Yurdun bu cənnətmisal bölgəsi yeni dövrana üz tutub
Quba Azərbaycanın ictimai-siyasi, mədəni həyatında xüsusi yeri və rolu olan bölgədir. Əlverişli coğrafi şəraiti, bolsulu çayları, bərəkətli torpaqları, barlı-bəhərli meyvə bağları var bu yurdun! Şairlər Qubanın hüsnünə şeirlər yazıblar, bəstəkarlar nəğmələr bəstələyiblər. Təbiətin bəxş etdiyi bir çox üstünlüklərlə bərabər, Qubanın ən böyük sərvəti, əlbəttə, bu rayonun sadə, halal əmək adamlarıdır. Onların hər biri Vətənə və milli dövlətçiliyimizə qəlbən bağlı insanlardır.
Quba bineyi-qədimdən qonaqlı-qaralı yer olub. 1825-ci ilin fevralında Qafqaza sürgün edilən dekabrist-yazıçı Aleksandr Bestujev-Marlinski Qubadan Şamaxıya gedərkən qaçaq dəstəsinin başçısı Molla Nur ilə Təngə dağında təsadüfən rastlaşır və onun mərd, qeyrətli bir şəxs olduğuna əmin olur. Azərbaycanlıların həyatını yaxşı öyrənən yazıçı 1835-ci ildə qələmə aldığı məşhur “Molla Nur” povestində qəhrəmanının həyat tarixçəsini onun öz dilindən nəql edib. Yeri gəlmişkən, bu dəyərli əsəri dilimizə əslən Qubadan olan tanınmış publisist, BDU-nun professoru Tofiq Rüstəmov mükəmməl surətdə tərcümə edib.
Görkəmli fransız yazıçısı Aleksandr Düma 1858-ci ildə Qafqaza səfəri çərçivəsində Qubada olub və bu yerlərin füsunkar təbiəti və sakinləri haqqında xoş sözlər söyləyib. Sovet dönəmində isə dünyaşöhrətli Norveç alim-səyyahı Tur Heyerdal Qubanı ziyarət edərkən bölgənin fauna və florasının zənginliyinə heyran qaldığını gizlətməyib. Heç də təsadüfi deyil ki, bu gün Quba yerli və əcnəbi turistlərin sevib-seçdiyi məkanlardandır.
Qubanın Birinci və İkinci Qarabağ müharibələrində ağır döyüşlərdə qeyrət və hünər göstərən mərd, igid oğulları anamız Azərbaycanın əbədi qəhrəmanlıq səhifəsinə qanları və canları hesabına mübarək adlarını yazıblar. Rayondakı şəhid ailələri və qazilər həm dövlətimiz, həm də rayon rəhbərliyi və ictimaiyyətinin bir an azalmayan diqqət və qayğısı ilə əhatə olunub. Burada şəhid adı uca tutulur, qazilərimiz hörmət-izzət sahibidirlər! Bəli, Quba mərd, yurdsevər igidlərin Vətənidir!
Quba hazırda özünün iqtisadi və mədəni tərəqqi dönəmini yaşayır! Uca Şahdağın qarlı zirvələrinin ətəklərindən axıb gələn, yaz-yay, payız aylarında ərazidəki əkin yerlərinə həyat gətirən bolsulu Qudyalçayın sağ sahilində yerləşən Quba şəhəri isə insanların gözləri önündə gündən-günə yeniləşir, abadlaşır. Təkcə rayon mərkəzində deyil, kənd və qəsəbələrdə də infrastruktur layihələri uğurla icra edilir.
Hörmətli oxucular, “Xalq qəzeti”nin “Regionlar” səhifəsinin bu dəfəki ünvanı qədim və müasir, gündən-günə gözəlləşən Quba rayonudur! Söhbət qədim və müasir Qubanın yeni uğur hekayətini yazanların hünərvər əməllərindən gedir!
