Unudulmaz səhifələr
(əvvəli 11 dekabr tarixli sayımızda)
Ümumi Yığıncaqda çıxış edənlərdən akademik Kamal Talıbzadə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ədəbiyyat və incəsənət sahəsində dərin biliklərə malik olmasından, azərbaycançılıq konsepsiyasını meydana qoymasından, akademik Musa Rüstəmov dahi şəxsiyyətin Akademiyanın həqiqi üzvü seçilməsini böyük şərəf işi hesab edilməsindən, akademik Böyükkişi Ağayev “hərtərəfli inkişaf etmiş siyasi bir alim kimi” gördüyü Heydər Əliyevin tibb elmi sahəsindəki xidmətlərindən, akademik Məhərrəm Məmmədyarov regionlarda elmin inkişafı sahəsindəki səmərəli fəaliyyətindən danışmaqla, akademik Musa Musayev onun biologiya və kənd təsərrüfatı sahəsindəki biliklərini və xidmətlərini xüsusi qeyd etməklə, Xəzər dənizinin dərindən tədqiq edilməsi üçün Akademiyaya “Elm” adlı gəminin verilməsindən böyük iftixar duyğusu ilə söz açmışlar. Akademik Hacıbəy Sultanov isə Azərbaycan astronomlarının qalaktikadakı bir ulduza Heydər Əliyevin adını verdiklərini Ümumi Yığıncağın iştirakçılarının nəzərinə çatdırmışdır. Ümumi Yığıncaqda seçkilərin keçirilməsi üçün Hesablama Komissiyasının sədri seçilmiş akademik Maqsud Əliyev səsvermənin nəticələrini elan etmişdir:
“Hörmətli toplantı iştirakçıları!
AEA-nın bugünkü yığıncağında 30 nəfər akademiya üzvü iştirak edir, onlardan 26 nəfəri həqiqi üzvdürlər. Gizli səsvermədə 30 nəfərin hamısı yekdilliklə Heydər Əliyev cənablarının AEA-nın həqiqi üzvü seçilməsinin lehinə səs vermişlər. Əleyhinə, yoxdur.
…Təklif var ki, Heydər Əliyev cənabları AMEA-nın həqiqi üzvü seçilmiş hesab edilsin. (Alqışlar).
...Bu gün Akademiyanın tarixində ən yaddaqalan tarixi bir gündür. …Mən fəxr edirəm ki, bu tarixi iclasın iştirakçısıyam”.
Nizamnaməyə uyğun olaraq Elmlər Akademiyası Ümumi Yığıncağının iclasına Akademiyanın prezidenti yekun vurmuşdur:
“Möhtərəm yığıncaq iştirakçıları!
Doğrudan da bugünkü gün bizim üçün çox əlamətdar gündür. Qeyd etmək istərdim ki, Heydər Əliyev Rusiyaya ilk rəsmi səfəri zamanı Rusiya Elmlər Akademiyasının kollektivi ilə görüşdü. Orada bütün elmlər üzrə alimlər var idi. …Heydər Əliyev orada bir akademik kimi çıxış etdi… Hamı heyran qaldı. Hətta qeyd etdilər ki, Rusiya Elmlər Akademiyasının divarları bu günə qədər belə çıxış eşitməmişdir. …Fransada Siyasi Elmlər Akademiyası (Sosial EA olmalıdır – İ.H.) var. Heydər Əliyev orada məruzə ilə çıxış etmişdi. Yaxşı bilirsiniz ki, Fransada erməni lobbisi çox güclüdür. O adamların çoxusu oraya xoş niyyətlə gəlməmişdilər. Heydər Əliyevin çıxışı oradakıları mat qoymuşdu. Cənab Prezidentimizi Akademiyanın həqiqi üzvü seçilməsi münasibətilə məhəbbətlə, ürəkdən təbrik edirəm”.
Ümumi Yığıncaqda gizli səsvermənin nəticələrə dair hazırlanmış yekun protokolun mətni həm də Heydər Əliyevin dövlətçilik fəaliyyətini və xidmətlərini elmi və siyasi cəhətdən əsaslandıran sənəd kimi də əhəmiyyətlidir. Akademik səviyyədə yazılmış qərar layihəsinin mətnində Heydər Əliyevin möhtəşəm siyasi portretinin əsas istiqamətləri bütün dəqiqliyi ilə mükəmməl surətdə ifadəsini tapmışdır.
