DOST Agentliyində “DOST xidmətlərinin əlçatanlığı” mövzusunda ictimai dinləmə keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən XQ-yə verilən məlumata görə, tədbir “İctimai iştirakçılıq haqqında” qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil edilib.
Dinləmədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə yanaşı, digər vətəndaş cəmiyyəti nümayəndələri də iştirak ediblər.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov tədbirdə çıxış edərək xidmətlərin əlçatanlığının artırılması, vətəndaş məmnunluğunun yüksəldilməsi və xidmət keyfiyyətinin davamlı təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
Fərid Məmmədov bildirib ki, 2026-cı il üzrə DOST mərkəzlərində vətəndaş məmnunluğu 99 faizdən yüksək, DOST Çağrı Mərkəzi 142 üzrə isə məmnunluq 95 faizdən yuxarı təşkil edib. Agentliyin ümumi fəaliyyət dövrü üzrə kumulyativ məmnunluq səviyyəsi isə 98 faizdən çox olub.
Daha sonra mövzu ilə bağlı təqdimat nümayiş olunub. Təqdimatda qeyd edilib ki, DOST mərkəzləri üzrə 2019–2026-cı illərdə ümumilikdə 4 milyondan çox xidmət göstərilib, 2026-cı ildə isə 200 mindən çox xidmət icra olunub. DOST Çağrı Mərkəzi 142 üzrə ümumi fəaliyyət dövründə 8 milyondan çox müraciət qeydə alınıb, 2026-cı ildə isə müraciətlərin sayı 350 mindən çox olub.
Tədbirin yekununda ictimaiyyət nümayəndələrinin fikirləri dinlənilib, səsləndirilən rəy və təkliflər üzrə müzakirələr aparılıb. Qaldırılan məsələlərin diqqətdə saxlanılacağı və ictimai iştirakçılıq mexanizmləri çərçivəsində əlaqənin davam etdiriləcəyi vurğulanıb.

