Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Bakıda Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) Şurasının 13-cü iclasında və Assambleya Şurasının iclasında iştirak edib.
İclasda Akademiyanın prezidenti ilə yanaşı, TÜRKPA-ya üzv dövlətlərin parlament sədrləri, təşkilatın baş katibi Mehmet Süreya Ər, eləcə də türk inteqrasiyası ilə məşğul olan digər beynəlxalq təşkilatların rəhbərləri və üzv ölkələrin deputatları iştirak ediblər.
TÜRKPA-nın plenar iclasında bu dəfə “Türk dünyası üçün yaşıl üfüqlər: Yaşıl gündəliyin həyata keçirilməsində parlamentlərin rolu” mövzusunda müzakirələr aparılıb.
İclasda çıxış edən akademik Şahin Mustafayev qardaşlıq əlaqələrinin genişləndirilməsində Parlament Assambleyasının rolunu xüsusi vurğulayıb, Akademiyanın qarşıya qoyulan mövzu ilə bağlı təşəbbüsləri barədə məruzə edib.
Tədbir zamanı TÜRKPA sədrliyinin Türkiyədən Azərbaycana rəsmi keçməsi əlaməti olaraq Assambleyanın yeni bayrağı və loqosunun təqdimatı olub. Bundan əlavə, TÜRKPA Şurasının 13-cü iclasının yekunu kimi Bakı Bəyannaməsi qəbul edilib.
Qabil Yusifoğlu
XQ