Animasiya Festivalı sona çatdı

post-img

Nizami Kino Mərkəzində Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı,  Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyilə uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş ənənəvi 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı öz işinə yekun vurdu. 

Festivala Avropa və Asiyadan xüsusi qonaqlar – rejissorlar və animatorlar Məsud Pənahi (Azərbaycan, Almaniya), Kireet Khurana (Hindistan), Matthew Lyon (Kanada) və Michaёl Dudok de Wit (Niderland krallığı, qatılmışdılar. Festivalın beynəlxalq münsiflər heyətində isə 6 xarici peşəkar animatorlar - Isabelle Favez (İsveçrə), İsmayıl İman (Azərbaycan), Ana Chubinidze (Gürcüstan), Oktai İusibov (Azərbaycan, Finlandiya), Olivier Catherin (Fransa) və Tehzeeb Khurana (Hindistan) yer almışdı. Festivalın beynəlxalq müsabiqəsinin “Ən yaxşı qısametrajlı animasiya filmi” – Qran-pri mükafatına çinli rejissor Lei Chenin “Müharibənin sonu” (The End of War) filmi layiq görüldü.

Beynəlxalq müsabiqənin “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” kateqoriyası üzrə honqkonqlu rejissorlar Step Cheung və Kai Chung Ngin “Hər bir yerdə” (Everywhere) filmi qalib adını qazandı. 

Festivalın yerli müsabiqəsinin “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” kateqoriyası üzrə mükafatına isə rejissor Aleksandra Şirinovanın “Baharın oğurlanması” (Stolen Spring) filmi layiq görüldü. Bu kateqoriya üzrə digər qalib rejissor Rəvan Muradovun “Birdən ölsək” (The Half – If WeDie) filmi oldu. "Ən yaxşı Azərbaycan tələbə qısametrajlı animasiya filmi" kateqoriyası üzrə rejissor Ayan Novruzlunun “Boş yerlər” (Empty Spaces) filmi qalib gəldi. Film, həmçinin tamaşaçı seçimi müsabiqəsinin də qalibi adını qazandı.

İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin dəstəyi ilə həyata keçirilən “Animasiya filmləri vasitəsilə qadın haqları” adlı vörkşop və maliyyə proqramı layihəsi üzrə rejissor Mehriban Əliyevanın “Züleyxa Seyidməmmədova” filmi birinci, rejissor Leyla Novruzovanın “Üzük” (Ring) filmi isə ikinci yerə layiq görüldü. 

Sonda festivalın direktoru, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev və kreativ direktor Nəzrin Ağamalıyeva çıxış edərək festivalın bütün dəstəkçilərinə və heyətinə minnətdarlıqlarını bildirdilər.

Festivalda ümumilikdə uşaqlar və böyüklər üçün çəkilmiş 64 müxtəlif animasiya filmi nümayiş etdirildi. 

Festival günlərində isə dünyanın ən yaxşı animatorlarından olan “Oscar” mükafatı qazanmış Niderland əsilli rejissor və illüstrator Maykl Dudok de Vitin “Ata və Qız” (Father and Daughter) “Ən yaxşı qısametrajlı animasiya filmi” ilə yanaşı,  Yaponiyanın tanınmış animasiya şirkəti “Studio Ghibli” ilə birgə çəkdiyi, “Oscar” mükafatına namizəd olmuş “Qırmızı tısbağa” (The Red Turtle) filmi nümayiş  olundu. Bundan əlavə, tanınmış rejissorun festival zamanı “Yaradıcılıq” və “Film dili və hekayə anlatması” adlı iki fərqli master-
klasları keçirildi. 

“Klassik Azərbaycan animasiya filmləri” tədbirində isə Məsud Pənahinin iştirakı ilə onun əfsanəvi “Pıspısa xanım və Siçan bəy” (Tıq-Tıq Xanım) filminin nümayişi və müzakirəsi keçirildi.

Festivalın peşəkar proqramı çərçivəsində “Hədis” filminin rejissoru Nəzrin Ağamalıyeva və ssenaristi İsmayıl İmanın iştirakı ilə “ANIMAFILM School: “Hədis” necə istehsal olunub” adlı master-
klası təşkil edildi.

Beynəlxalq münsiflər heyətinin üzvləri – Tehzeeb Khurana və Ana Chubinidze isə uşaqlar üçün xüsusi vörkşoplarda animasiya nümunələri yaratmağı öyrətdilər. 

Hindistanın AniMela festivalının direktoru Kireet Khurana tamaşaçılar üçün “Mükafata layiq görülmüş ən yaxşı Hindistan animasiya filmləri” proqramını  təqdim etdi.

Festivalın sponsorları “PERİ FİLM” MMC şirkəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Kino Agentliyi, əsas sponsoru isə İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi idi. Festivalın digər sponsorları Niderland Krallığının Azərbaycandakı Səfirliyi və “TOTD/Tip Of The Day” icma mərkəzidir.

Fidan HÜQUQQIZI
XQ

 











Mədəniyyət