Ədəbiyyat dərslikləri yeni nəslin bədii zövq qaynağıdır

post-img

Azərbaycan dilinin tədrisi sahəsində elmi-pedaqoji tələblərə müvafiq ilk dərsliklər XIX əsrin ortalarında meydana gəlib. Mirzə Kazımbəyin “Türk-tatar dilinin qrammatikası” bu sahədə “ilk qaranquş” olub. Ardınca daha bir neçə belə dərslik çıxıb. 

Həmin dövrlərdə dövlət məktəblərində təhsil alan şagirdlərin bütöv bir nəsli həmin kitablardan Azərbaycan dilini öyrəniblər. 

Sonralar dərslikləri Süleyman Sani Axundov, Fərhad Ağazadə, Abdulla Əfəndizadə, Hacı Kərim Sanılı, Əhməd Seyidov kimi müəllim–metodistlər  daha da təkmilləşdiriblər. Dərslik yaradıcılığı tarixində Firudin bəy Köçərli ("Vətən dili"), Rəşid bəy Əfəndiyev ("Uşaq bağçası"), Seyid Əzim Şirvani ("Məcmuəyi-asari-Hacı Seyid Əzim Şirvani") kimi pedaqoq və ədiblərimiz xüsusi fəaliyyət göstəriblər. Həsən bəy Zərdabi uşaqların yaşına və bilik səviyyəsinə uyğun olan dərs kitablarının yaradılması zərurətini önə çəkib. Böyük maarifçi ilk uşaq mahnı mətnlərindən ibarət “Türk nəğmələri” toplusu nəşr edib.

Sovet dönəminin dərs proqramları bütün müsbət və mənfi cəhətləri ilə müəyyən bir sistemə tabe olub.  Müstəqillik dövründə buraxılan tədris vəsaitlərində pərakəndəlik hiss edilib, zaman-zaman bəzi qüsurlarla bağlı müzakirələr aparılıb, problemlər qabardılıb. Ən çox da “Ana dili” və “Ədəbiyyat” dərslikləri saf-çürük edilib. Bu da təbiidir, çünki proqrama salınan bədii material o qədər qüsursuz olmalıdır ki, şagirdlərin mənəvi inkişafına, nitqinin və bədii zövqünün təkamülünə xidmət etsin.    

Söhbət etdiyimiz elm və sənət adamları bu mövzunun müxtəlif aspektlərinə toxunsalar da, belə bir fikirdə yekdildirlər ki, şagirdlərə keçilən dil və ədəbiyyat dərsləri onların “ağ vərəq” olan yaddaşını bir ömürlük faydalı həyat bilgiləri əsasında formalaşdırmalıdır. Uşaqların ana dilini sevib, qədrini bilmələri, milli ruhda böyümələri, vətənpərvər olmaları, ilk növbədə, bundan asılıdır.  

Sentyabr ayının əvəlində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə ölkəmizdə ilk dəfə keçirilən Azərbaycan Dili və Ədəbiyyatı Forumu bu sahədə cari vəziyyətin nəzərdən keçirilməsi, perspektiv üçün konkret vəzifələrin müəyyənləşdirilməsi baxımından faydalı olub. Qərara alınıb ki,  forum çərçivəsindəki fikir və təkliflər ümumiləşdirilərək “Azərbaycan mədəniyyəti – 2040” Dövlət Proqramında əksini tapsın. 

Çıxışlarda dərsliklərlə bağlı  iradlar forumda iştirak edən Elm və təhsil naziri Emin Əmrullayevin nəzərinə çatdırılıb.  

Yazıçılar Birliyinin “Azərbaycan” jurnalının şöbə müdiri, şair Qəşəm Nəcəfzadə müzakirələrdə ədəbiyyat dərsliklərindəki nöqsanlar barədə söylədiklərini bizimlə söhbətdə gündəmə gətirərək bildirdi ki, dərsliklərdə ədəbi mətn və şeirlərin daha mükəmməl olması arzuediləndir:    

– Bu mətnlər şagirdlərə lazımi bilik vermir. Tanınmayan, müəlliflərin imzası ilə gedən şeirlərdə vəzn, bölgü, qafiyə prinsipi pozulmuş olur. Məsələn, 2-ci sinif "Azərbaycan dili" dərsliyində Ləman Həsənlinin "Nağıl olmaq istəyirəm" şeiri verilib:

 

Bir gün nağıl olsam əgər,

Bir nənənin ürəyindən

Az gedərəm, üz gedərəm,

Dərə, təpə düz gedərəm.

Balaların gözlərinə

Yuxu olub dolaram mən...

Göründüyü kimi, burada nə bədii forma var, nə də məzmun. Dərsliklərdə belə bəsit nümunələr az deyil. Yəqin ki, dərslik yazanlar zəhmət çəkib, daha sanballı nümunələr seçə bilərdilər. Əlbəttə, dərsliyə salınan şeir və hekayə nümunələri konkret proqram tapşırıqlarına uyğun gəlməlidir. Amma bu, o demək deyil ki, şeirlər və mətnlər məzmunsuz olmalıdır. Tapşırığa uyğun bədii nümunə yüz şeirin içərisindən seçilməlidir. Amma bəzən dərslik çap edənlər özlərindən cavaba uyğun şeir quraşdırırlar.

Onu da qeyd edək ki, həmsöhbətlərimizin bəziləri dərslik məsələsində tanışlıq, üzgörənlik kimi halların da olduğunu söyləyərək, bunu yolverilməz saydılar. İstənilən odur ki, səslənən iradlar nəzərə alınsın və dərsliklərin hamısı arzuolunan səviyyədə buraxılsın. Şablon xarakterli, bəsit nümunələr dərsliklərə salınmasın.  

