Müəllimlərin sertifikasiyası “yaxşılar”a meydan açır

post-img

İyunun 8-də ötən il uğur qazana bilməyən müəllimlər təkrar sertifikatlaşdırmaya cəlb olunublar. İyunun 21–22-də və 24-də isə ilk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi keçiriləcək.

Artıq 3 ildir ki, ölkəmizin ümumtəhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması həyata keçirilir. Azərbaycan Respublikasının Təhsil İnstitutu təhsilverənlərin sertifikatlaşdırılması prosesinə müəllimlərin hazırlığına dəstək göstərmək və məlumatların əlçatanlığını təmin etmək məqsədilə nümunə suallar, videomateriallar və qiymətləndirmə çərçivəsi tərtib edib. 

Sertifikatlaşdırmada müəllimin öz ixtisasını hansı səviyyədə bilməsi müəyyənləşir. Bilik səviyyəsi yüksək olan müəllimlər aşkarlanır, onların maddi stimullaşdırılması təmin edilir. Prosedur differensiallaşmış əməkhaqqı sisteminin tətbiqinə uyğun əməkhaqqı artımına imkan yaradır. Bu gün ölkədə sertifikasiya imtahanından uğurla keçən müəllimin orta aylıq əməkhaqqı 1300 manatdır. Belə müəllimlərin sayı 8 minə yaxındır. Bu il keçiriləcək sertifikasiya imtahanının nəticələrinə görə, yeni tədris ilində 20 mindən çox şəxsin tam statuslu müəllim sırasına qoşulması gözlənilir. Keçən il sertifikasiya göstəricisi zəif olan 743 müəllimin əmək müqaviləsinə xitam verilib. 

Sertifikatlaşdırma müəllimlərin maddi həvəsləndiriliməsində əhəmiyyətli rol oynamaqla yanaşı, yüksək bal toplayan pedaqoqların göstəriciləri nəzərə alınmaqla direktor və direktor müavini olmaq üçün də əsas yaradacaq. Belə ki, bu vəzifələrə təyinatla bağlı yeni yanaşma hazırlanır.

Təhsil elə bir strateji sahədir ki, orada dövlət siyasəti ilə cəmiyyətin tələblərinin uzlaşdırılması vəhdətdə götürülməlidir. Ümumi ­təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılmasına maraq da bundan qaynaqlanır. Marağı şərtləndirən başlıca amil, ümumən təhsilin keyfiyyətinin yüksəldilməsinin prioritet götürülməsidir. Bunu sertifikasiyada iştirak etmiş müəllimlər özləri də dilə gətirirlər. 

Astara şəhəri C.Babayev adına 3 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Arzu Həbibova müəllimlik peşəsinin həmişə yeniliklər tələb etdiyini dedi:  

– Şagirdlərə dərin bilik vermək üçün üzərimizdə daim çalışmalıyıq. Bu gün Azərbaycan məktəblərində müasir müəllimlərə böyük ehtiyac duyulduğu üçün sertifikasiya imtahanının tərəfdarıyıq. Çox istərdim ki, imtahandan keçənlər üçün 2-ci şans yaradılsın ki, potensiallarını tam nümayiş etdirə bilsinlər. Məsələn, keçən il verdiyim sertifikasiya imtahanında vaxtdan düzgün istifadə edə bilmədiyim üçün nəticələr məni qane etmədi. 60 mümkün baldan 46-nı yığdım. Halbuki, 50-dən yuxarı bal yığa bilərdim. Göstərdiyim nəticəyə uyğun, maaşım 10 faiz artdı. Amma onu da qeyd etməliyəm ki, məktəbdə dərs yükünün az, müəllimlərin sayının çox olması da maaşımıza təsir göstərir. Müəllimlərə digər məktəblərdə də dərs demək imkanı yaradılsaydı, yaxşı olardı. Daha bir istəyimiz odur ki, sertifikasiya imtahanının nəticələrinə uyğun olaraq, müəllimlərə qəbul imtahanı vermədən ali məktəblərdə təhsillərini artırmaq imkanı yaradılsın. Biz daim inkişaf etməli, biliklərimizi artırmalıyıq.

Suraxanı rayonu 318 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Nuranə Əsədovanın fikirləri də maraqlıdır:

– Ali təhsilliyəm. Sertifikasiya imtahanında 50-dən yuxarı bal yığmışam. Maaşım 35 faiz artıb. Təhsil islahatları arasında əhatəlilik baxımından ən geniş, ən böyük proses olan sertifikatlaşdırmanın nəticələri müəllimlərin karyera uğurları üçün də vacib addımdır. Bu proses həm də, ömür boyu öyrənmə mədəniyyətini formalaşdırmaq baxımından əhəmiyyətlidir. 

Qeyd edək ki, dünən 8 minə yaxın müəllim təkrar sertifikasiya imtahanı verib. 

Leyla QURBANOVA, 
Rizvan FİKRƏTOĞLU 
XQ

 



Təhsil