Qusar rayonu ilin bütün fəsillərində gözəldir. Amma burada qışın xüsusilə heyrətamiz bir füsunkarlığı var. Belə ki, bu fəsildə rayonun dağlı-aranlı, demək olar ki, bütün ərazisi çox vaxt dümağ qara bürünür. Qar isə bolluq, bərəkət rəmzidir.
Bunu da qeyd etmək lazımdır ki, soyuq havaların yaratdığı təbii çətinliklər yerli sakinləri heç də qorxutmur. Ona görə ki, rayonda vaxtında qışa ciddi hazırlıq görülüb. Rayonun yaşayış məntəqələrinin böyük əksəriyyəti qazlaşdırılıb. Elektrik enerjisi və içməli su xətləri vaxtında təmir olunub. Hansısa bir problem yarananda müvafiq qurumlar operativ şəkildə köməyə yetişirlər.
Qusarda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağında bu barədə geniş söhbət açılıb. RİH başçısı Sahir Məmmədxanov bildirib ki, ötən il rayonda yol tikintisi və təmiri işlərinə diqqət artırılıb. Dövlət başçısının müvafiq sərəncamları ilə rayonun Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı İmamqulukənd–Şirvanlı avtomobil yolunun əsaslı təmiri üçün dövlət büdcəsindən ilkin olaraq 1,5 milyon manat, “Bənövşə” gölü su anbarının yenidən qurulması üçün isə 1 milyon manat vəsait ayrılıb.
2025-ci ildə Mucuq və Avaran kəndlərinin qazlaşdırılması, rayonda 18 küçənin asfaltlanması, istismara yararsız qaz və elektrik xətlərinin əsaslı təmiri və digər abadlıq-quruculuq işləri aparılıb. Bununla yanaşı, digər sahələrin inkişafı da diqqətdən kənarda qalmayıb, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb. Cibir kəndində yeni məktəb binası istifadəyə verilib, Kuzunqışlaq kəndində məktəb binasının tikintisi davam etdirilib. Rayonun Yasab, İmamqulukənd, Həzrə və Qaratoba kəndlərində isə yeni məktəb binalarının inşası nəzərdə tutulub.
Qusar ölkəmizdə kənd təsərrüfatının intensiv inkişafı sahəsində aparıcı rayonlarından biridir. Burada aqrar sektorun digər sahələri kimi, taxılçılığın inkişafı da daim diqqət mərkəzindədir. Ötən il rayonda 23 min 121 hektar sahədən 56 min 622 ton buğda və arpa toplanıb, orta məhsuldarlıq 4,6 sentner artaraq 24,5 sentner təşkil edib. Tərəvəzçilik sahəsində də artım diqqət çəkir: əgər 2024-cü ildə 3 min 685 hektar sahədən 58 min 634,6 ton kartof və tərəvəz istehsal olunmuşdursa, ötən il 62 min 579 ton məhsul götürülüb ki, bu da əvvəlki ildən 3 min 944 ton çoxdur.
Ötən il rayonda meyvəçilik sahəsində də rekord nəticə qeydə alınıb. 2024-cü ildə rayonda 72 min 479 ton meyvə və giləmeyvə istehsal edildiyi halda, 2025-ci ildə bağlardan 79 min 671 ton məhsul yığılıb. Artım 7 min 192,9 ton təşkil edib.
Sonda bildirək ki, Qusarda aqrar sektorda ötən il əldə olunan bütün bu uğurlu göstəricilər bölgənin zəhmətkeş insanlarının gərgin əməyi, dövlətimizin aqrar sahənin inkişafına göstərdiyi daimi diqqətin sayəsində mümkün olub.
Məsaim ABDULLAYEV
XQ