Moskvada yaşayan yazar Afaq Şıxlının fikrincə, dərsliklərlə məşğul olan şəxslər bir uşaq həkimi qədər məsuliyyət daşıdıqlarını bilməlidirlər. Doğrudan da, pediatrın kiçicik bir səhvi ucbatından uşaqların səhhətinə elə ziyan vurula bilər ki, aradan qaldırılması çətin olar.    

Naşirlər isə deyirlər ki, ədəbiyyat dərsliklərində əsas tədris obyekti mətndir. Yəni uşaq mətni necə qavrayır, oradakı bədii ifadə və bədii təsvir vasitələrini necə duyur, əsas fikir və ideyanı müəyyənləşdirə bilirmi və s. Mübahisə etmirik, amma uşağın bədii zövqü, gələcək həyata hazırlığı da vacib amillərdir və verilən mətnlərin səviyyəsi burada az rol oynamır. 

Sağlığında tez-tez redaksiyamıza baş çəkən mərhum dostumuz, filologiya elmləri doktoru, professor  Buludxan Xəlilov böyüyən nəslin qüsursuz inkişafında dərsliklərin sanbalına önəm verməyi zəruri sayırdı: “Vaxtilə uşaqların dil və ədəbiyyat zövqünün formalaşmasında “Keçi”, ”Xoruz”, ”Dovşan” və s. şeirlərin rolu əvəzsiz olub. Demirik, indi bunlar kor-koranə təkrarlansın, sadəcə, yenilənmə sırf elmi-pedaqoji aspektdə aparılsın. Dərsliklərə ədəbiyyat tarixində oturuşmuş yazıçılar, şairlər daxil edilsin. Yaxşı olar ki, ibtidai siniflərdə onların yaradıcılığının motivləri əsasında uşaqların anlaya biləcəyi hekayələr, materiallar verilsin. Belə olarsa, uşaqlar düzgün təməl üzərində Nəsimini, Füzulini və digərlərini daha yaxşı öyrənə bilərlər”. 

Buludxan müəllim, eyni zamanda, elektron resurslarının uşaqların yaş səviyyəsinə uyğun olan cizgi filmləri, uşaq filmləri, uşaqların başa düşəcəyi ədəbi-bədii materiallarla yüklənməli olduğunu vurğulayaraq deyirdi ki, saatlarla mobil telefondan, planşetdən əl çəkməyən uşaqlar mənasız oyunlarla vaxtlarını itirir, gələcəkdə onların həyatında mühüm rol oynayacaq bilgilərdən uzaq düşürlər. Buna görə də kompüterlər bilgi dolu, gərəkli ədəbi materiallarla yüklənsə, yaxşı olar.

Bəzi dərsliklərin təqdim etdiyi şeirə bənzər nümunələrin müəlliflərinin kim olduğu sirr kimi qalır. Məsələn, N.Həsənov imzası müəllif haqqında heç nə demir. Halbuki, bizim yetərli qədər yaxşı şairlərimiz var ki, gözəl uşaq ədəbiyyatı nümunələri yaradırlar. Nə onların yaradıcılığına müraciət olunmasın? Bu məsələ qabardılanda bəzi naşirlər mətnlərin seçimində dərsliklərin konsepsiyasından irəli gələn meyarlarla əlaqələndirir, iradları isə şəxsi qərəzlik, ambisiya kimi dəyərləndirirlər. Bu isə ümumi işin ziyanına işləyir.     

Əlbəttə, dərsliklər ilbəil təkmilləşir. Bu nəşrlər Elm və Təhsil Nazirliyində ekspert süzgəcindən keçirilir. Bəzən lazımi qədər ədəbi nümunə tapılmayanda dünya ədəbiyyatına da üz tutulur. Fikrimizcə, burada da elə bir qəbahət yoxdur. Axı, heç də hər bir yaxşı əsər dərsliyə salmaq üçün uyğun gəlmir.   

Jurnalistlərə müsahibəsində “Altun Kitab” nəşriyyatının direktoru, dilçi-alim Rafiq İsmayılov bildirib ki, əvvəlcə dərsliklər hazırlanaraq sınağa təqdim olunur, ondan sonra 2-ci sınağa verilir və 2 ildən sonra ümumtəhsil müəssisələri üçün dərslik formasında kütləvi çap olunaraq məktəblərə paylanılır. Bəzən “Ədəbiyyat” dərsliklərində verilən mətnlər sadələşdirilir, bəzən də ixtisar edilir. Bizcə, burada elə bir qəbahət yoxdur. Təki, şagirdlər dərsi mükəmməl qavraya bilsinlər.

Xatırladaq ki, Təhsil İnstitutunun bazasında “Dərsliklərin Müstəqil Monitorinq Mərkəzi” yaradılıb, çapdan əvvəl dərsliklər ictimai müzakirəyə çıxarılır. Mütəxəssislərin bəziləri isə, ümumiyyətlə, dərslik siyasətinin dəyişilməli olduğunu iddia edir, bədii mətnlərin seçilib dərsliklərə salınmasına xüsusi işçi qrupunun  baxmalı olduğunu söyləyirlər. 

Bizcə, Azərbaycan dili və ədəbiyyat dərslikləri ilə bağlı müxtəlif fikirlərin ortaq məxrəci tapılmalıdır ki, tədrisin keyfiyyəti daha da yüksəlsin. Mövcud kurikulumun başlıca tələbi də ondan ibarətdir ki, şagirddə nitq mədəniyyəti, danışıq qabiliyyəti və ədəbi zövq lazımi səviyyədə olsun.  

 

Əli NƏCƏFXANLI
XQ

 

Təhsil