasında bizim varlığımızı təsdiqləyən və sözünü əməli ilə deyən böyük liderimiz var. Gələcək nailiyyətlərimiz Azərbaycan elminin qüdrəti üzərində qurulacaq. 

Toğrul Talışinski, cərrah:

– Vətən hamımızındır. Ona görə də bir əsgər kimi hər zaman dövlətimizin çağırışına hazır olmağı düşünürəm və buna özümü borclu bilirəm. Çox gözəl, möhtəşəm bir forumdur. Bunun üçün cənab Prezidentimizə minnətdarıq. 

Belə bir forumun keçirilməsi azərbaycanlı alimlərin birliyinin ən yüksək formada təşkil olunmasıdır. Hamımızın burada bir məqsədi var:  Vətənimizin bu günü, sabahı, gələcəyi üçün çalışmaq, bir yerdə düşünmək  Azərbaycan naminə böyük uğurlara imza atmaq! 

ABŞ-da Nyu-Cersi ştatında xəstəxanada cərrah kimi çalışmaqla yanaşı, böyük bir cərrahi bölməyə rəhbərlik edirəm. Neçə illərdir orada həkimlər, tələbələr yetişdirirəm və azərbaycanlı olmağımla fəxr edirəm. Gələcək üçün ən güclü Azərbaycan yetişdirmək bugünkü forumun başlıca məqsədidir. Bu mənada Azərbaycan dövlətinə Amerikada yaşayan bir cərrah alim kimi bacardığımı etməyə hazıram. Talışınskilər nəslinin davamçısı olaraq uzaq bir ölkədə azərbaycanlı olduğumun məsuliyyətini  hər zaman  dərk etmişəm və bu gün bu məsuliyyəti ikiqat hiss edirəm. Çünki hamımızın bir vətəni var. Güclü Azərbaycan bizim arxamız, varlığımızdır! 

Söhbəti qələmə aldı:
Kəmalə Abdinova,
Cavid QAÇAYEV (foto)
XQ 

 







Sosial həyat