Sənəddə yazılmışdı: “AEA-nın Ümumi Yığıncağı Azərbaycan Respublikasının Prezidenti H.Ə.Əliyevin XX əsrdə Azərbaycanda siyasi elmlərin inkişafındakı rolunu, onun gərgin, siyasi-diplomatik elmi fəaliyyətini, dövlətçilik təcrübəsini, Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi, onun təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq və regional münaqişələrin həll edilməsi, yeni və ən yeni dövrün tarixinin və nəzəriyyəsinin, ümumi siyasi problemlərinin həlli, hüquqi dövlət quruculuğunun əsaslarının yaradılması sahəsindəki misilsiz xidmətlərini, Azərbaycan Elmlər Akademiyasının İctimai Elmlər Bölməsinin təqdimatını və Azərbaycan EA Ümumi Yığıncağının gizli səsverməsinin nəticələrini nəzərə alaraq, Azərbaycan EA Ümumi Yığıncağı QƏRARA ALIR:
Heydər Əlirza oğlu Əliyev “Siyasi elmlər” ixtisası üzrə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü (akademiki) seçilmiş hesab edilsin.”
AEA-nın prezidenti, akademik Fəraməz Maqsudov gizli səsvermənin nəticələri elan olunduqdan və təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Prezidenti, görkəmli dövlət xadimi Heydər Əliyevin Siyasi elmlər üzrə Akademiyanın həqiqi üzvü seçilməsinə dair diplomu imzalamışdır.
Seçki prosesinin gedişindən, stenoqramdakı çıxışların məntiqindən belə başa düşmək olar ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi məsələsi sanki Akademiyanın rəhbərliyi tərəfindən onunla əvvəlcədən razılaşdırılmışdır. Lakin Elmlər Akademiyasının prezidenti, akademik Fəraməz Maqsudov bu barədə qabaqcadan ona deyilərsə, cənab Prezidentin razılıq verməyəcəyini dəqiq bildiyinə görə, Azərbaycan alimlərinin minnətdarlıq və mənəvi borc hisslərini ifadə etmək üçün bütün məsuliyyəti öz üzərinə götürərək, seçki keçirməyə qərar vermişdir.
Bu, həqiqətən də geniş mənada ölkəmizin, müstəqil dövlətçiliyin xilaskarı və rəhbəri olan görkəmli şəxsiyyətin keçid dövründə həm də Elmlər Akademiyasını ləğv edilməkdən xilas etməsi, çətin şəraitdə qoruyub saxlaması və inkişaf etdirməsi qarşısında Akademiya heyətinin gərçək bir dərkolunmuş mənəvi borcunun ifadəsi idi. Həm də Heydər Əliyev kimi beynəlxalq miqyasda qəbul edilmiş görkəmli bir dövlət xadiminin Elmlər Akademiyasının həqiqi üzvü seçilməsini nəinki Azərbaycanda və keçmiş Sovet İttifaqı məkanında, hətta bütün dünyada eşidən hər kəsin bu işi təbii və layiqli bir addım kimi qəbul edəcəyi də əvvəlcədən məlum idi.
Bütün bunlara baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ölkə alimlərinin ona göstərdikləri ehtiramı yüksək qiymətləndirsə də, Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi haqqındakı qərarı qəbul etməmişdir. Əslində, dövlət başçısının məsələyə bu cür münasibəti Elmlər Akademiyası üçün xoşagəlməz nəticə verə bilərdi.
Lakin ulu öndər Heydər Əliyev Elmlər Akademiyasının prezidenti, akademik Fəraməz Maqsudova və AEA-nın həqiqi üzvlərinə 24 may 1998-ci il tarixdə məktub ünvanlayaraq, akademiya alimlərinin onun fəaliyyətinə yüksək münasibətini müsbət dəyərləndirmiş, ancaq Elmlər Akademiyasının həqiqi üzvü seçilməsini məqsədəuyğun hesab etməmişdir. Bu, Azərbaycan Respublikasının Prezidentinin hələ sovet hakimiyyəti illərindən etibarən rəhbər vəzifəli şəxslərin elmi dərəcə almalarına qarşı apardığı mübarizəyə, həmin istiqamətdə yürütdüyü ardıcıl siyasətə güzəştsiz mövqedə dayanmasının əyani göstəricisi idi.
