Təhsildə əsas hədəf XXI əsrin nəslini yetişdirməkdir

post-img

Adətən yeni dərs ili ərəfəsində təhsil ictimaiyyəti nümayəndələri ənənəvi sentyabr konfranslarına toplaşır, ötən tədris ilinə bir daha nəzər salır, uğurları, həllini gözləyən məsələləri təhlil edir, perspektivləri və hədəfləri dəqiqləşdirirlər. 

Bu, inkişafın davamlılığı, problemlərin açıq müzakirəsi, gələcək fəaliyyətin konseptual cəhətdən müəyyənləşdirilmə­si baxımından əhəmiyyətlidir.

Bakı şəhərinin ümumi təhsil sis­temində də yeni dərs ilinə bütün is­tiqamətlər üzrə ciddi hazırlıqlar gedib. Hər zaman olduğu kimi, keyfiyyətli təd­ris üçün zəruri şəraitin yaradılması, şa­girdlərin təhsilə marağının artırılması, onların bilik səviyyəsinin yüksəldilmə­si başlıca məramımızdır. Çünki təhsil daim inkişaf edən, yeniləşən, islahatla­ra açıq bir sahədir. 

Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişik­liklər təhsilə birbaşa təsir edir. Bunu nəzərə almadan təhsilin müasir dövrün tələblərinə cavab verməsinə nail olmaq mümkün deyil. Biz də çalı­şırıq ki, təhsildə baş verən dəyişikliklər dünya təhsilinin trendləri ilə ayaqlaş­maq baxımından daha çevik və daha səmərəli olsun, eyni zamanda, Azər­baycan təhsilinin ənənələri mövcud reallıqlarla uzlaşdırılsın. 

Dövlət başçımızın imzaladığı vacib tarixi sənəddə – “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prio­ritetlər”də öz əksini tapmış “XXI əsrin tələblərinə uyğun təhsil” kontekstindən çıxış edərək deyə bilərik ki, bu gün ümumi təhsil məktəblərində təhsil alan şagirdlərdə yeni əsrin bacarıqlarını in­kişaf etdirməyi dövrümüzün mühüm tələbi sayırıq. Eyni zamanda, 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Ulu öndərin ideyalarının gənc nəslə təbliği istiqamətində paytaxt mək­təblərində bir sıra layihələr gerçəkləş­dirilib. 

“Heydər Əliyev İli” çərçivəsində 100-dən artıq forum, konfrans və sim­pozium, 1500-dən artıq “dəyirmi masa” və “açıq dərs”, çox sayda seminar, müxtəlif müsabiqə, sərgi və festivallar, elm və mədəniyyət xadimlərinin, təhsil işçilərinin, tanınmış ziyalıların iştirakı ilə tədbirlər keçirilib, şagirdlərin Heydər Əliyev Mərkəzinə ekskursiyaları təşkil olunub. Bundan sonra da məktəblə­rimizdə uşaqların hərtərəfli inkişafına xidmət edən, Ümummilli liderin örnək həyat yoluna və zəngin fəaliyyətinə işıq salan silsilə tədbirlərlə dahi rəhbərin zəngin siyasi irsinin, azərbaycançılıq ideologiyasının aşılanması işini daha da genişləndirməli, gənc nəslə bu irsi daim təbliğ etməliyik. 

Yeni tədris ilində paytaxtdakı təhsil müəssisələrinin ümumi statistik mən­zərəsinə gəlincə isə deyim ki, hazırda BŞTİ-nin tabeliyində 344 məktəbəqə­dər təhsil müəssisəsi, 310 ümumi təh­sil, 3 xüsusi tipli ümumi orta məktəb, 5 əyani-qiyabi axşam məktəbi fəaliyyət göstərir. Yeni tədris ilində məktəbəqədər təhsil müəssisələri üzrə 34 min 995 uşa­ğın təlim-tərbiyəsi ilə 4 min 375 tərbiyə­çi-müəllimin məşğul olacağı gözlənilir. Ümumi təhsil məktəbləri üzrə isə 447 min 962 şagirdin təhsil alması, 28 min 410 müəllimin çalışması nəzərdə tutulur.

Uşaqların intellektual, fiziki və psixo­loji inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətləri­nin üzə çıxarılmasını, sağlamlıqlarının qorunmasını, estetik tərbiyəsini təmin etmək məqsədilə 278 paytaxt məktə­bində yaradılmış 1073 məktəbəhazırlıq qruplarına 26 min 603 beşyaşlının cəlb olunması proqnozlaşdırılır. 2023–2024-cü tədris ili üzrə 44 min 200 şagirdin birinci sinfə elektron qeydiyyatı həyata keçirilib. Onlardan 43 min 876 şagird ümumi təhsil məktəbləri üzrə, 324 şa­gird isə lisey və gimnaziyalar üzrə qey­diyyatdan keçib.

Ümumi təhsilin təşkili məsələsinə gəlincə, təhsilalanların azər­baycançılıq məfkurəsi və bəşəri dəyərlər ruhunda tərbiyəsi, qlobal səriş­təliliyin formalaşdırılması (dil bacarıqla­rı, hüquq və vəzifələr, həyati bacarıqlar və s.), həssas qruplarla, valideynlərlə mərkəzləşdirilmiş işin təşkili, ətraf mü­hitin qorunması və sağlam həyat tərzi­nin formalaşdırılması qarşıya qoyduğu­muz məqsədlərdən biridir. 