Dinamik inkişafın cizgiləri
Gəlin əvvəlcə Quba və qubalılardan hər zaman dərin hörmət və rəğbət hissilə danışan, burada hər kəsi özünə doğma bilən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovu dinləyək. İlqar müəllim bizimlə söhbətində, ilk növbədə, böyük qürur hissilə bildirdi ki, 1970-1980-ci illərdə rayonun sürətli inkişafında o dövrdə respublikaya rəhbərlik edən dahi siyasətçi Heydər Əliyevin danılmaz xidmətləri olub. Belə ki, məhz bu görkəmli dövlət xadiminin təşəbbüsü ilə rayonda qısa müddət ərzində yüksək məhsuldar, palmet meyvə bağları salınıb, eyni zamanda, çox sayda yeni istehsal müəssisələrinin fəaliyyətinə start verilib.
Ulu öndərin 1993-cü ilin iyununda xalqımızın israrlı tələbilə siyasi hakimiyyətə qayıdışından sonra Qubanın sosial-iqtisadi inkişafına diqqət və qayğı yenidən artırılıb. Dahi siyasətçi Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə Qubanı dəfələrlə ziyarət edib, hər dəfə çox sayda sadə, sıravi insanlarla səmimi görüşlər keçirib. Ümummilli lider hər dəfə qubalıların milli dövlətçiliyimizin qorunaraq güclənməsinə yüksək siyasi səbat və sədaqət nümayiş etdirmələrini yüksək dəyərləndirib.
İlqar Mahmudov, həmçinin fəxrlə vurğuladı ki, Quba rayonunun hərtərəfli inkişafı son 23 ildə daha da sürətlənib. Belə ki, Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Quba şəhərində və rayonun, demək olar ki, bütün kəndlərində son illər çox sayda infrastruktur layihələri icra olunub, əhalinin daimi iş yerləri ilə təmin olunmasında ciddi irəliləyişlər baş verib, sadə ailələrin maddi güzəranı daha da yaxşılaşıb.
Məlumdur ki, Quba iqtisadiyyatının əsasını ənənəvi olaraq meyvəçilik təşkil edir. Son illər rayonun meyvə bağlarında məhsuldarlığın yüksəldilməsi hesabına məhsul istehsalı xeyli artıb. Ətirli Quba meyvələrinin bağlardan toplanmasından tutmuş şəhərlərdə müştərilərə keyfiyyətli şəkildə çatdırılmasını təmin etmək məqsədilə rayonda onlarla iri meyvə soyuducu anbarı inşa edilib. Təqdirəlayiq haldır ki, Quba rayonunda son illər ərzində taxıl, tərəvəz və heyvandarlıq məhsulları istehsalında da yaxşı göstəriclər əldə olunub.
Qubaya bayramlar yaraşır!
Bir müddət əvvəl Azərbaycanın hər yerində olduğu kimi, Qubada da Novruz bayramı şənlikləri keçirilib. Quba RİH başçısı İlqar Mahmudov Novruz bayramı ilə bağlı təşkil olunan təntənələrdə çıxış edərək deyib:
– Əziz qubalılar, ötən Novruz bayramından keçən müddət ölkəmizin bütün sakinləri kimi, bizim üçün də uğurlu və yaddaqalan olub. Bu dövrdə rayonumuzda ictimai-siyasi və ideoloji sahələrdə, eləcə də tikinti, təmir, yenidənqurma və abadlıq istiqamətlərində işlər davam etdirilib. Rayonumuzda bir sıra mühüm tədbirlər keçirilib, çoxlu sayda yerli və xarici qonaqlarımız olub.
Rayonda “Frutena” MMC tərəfindən Meyvə konsentratı, meyvə şirəsi istehsalı və doldurulması müəssisəsinin tikintisi qısa müddətdə başa çatdırılıb, yollarda əsaslı təmir işləri həyata keçirilib, yeni yollar çəkilib, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən 4 iyun 2025-ci il tarixdə imzalanmış Sərəncama əsasən, Quba rayonunun Bakı – Quba – Rusiya Federasiyası ilə dövlət sərhədi (137 kilometr) – Çiçi – Səbətlər – Qənidərə - Sırt Çiçi – Təngəaltı avtomobil yolunun əsaslı təmiri başlanılıb. Quba şəhərindəki Nizami adına Mədəniyyət və İstirahət parkında yenidənqurma işləri aparılıb, rayon mərkəzindəki Şəhidlər xiyabanı yeni layihə əsasında yenidən qurulub.
