Dünən xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Cenevrə bölməsində yeni dizayn və konsepsiya əsasında bərpa olunmuş “Azərbaycan” otağının açılışını edib. Mərasimdə BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya, bir sıra ölkələrin Cenevrədəki daimi nümayəndələri iştirak ediblər.
Nazir Ceyhun Bayramov və baş direktor Tatyana Valovaya BMT-nin Cenevrədəki Ofisinin səmərəli fəaliyyət göstərməsi üçün “Azərbaycan” otağının olduqca faydalı töhfə olduğunu vurğulayıblar.
2007-ci ildə Heydər Əliyev Fondu tərəfindən yaradılan otağın ötən il təmirinə başlanıb. Ən yüksək texnologiyalar əsasında təmir edilən otaqda çox sayda monitor, kamera, audio-video avadanlıq və aksesuar quraşdırılıb. Otaq, həmçinin qabaqcıl proqramlaşdırma ilə təmin olunub. Yaradılan texnoloji həllər qlobal şəkildə sinxronlaşdırılmış görüşlərin, təqdimatların və iclasların keçirilməsinə imkan verir.
Layihə Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib. Xatırladaq ki, BMT-nin Cenevrə Ofisində çox az sayda ölkə öz otağını yaratmağa nail olub. Ölkə otaqları BMT-nin müxtəlif tədbirləri zamanı fərqli sessiyaların, iclasların və müxtəlif formatlı görüşlərin keçirilməsi üçün istifadə olunur.
XQ