Bu mənada Elm və Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin həyata keçirdiyi layihələr müasir, intel­lektual, vətənpərvər və geniş dünya­görüşlü gəncliyin formalaşmasına tə­kan verir. Ötən tədris ilində sözügedən istiqamətlərin hər biri üzrə layihələr, müsabiqə və yarışlar, görüşlər və s. keçirilib ki, bu da səmərəliliyin artırılma­sında mühüm rol oynayır. Həqiqətən də icra olunan bu fəaliyyətlər bir daha onu göstərir ki, layihələr ideyadan nəticəyə doğru istiqamətlənməkdə ən uğurlu platformadır.

Ötən tədris ilində 1939 şagirdimiz fərqlənmə attestatlarına layiq görülüb. Daha yüksək dərəcəyə layiq görülən XI sinif məzunlarımızın 18-i qızıl, 6-sı gü­müş nişanla təltif edilib. 56 sinif ali mək­təbə qəbulda 100 faiz nəticə göstərib. Təhsilverənlərin və idarəedici heyətin peşəkarlığının artırılması istiqamətin­də də müvafiq fəaliyyətlər icra olunub. Çünki təhsilimizin inkişafı üçün qabaq­cıl təcrübəyə malik, istedadlı, peşəkar müəllimlərə hər zaman ehtiyac var. Sürətlə dəyişən dövr müəllimdən yeni axtarışlar, yeni yanaşmalar tələb edir.

Yeni dərs ilinə hazırlıq çərçivə­sində paytaxt məktəblərinin inf­rastrukturunun yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər görülüb, maddi-texniki bazanın gücləndirilməsi, təhsil müəssisələrində əsaslı təmir işlə­rinin aparılması davam edib. Prezident İlham Əliyevin xüsusi qayğısı sayəsin­də təhsil ocaqlarının təmir-tikinti işləri intensiv şəkildə həyata keçirilir. Son illər bu istiqamətdə səmərəli işlər görülüb. 

Bir sıra məktəblər əsaslı təmir edi­lib, ehtiyac olan ərazilərdə yeni məktəb binaları və tədris korpusları inşa edilib, mühəndis-kommunikasiya işləri həyata keçirilib. Belə ki, 2023–2024-cü tədris ilinə hazırlıq çərçivəsində 50 ümumi təhsil məktəbində, 30 məktəbəqədər təhsil müəssisəsində cari təmir işlə­ri aparılıb, həmçinin 1 məktəbdə və 5 məktəbəqədər təhsil müəssisəsində əsaslı təmir işləri aparılır, 3 ümumi təh­sil müəssisəsində isə əsaslı təmir-ti­kinti işlərinin görülməsi nəzərdə tutu­lur. Məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi, müvafiq müəssisələrə cəlb olunan uşaqların sayının artırılması tədbirləri çərçivəsin­də 2023-cü ilin iyul ayında Bakı şəhəri Hövsan qəsəbəsində 13 və 14 nömrəli uşaq bağçaları istifadəyə verilib.

Dərsliklərlə təminat məsələsinə gəlincə, yeni dərs ilinə hazırlıq çərçivəsində paytaxtdakı təhsil müəssisələri dərsliklərlə təmin olunub. BŞTİ-nin tabeliyindəki təhsil müəs­sisələri üçün 1 milyon 854 min 703 ədəd dərslik yerlərə çatdırılıb.

Vahid məktəbli geyimləri məsələ­sinə gəlincə iosə deyim ki, eyni görü­nüşə malik məktəbli forması şagirdlər arasında bərabərliyi təşviq edir. Mək­təblərdən alınan rəylərə əsasən deyə bilərik ki, valideyn və uşaqlarda vahid məktəbli geyiminə kifayət qədər maraq var. Mütləq əksər valideynlər övladları­na məktəbli geyimi almağı həm maddi, həm də vizual-estetik baxımdan daha məqbul hesab edirlər. 

Xatırladım ki, Nazirlər Kabinetinin qərarına əsasən, ölkənin ümumi təhsil müəssisələrində vahid məktəbli geyi­mi tətbiq edilir. Həmin qərara əsasən, məktəblər tərəfindən 4 nümunədə ge­yim formasından biri seçilib. Paytaxt ərazisində məktəbli geyimlərini əldə et­mək üçün 34 məntəqə mövcuddur. Va­lideynlər özlərinə yaxın olan və ya öz­lərinin məsləhət bildikləri məntəqədən övladları üçün müvafiq geyimi əldə edə bilərlər. Həmçinin valideynlər öz istək­lərinə uyğun olaraq məktəbli geyimini sifarişlə tikdirə də bilərlər.

Nəhayət, 2023–2024-cü təd­ris ilinin hədəfləri barədə. Bakı şəhər müəllimləri, təhsil işçiləri ilə ənənəvi sentyabr konfransında da xüsusi vurğulandı ki, bizi qarşıda daha böyük və məsuliyyətli işlər gözləyir. Bu, məzmunun yenilənməsi, tədrisin təşki­li, keyfiyyətin artırılması, münasibətlə­rin tənzimlənməsi, yeniliklərin tətbiqi, təşəbbüskarlıq, mövcud imkanlardan səmərəli istifadə və digər çoxsaylı is­tiqamətlərdir. Hədəflər konkret olaraq məktəbəqədər təhsilin əhatə dairəsi­nin genişləndirilməsi, ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi, rəqəmsal səriştələrin artırılması, XXI əsr bacarıq­larının inkişaf etdirilməsidir. 

Sonda qeyd etmək istərdim ki, bu tədris ilinə də Qarabağa Böyük Qa­yıdışın həyəcan və sevinci ilə qədəm qoyuruq. Elə dekabr ayında keçiriləcək Azərbaycan müəllimlərinin növbəti XVI qurultayına da bu əhval-ruhiyyə ilə ge­dirik. 

Mehriban VƏLİYEVA,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri



Təhsil