Quba RİH başçısı, həmçinin bildirib ki, rayonda əhalinin mavi yanacaq, elektrik enerjisi, suvarma və içməli su ilə təchizatının, eləcə də rabitə xidməti ilə təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər icra edilib. Quba Peşə Liseyinin və Hacıhüseynli kənd tam orta məktəbinin yeni binalarının, Quba DOST və Peşə Hazırlığı Mərkəzinin tikintisi davam etdirilir, “Quba meydanı” Mədəniyyət və İstirahət Parkında əsaslı təmir işləri aparılır.
Azərbaycanın hər yerində olduğu kimi, Qubada da təhsilin inkişafına xüsusi önəm verilir. Yaxın gələcəkdə rayonun bir sıra yaşayış məntəqələrində yeni modul tipli məktəblərin quraşdırılması və digər layihələrin icrası nəzərdə tutulub. Quba RİH-in başçısı vurğulayıb ki, “qarşıda görüləsi işlərimiz hələ çoxdur və zərrə qədər şübhə etmirəm ki, bütün mövcud problemləri əziz Qubamızın hörmətli sakinləri ilə birgə səylərlə uğurla həll etmək mümkün olacaq!”.
Uzun illər Qubadakı Heydər Əliyev Mərkəzinə rəhbərlik etmiş, hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının baş müəllimi vəzifəsində çalışan, YAP fəalı, rayonun hörmətli ziyalılarından olan Elza Orucova ilə də Qubada həmsöhbət olduq. Elza xanım rayonda aparılan geniş tikinti-quruculuq və abadlıq işlərindən söz düşəndə dərin razılığını bildirərək dedi:
– Qubalılar əmindirlər ki, möhtərəm Prezidentimizin hərtərəfli dəstəyi, yerli icra qurumlarının qarşıya qoyulan məsul vəzifələrin həllinə məsuliyyətli yanaşması nəticəsində gözəl və əziz Qubamızın son illərdəki böyük uğur hekayəti bundan sonra da davam edəcək!
Qeyd etmək lazımdır ki, ixtisasca jurnalist olan Elza xanımın qəlbindən dilinə axan bu sözləri Quba əhalisinin böyük əksəriyyətinin fikir və düşüncələrini əks etdirir. Qubalılar rayondakı bu müsbət dəyişiklikləri təkcə müşahidə etmirlər, eyni zamanda, bu quruculuq və yeniləşmə prosesinin fəal iştirakçılarına çevriliblər. Düşünürəm ki, rayon sakinlərini yeni uğurlara motivasiya edən əsas amillərdən biri də məhz budur!
Amsar kəndində qəbul
Qeyd edək ki, Quba rayonu Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı uğrunda gedən döyüşlərdə, ümumilikdə, 277 nəfər şəhid verib, 62 nəfər Quba sakini isə itkin düşüb. 1990-cı ilin “Qanlı 20 Yanvar” faciəsində 4 nəfər qubalı Azərbaycanın suverenliyi uğrunda həlak olub. Xiyabanda uyuyan 32 nəfər Birinci Qarabağ müharibəsində şəhid olmuşdur. İkinci Qarabağ müharibəsində Vətənin azadlığı naminə həyatlarını itirən 57 qubalı şəhid də xiyabanda dəfn edilib.
Şəhidlərin məzarlarının üzərini daim tər çiçəklər, al qızılgüllər bəzəyir. Quba RİH başçısı İlqar Mahmudov, rayon rəsmiləri, ziyalılar həm Quba şəhərinin sakinləri, həm də kənd və qəsəbələrin əhalisi ilə hər bir görüşdən əvvəl bir qayda olaraq şəhid ailələrini, qaziləri ziyarət edir, onların qayğı və problemləri ilə yaxından maraqlanaraq meydana çıxan çətinliklərin müsbət həllinə nail olmağa çalışırlar. Yerlərdə mütəmadi görüşlər rayonda sağlam mənəvi ab-havanın formalaşmasına, vətəndaş məmnunluğuna səbəb olur.
