Qayıdışın bolluq nəğməsi

post-img

Xanyurdu 9 güllə yarası almış Əyyub kişinin məlhəmi oldu

Vaxtilə erməni cəlladlarının ölüm xofundan baş götürüb qaçmağa, isti ev-eşiyindən didərgin düşməyə məcbur olan yüz minlərlə azərbaycanlının keçmiş məcburi köçkün kimi yaşadıqları əzab-əziyyətlər bir-birindən fərqlənsə də, bu gün geri qayıdan insanların əksəriyyəti oxşar xoşbəxtlik duyğusu içərisindədirlər.

Xocalı rayonunun işğaldan azad edilmiş Xanyurdu kəndinə köçmüş Əyyub Mahmudov və ailəsi ilə görüşmək, onların həyat hekayəsini dəyərli oxucularla bölüşmək istəyimin xüsusi bir səbəbi vardı. Çünki 63 yaşlı Əyyub kişi erməni vəhşiliyinin canlı şahidlərindən və yaşayan qurbanlarından biridir. O, 1991-ci il avqustun 23-də Xocalının Cəmilli kəndi yaxınlığında ermənilərin içərisində mülki insanların olduğu “UAZ” markalı avtomobili atəşə tutmaları nəticəsində 9 güllə yarası alıb, ömrünün yarısından çoxunu əlil (bir ayağı və bir qolu olmadan – M.R.) kimi ömür sürdürüb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun mənfur düşmən üzərində şanlı qələbələri sayəsində torpaqlarımız işğaldan azad edildiyi kimi, Ə.Mahmudovun da qisası alınıb, ilahi ədalət bərqərar olub və o, bu gün öz doğma ata-baba yurduna dönüb.

İlk zəngimə qızı Fatimə xanımdan “üzrlü sayın, atam üçün yaşadıqlarını xatırlamaq çox çətindir, jurnalistlərlə görüşmək istəmir” cavabını alsam da, qayıdış sevinclərinə şərik olmaq istəyim nəticəsiz qalmadı, yollandım Mahmudovların Xanyurdudakı ikimərtəbəli, müasir üslubda təmir edilmiş evlərinə.

Razılaşdığımız kimi, söhbətimiz əsasən ailənin yeni həyatı, məcburi köçkünlüyün başa çatması, illər sonra Qarabağda yaşamağın bəxş etdiyi xoş hisslər barədə oldu. Təbii, birlikdə ötənləri də xatırladıq. Qızı və 2 şirin-şəkər nəvəsi – Zəhra və Ayazla geri qayıtmış Əyyub kişi bildirdi ki, ölümə qalib gələrək məhz bu günlər üçün yaşayıb (ermənilərin yuxarıda qeyd etdiyimiz cinayəti törətdikləri vaxt ağır yaralanan Ə.Mahmudovu əvvəlcə ölmüş biliblər. Yalnız sonradan uzunmüddətli müalicələrdən sonra həyatda qala bilib – M.R.).

Yaşayıb ki, qisasının alındığını görsün, görüb. Yaşayıb ki, geri dönmək arzusu reallığa çevrilsin, çevrilib. Və bir də yaşayıb ki, nə vaxtsa yenə “Novlu bulağ”ın suyundan içməyi Tanrı ona qismət etsin, edib.
Ə.Mahmudov torpaqlarımızın işğalı vaxtı, o qanlı-qadalı illərdə İlkin və Əvəz adlı 2 oğlunu itirib. Həyat yoldaşı Zoya 2016-cı ildə Vətən həsrəti ilə dünyasını dəyişib. Əbdül kişi 4 qızı ilə ümidlərini üzməyib bu günü gözləyiblər.

Evlərindən, dövlətin onlar üçün yaratdığı şəraitdən razılıqla bəhs etdilər. Bildirdilər ki, ağrı-acılı günləri artıq geridə qalıb. Bundan sonra Xanyurdunda daha rahat, daha ümidlə yaşayacaqlar. Ən çox isə ona görə sevinirlər ki, 2 yaşlı Zəhra, bu günlərdə ilk ad gününü qeyd etdikləri Ayaz Vətənin qayğısız övladları kimi xoşbəxt böyüyəcəklər. Azad Qarabağın, azad Xanyurdunun əsl sahibləri kimi!

Mahir RƏSULOĞLU
XQ

Sosial həyat