Uzaq Sibirdə unudulmaz görüş

post-img

Şəfahət Ələsgərov 1955-ci ildə anadan olub. Orta məktəbi bitirəndən sonra 1974–1976-cı illərdə Sovet ordusu sıralarında Rusiyanın Blaqoveşensk şəhərində hərbi xidmətdə olub. Hərbi xidmətini başa vuranda Baykal-Amur magistralının tikintisi gedirdi. Şəfahət həmin tikintidə qalaraq Tında, Sosnovka, Skvorodina şəhərlərindən keçən dəmir yolu xəttinin çəkilişində işləyib.

Ş.Ələsgərov burada çalışdığı müddətdə o vaxt Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini işləyən Heydər Əliyev tikintiyə baş çəkib. Helikopterlə Tında şəhərinə gələn tanınmış dövlət xadimi BAM-in inşasında çalışan mühəndis və fəhlələrlə görüşüb.

Şəfahət ötən əsrin 80-ci illərinin əvvəllərinə təsadüf edən həmin görüşü xatırlayaraq dedi: “Bir gün inşaatçılara xəbər verdilər ki, Heydər Əliyev işlərin gedişi ilə tanış olmaq üçün tikintiyə gələcək. Yadımdadır ki, onunla birlikdə vilayət partiya komitəsinin birinci katibi Abramenko da gəlmişdi. Tikintidə müxtəlif millətlərin nümayəndələri, o cümlədən azərbaycanlılar da çalışırdı. Bizim çalışdığımız obyektdə işləyən soydaşlarımızın sayı təxminən 30 nəfərə yaxın idi. Hamımız böyük intizar və maraqla Heydər Əliyevin gəlişini gözləyirdik. Bütün inşaatçılar əsgəri qaydada sıra ilə düzülmüşdülər. O, vilayət partiya komitəsinin birinci katibi ilə birlikdə inşaatçılara yaxınlaşıb onlarla söhbət edir, yolun tikintisi ilə əlaqədar maddi-texniki təminat, onların üzləşdiyi hər hansı çətinlik barədə soruşur və çox diqqətlə onları dinləyirdi.

Heydər Əliyev bizim düzüldüyümüz cərgəyə yaxınlaşanda tikintinin rəisi azərbaycanlı olduğumuzu dedi. O, bizimlə birlikdə başqa millətlərin nümayəndələrinin olduğunu nəzərə alıb əvvəlcə rusca hal-əhval tutdu, işlərin gedişi ilə maraqlandı. Sonra üzünü bizə tutub təmiz azərbaycanca “Sizi incitmirlər ki? Hansı problemləriniz var?”-deyə soruşdu. Hamımız bir ağızdan hər şeyin qaydasında olduğunu dedik. O, bir daha azərbaycanca bizə müraciət edib çətinliklərimizlə maraqlandı və bizi narahat edən məsələlər barədə soruşdu. Sonra çox səmimi şəkildə bizimlə sağollaşaraq digər tikinti kollektivləri ilə görüşə getdi”.

Ş.Ələsgərov bu barədə söz açanda həyəcanlı idi: 

– Az vaxt keçməyib, o vaxtdan bəri təxminən 40 il ötsə də, uzaq illərin arxasında qalan həmin görüş indi də mənim xatirimdədir. Mən rəhbər işçinin sadə adamlarla, fəhlələrlə mehriban görüşünü, səmimi söhbətini ilk dəfə onda görmüşəm. Heydər Əliyev o qədər səmimi, o qədər qayğıkeş təsir bağışladı ki, uzun müddət həmin görüşün təəssüratından çıxa bilmədik. İlk dəfə bizimlə görüşsə də, hamımıza çox əziz, doğma adam təsiri bağışladı. Ömrümün gənclik illərinə təsadüf edən bu görüş qırx ildən çoxdur ki, yaddaşımda yaşayır. Heç vaxt da uzaq illərin arxasında qalan həmin görüşü unutmayacağam”.

Süleyman Qaradağlı

 

Sosial həyat