Azərbaycanın sərbəst, yunan-Roma güləşi və qadın güləşi üzrə millilərinin Serbiyanın paytaxtı Belqradda sentyabrın 16-da start götürəcək dünya çempionatı üçün heyətləri açıqlanıb.
Yarışda 10-u sərbəst, 10-u yunan-Roma, 6-sı isə qadın güləşçi olmaqla, ümumilikdə 26 idmançı mübarizə aparacaq. Builki dünya çempionatına millimizin hazırlığı necə qiymətləndirilir?
Sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Xetaq Qazyumov jurnalistlərə müsahibəsində mundiala yüksək heyətlə yola düşəcəklərini deyib. O qeyd edib ki, yarışda Olimpiadaya minimum 6 lisenziya qazanmağı hədəfləyib.
Baş məşqçi qeyri-olimpiya çəkilərində, əsasən, gənclərə üstünlük verdiklərini vurğulayıb: “Olimpiya çəkilərində təcrübəli güləşçilər mübarizə aparacaqlar. Avropa çempionumuz Əliabbas Rzazadədən (57 kq) minimum olimpiadaya lisenziya qazanmağı gözləyirəm. Maksimum nəticə göstərərsə, dünya çempionu ola bilər. Üçqat dünya çempionu Hacı Əliyevin (65 kq) böyük potensialı var. Hazırda çox yaxşı formadadır və düşünürəm ki, hansısa problem onun yenidən dünya çempionu olmasına mane olmayacaq”.
Xetaq Qazyumov Turan Bayramov, Abubakr Abakarov (86 kq), Maqomedxan Maqomedov (97 kq) və Georgi Meşvildişvilidən (125 kq) də yüksək nəticələr gözlədiyini bildirib. Qeyd edib ki, istər olimpiya, istərsə də qeyri-olimpiya çəkilərində maksimum nəticəni hədəfləyirlər. Bunun üçün güləşçilər potensiallarından maksimum istifadə etməlidirlər.
Azərbaycan millisinin lideri Hacı Əliyev (65 kq) komanda yoldaşlarının hər birisinin yaxşı formada olduğunu deyib. Vurğulayıb ki, yığma ilboyu həm ölkə xaricində, həm də Vətəndə birlikdə təlim-məşq toplanışı keçib. Güləşçi özünün yaxşı formada olduğunu da bildirib: “Düşünürəm ki, yaxşı formadayam. Yarışa tam tam hazıram və uğurlu nəticə əldə etmək üçün əlimdən gələni edəcəyəm.
Əsas hədəf dünya çempionu olmaq və Olimpiya Oyunlarına lisenziya qazanmaqdır”.
Qadın güləşi üzrə millinin baş məşqçisi Semyon Şterev də yarışa hazırlıqla bağlı təəssüratlarını bölüşüb. O qeyd edib ki, yarışda Mariya Stadniklə (50 kq) yanaşı, Jalə Əliyeva (57 kq) və Elis Manolovadan (62 kq) da yaxşı nəticə gözləyirlər: “Ölkə xaricində bir neçə təlim-məşq toplanışı keçmişik, yarışlarda iştirak etmişik. Güləşçilərimizin uğurla çıxış edəcəklərinə inanırıq”.
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Aleksandr Tarakanov dünya çempionatından mümkün qədər çox olimpiya lisenziyası ilə qayıtmaq istədiklərini deyib: “Ötənilki dünya çempionatındakı nəticəni yaxşılaşdırmaq istəyirik. Yarışda qızıl medal qazanmaq böyük əhəmiyyət daşıyır. Komandamızın üzvləri çempionata yaxşı hazırlaşıblar. Bu yarışdan sonra daha çox lisenziya xarakterli turnirlər olacaq. Güləşçilərimiz özlərinə əmindirlər. Düşünürük ki, nəticə yaxşı olacaq”.
Qeyd edək ki, sentyabrın 16-24-ü aralığında keçiriləcək dünya çempionatında Azərbaycanın 6 qadın güləşçisi mübarizə aparacaq.
L.QURBANOVA
XQ