Bu günlərdə Quba RİH başçısı İlqar Mahmudov Amsar kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların növbəti səyyar qəbulunu keçirib. Qəbulda Quba rayon prokuroru Namiq Muradov, Quba Rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov, həmçinin rayonun bir çox idarə, müəssisə və təşkilatlarının rəhbərləri də iştirak ediblər.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin operativ həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə müvafiq tapşırıqlar verilib. Səyyar qəbuldan sonra isə Quba RİH başçısı görkəmli şair, yazıçı, tarixçi alim Abbasqulu Ağa Bakıxanovun ev-muzeyi və Amsar kənd tam orta məktəbinin mövcud vəziyyəti ilə tanış olub, təmir işlərinin sürətləndirilməsi ilə əlaqədar bir sıra əməli göstərişlər verib.
Bu yerdə qeyd etmək lazımdır ki, böyük alim, mütəfəkkir Abbasqulu ağa Bakıxanovun Amsar kəndi ilə birbaşa əlaqəsi olub. Xatırladaq ki, Abbasqulu ağa 1794-cü il iyunun 21-də Bakının Əmircan kəndində anadan olub. Atası II Mirzə Məhəmməd xan Bakı xanları nəslindən, anası Sofiya xanım isə müsəlmanlığı qəbul etmiş gürcü qızı idi. Bakıxanov 8 yaşına qədər Bakıda yaşayıb, uşaqlığının ilk dövrünü Abşeronun Əmircan, Maştağa, Balaxanı kəndlərində keçirib
Abbasqulu ağa 1802-ci ildə atası ilə öz əmisi oğlu Hüseynqulu xanla aralarında yaranan kəskin münaqişə səbəbindən Qubaya, vaxtilə dayısı Fətəli xanın ona bağışladığı Amsar kəndinə köçməli olub. Abbasqulu ağa 1819-cu ilədək burada yaşayaraq yarımçıq qalan təhsilini davam etdirib. O, Qubada ərəb və fars dillərini mükəmməl öyrənib, bu dillərdə yazılmış xeyli ədəbiyyat oxuyub. Xatırladaq ki, Amsar kəndində Bakıxanovun ev-muzeyi 1999-cu il iyulun 7-dən etibarən fəaliyyət göstərir
Rayonda ən çox ziyarət olunan muzeylərdən biri də Prezident İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli sərəncamı ilə Quba şəhərində inşa edilmiş “Soyqırımı Memorial Kompleksi”dir. Kompleks 2012-2013-cü illərdə Quba şəhərində keçmiş stadion ərazisində inşa edilib və 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksin ümumi sahəsi 3,5 hektardır və 5 hissədən ibarətdir. İndiyədək buranı 60-dan çox ölkədən gələn on minlərlə turist və nümayəndə heyətlərinin üzvləri ziyarət ediblər.
Yeri gəlmişkən, lap son günlərin söhbətidir. 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Quba şəhərində ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin yaxınlığındakı ərazidə ağaclar əkilib.
Əgər Qubanı görməmisənsə...
Deyirlər ki, Xalq şairi Məmməd Rahim sağlığında yay aylarında adətən ailəsi ilə növbə ilə bir il Qubanı, növbəti il isə Göygölü ziyarət edərmiş. Vətənin bu iki dilbər guşəsinin qeyri-adi gözəlliyindən ilham alaraq yeni şeirlər yazarmış. Şairin məhz həmin səfərlərdən birinin təsiri ilə qələmə aldığı bu iki misra dillər əzbəridir:
Əgər Göygölü,
Qubanı görməmisənsə,
Demə kimi görmüşəm
Azərbaycanı!
Dahi rəssam Səttar Bəhlulzadə də bu yerlərin vurğunu idi, tez-tez Qubaya gələr, buranın əsrarəngiz gözəlliyini sonsuz bir həvəslə ağ kətana köçürərdi. Beləcə, Azərbaycan incəsənətinin şedevrləri yaranardı. Görkəmli fırça ustası “Amsar bağları”, “Qubanın alma bağları”, “Qudyalçayın sahilində” və s. əsərlərini məhz Qubaya unudulmaz səfərləri zamanı yaradıb.
