Vətənə sipər oğul

post-img

44 günlük Vətən müharibəsindən sonra ən qanlı toqquşma kimi tarixin yaddaşına köçən sentyabr döyüşləri... Keçən ilin bu günü idi. Məzuniyyətimin ilk günlərini Astara şəhərində qızlarımın ata-babasının evində keçirməyi qərara almışdıq. Bir həyətdə 3 evdə yaşayan Qurbanovlar ailəsində əmiuşaqları adəti üzrə bir yerə toplaşıb olub-keçənlərdən danışırdılar. 

Gələn xəbərlər bu dəfə çox ağır idi. Artıq Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan – Ermənistan dövlət sərhədində genişmiqyaslı təxribat törətməsi ilə bağlı Müdafiə Nazirliyi xəbər yaymışdı. Sərhəd zonasında hərbi xid­mətdə olan Cəmil Qurbanzadədən isə bir neçə gün idi ki, xəbər yox idi. Atası özünü toxtaq aparsa da, anası özündə deyildi. Cəbhədən gələn xəbərlərdə Azərbaycan Ordusunun şəxsi heyəti arasında itkilərin olduğu bildirilirdi. Ana 19 yaşlı Cəmilin tərxis olunmasına 18 gün qaldığını tez-tez təkrarlayırdı: “Lap az qalıb. Oğluma nəsə olsa, dəli olaram. Bilirəm sağdır, qayıdacaq”. 

Küçə qapısına avtomobillərin yığış­ması, bura gələnlərin izdihama çevrilməsi bizi həyəcanlandırdı. Cəmilin Vətən uğ­runda şəhadətə ucalması xəbərini el-oba eşitmişdi. Vətənin dar günündə öz canını fəda edərək haqqın dərgahına ucalan qəhrəman üçün tökülən göz yaşları qəlb­ləri didirdi. “Düşmən fəryadımızı görmə­sin, duymasın”, – deyə hamı lal sükut içində qəm dəryasına qərq olmuşdu. Qur­banovların tanımadığı insanlar bir gecənin içində sanki doğmalaşmışdılar. Yüzlərlə insan müqəddəs şəhidi gətirəcək yoldan gözlərini çəkə bilmirdi. 

16 sentyabr. Saysız-hesabsız insan selində Azərbaycanın müqəddəs bayra­ğına bükülmüş şəhid tabutu küçə qapı­sından ağır-ağır həyətə gətirildi. Torpağı vətənə, vətəni isə qibləgaha çevirən şə­hid ocağına insanlar iman gətirmək üçün tələsirdi. Heç kim “Cəmil öldü” sözünü dilinə almaq istəmirdi. O günlərdə “Şə­hidlər ölməz, Vətən bölünməz”, – şüarı yeri-göyü titrədirdi. 

Şəhid atası Anar Qurbanovun de­dikləri: “Övladlarımı vətənpərvər ruhda tərbiyə etmişəm. Oğlum Cəmil bu torpaq uğrunda şəhid olub, Vətən sağ olsun! Bir Cəmil yox, min Cəmil fəda olsun bu tor­pağa! Yetər ki, mənim Vətənim yaşasın! Burada mənim anam, bacım, iki qızım var. Milyonlarla qadınların simasında ba­cılarım var. Mən oğlumu ona görə böyüt­müşəm ki, Vətənimi qorusun”. 

O bunu deyəndə özünü çox məğrur tutmuşdu. Sanki, övladının Vətən yolun­da şəhid olması ilə fəxr edirdi. 

Oğul dağı, oğul yarası ağırdır, şəhid atası! Ondan da ağır Vətən yüküdür! Dünyanın özü qədər ağır olan bu yükü isə böyük ürəkli insanlar daşıya bilərlər!

Qeyd edək ki, Cəmil Qurbanzadə 2003-cü il aprelin 27-də Astara şəhərin­də anadan olub. 2 saylı tam orta məktəbi bitirdikdən sonra 2020-ci ildə Azərbay­can Dövlət İdman Akademiyasının qiya­bi şöbəsinə daxil olub. 2021-ci ilin aprel ayında hərbi xidmətə yola düşüb. Ailədə 2 bacının tək qardaşı olub. Subay idi. 2022-ci il sentyabrın 13-də Azərbaycan Ordusunun həyata keçirdiyi Azərbaycan – Ermənistan sərhəd toqquşması zamanı şəhid olub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hər­bi hissə qarşısında qoyulmuş tapşırıqla­rın icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Cəmil Qur­banzadə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

Leyla QURBANOVA
XQ

Sosial həyat