Əlbəttə, Azərbaycanın gözəl guşələri təkcə Göygöl və Quba ilə bitmir. Ölkəmizdə gəzməli-görməli yerlərimiz o qədər çoxdur ki, onları saymaqla qurtarmaz. Bununla bərabər, etiraf edək ki, Qubanın turizm imkanları digər bölgələrimizlə müqayisədə nisbətən daha genişdir. Bir tərəfdən paytaxta məsafəcə yaxınlığı, o biri tərəfdən füsunkar təbii gözəlliyi, məğrur dağları, yaşıl ormanları, bumbuz bulaqları ilə Quba hər il on minlərlə yerli və əcnəbi turisti özünə cəlb edir.
Son illər rayonda çox sayda müasir, hər cür şəraiti olan otel və mehmanxanalar inşa edilib. Rayon mərkəzindən ən ucqar kəndlərə belə rahat yollar çəkilib. Əziz oxucular, Qubaya yolunuz düşsə, mütləq Qubanın ən böyük çaylarından olan Vəlvələçayın ətrafındakı kanyonvari dərənin yamacında, rayon mərkəzindən 42 kilometr məsafədə yerləşən Afurca şəlaləsini seyr etməyə gəlin. Hündürlüyü 60 metrdir. Azərbaycan Respublikasının geoloji təbiət abidəsi kimi qeydə alınıb və dövlət tərəfindən mühafizə olunur.
“Qurudub göndərmə bənövşələri...”
Quba bu ilıq yaz günləri yenidən öz gözəl yaşıl libasına bürünüb. Dağların yamacları yaşıllaşıb, meyvə bağlarında, həyət-bacalarda ağaclar gül-çiçək açıb, necə deyərlər, burada indi şövqlə gül-gülü, bülbül-bülbülü çağırır.
...Bu yazını hazırlayarkən Qubadan doğma kəndim Birinci Nügədiyə getdim. Ata həyətimizdə ağac və çəpərlərin dibindən boylanan zərif, boynubükük bənövşələri görüb duyğulandım. Həmin an çağdaş Azərbaycan poeziyasının ünlü simalarından biri, məşhur “Azərbaycan bayrağı” şeirinin və möhtəşəm “Vətən” poemasının müəllifi Ramiz Qusarçaylının gənclik illərində qürbətdə yaşayarkən yazdığı çox sevdiyim aşağıdakı misraları yadıma düşdü:
Əlimə alınca əlim qurudu.
Qurudub göndərmə bənövşələri.
Nəfəsim qurudu, dilim qurudu
Qurudub göndərmə bənövşələri.
Başımı qaldırıb kəndimizi üç tərəfdən əhatə edən əzəmətli Bəhyə dağlarına tərəf boylandım. Qoca dağlar bu yaz günlərində sanki bir qədər cavanlaşmışdı. Fikirləşdim ki, ən yaxın həftələr ərzində bu yerlərə turistlərin axını başlayacaq. İnsanlar bu gözəllikləri görüb paylaşacaqlar, paylaşdıqca ruhlanaraq sevinəcəklər.
Kəndimizdə uşaqlıq dostum, son illər bağbanlıqla məşğul olan qonşumuz Mirzə İsayevlə həmişəki kimi səmimi görüşüb hal-əhval tutduq. Dedi ki, bu il dağlara güclü yağışlar yağıb. Deməli, bağlar, əkinlər su sarıdan korluq çəkməyəcək!
Təki, bolluq, ruzi-bərəkət olsun! Bir sözlə, Quba, həqiqətən, gözəldir. Onu daha da gözəlləşdirən isə bu torpağın saf, səmimi, yurdsevər insanlarıdır.
Sonda sevimli qəzəlxan şairimiz Əliağa Vahidin “baği-gülüstan”, “cənnəti-rizvan” deyə vəsf etdiyi Quba barədəki mənzuməsinin 1 bəndi yada düşür:
İndi abad olur hər tərəfi cənnəttək,
Tutan olmaz daha bundan belə
nöqsan, Qubaya.
Səhifəni hazırladı:
Məsaim ABDULLAYEV
XQ