Akademiyaya ünvanlanmış məktubda da Heydər Əliyev onun akademik seçilməsi haqqında qərarı qəbul etməməsinin səbəbləri kimi, “heç vaxt Elmlər Akademiyasının üzvü olmaq arzusunda olmaması”, “bu münasibətlə Elmlər Akademiyasına müraciət etməməsi” ilə bərabər, xüsusi olaraq “dövlət işləri ilə məşğul olduğuna görə buna ehtiyac duymaması”nı qeyd etməklə bir daha dövlət qulluğu sahəsində çalışanların dissertasiya müdafiə etmələrinə qarşı birmənalı münasibətini nəzərə çatdırmışdır.
Qeyd etmək lazımdır ki, bu hadisədən təxminən bir il qabaq, 31 yanvar 1997-ci ildə Prezident İqamətgahında Elmlər Akademiyasının geniş tərkibli elmi heyəti ilə görüşərkən də dövlət başçısı hələ 1969-cu ildə respublikanın birinci şəxsi seçildiyi vaxtdan bu məsələ ilə ciddi mübarizə apardığını alimlərin diqqətinə çatdıraraq demişdi: “Xatirəmdədir, …altmışıncı illərdə Azərbaycanda ciddi bir xəstəlik əmələ gəlmişdi, partiya, dövlət işində işləyən çox adamlar bununla yanaşı özlərinə mütləq elmi dərəcə almaq istəyirdilər, namizədlik, doktorluq dissertasiyaları hazırladırdılar. Hesab edirdilər ki, gələcək üçün lazımdır.
…Sizə məlumdur ki, mən 1969-cu ildə Azərbaycana rəhbər seçildikdən sonra bu hallarla ciddi mübarizəyə başladım, partiya, sovet işindəki şəxslərin belə məsələlərlə məşğul olmasının qarşısını almağa çalışdım. Hətta bəzi adamlar gizli şəkildə belə işlər gördüklərinə görə cəzalandırıldılar… Çünki o insanlar vəzifələrindən sui-istifadə edirdilər… Mən o vaxt da bunun əleyhinə olmuşam, indi də əleyhinəyəm. Bu, mənim mənəvi prinsipimdir”.
Akademiyanın Ümumi Yığıncağında həqiqi üzv seçilməsi haqqında məlumat aldıqdan sonra Prezident Heydər Əliyevin Elmlər Akademiyasının rəhbərliyinə və üzvlərinə şifahi şəkildə müraciət etməsi də Ümummilli liderin elmə, Akademiyaya, elm xadimlərinə bəslədiyi yüksək hörmət və ehtiramın ifadəsi ola bilərdi. Elmlər Akademiyasına ünvanlandığı 24 may 1998-ci il tarixli məktub isə Heydər Əliyevin bu ali dövlət elmi təşkilatının nüfuzunu qorumaq və daha da möhkəmləndirmək sahəsindəki fəaliyyətinin daha bir nümunəsidir. Bu məqamda keçmiş SSRİ Elmlər Akademiyasının tarixində baş vermiş analoji bir hadisə ilə əlaqədar ibrətamiz bir müqayisəni yada salmaq Heydər Əliyev fenomeninin nə demək olduğunu bir daha əyani şəkildə nümayiş etdirir.
Təxminən, 1960-cı ildə SSRİ Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Nikolayeviç Nesmeyanov o zaman Sovet İttifaqının rəhbəri olan Nikita Xruşşovdan bu nəhəng akademik təşkilatın həqiqi üzvü seçilməsinə razılıq alır. SSRİ Elmlər Akademiyasının Ümumi Yığıncağında Nikita Sergeyeviç Xruşşovun Akademiyanın həqiqi üzvlüyünə dair seçki keçirilərkən Rusiya akademikləri ölkə rəhbərinə səs vermirlər. Onlardan hər biri belə fikirləşir ki, Aleksandr Nesmeyanovdan başqa yəqin heç olmasa, 1-2 nəfər də Nikita Xruşşovun lehinə səs verəcəkdir ki, soruşan olsa, həmin şəxsin özü olduğunu bildirməklə məsuliyyəti üstündən ata biləcəkdir. Lakin nəticə gözlənilənlərin əksinə olur. Səsvermə qutusu açılıb, bülletenlər hesablanarkən məlum olur ki, Nikita Xruşşovun lehinə yalnız 1 nəfər səs vermişdir. Həmin səs də yəqin ki, SSRİ Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Nesmeyanov imiş.
Doğrudur, Nikita Sergeyeviç bu hadisədən sonra akademik Aleksandr Nesmeyanovu dərhal cəzalandırmamışdır. Lakin bir neçə aydan sonra, 1961-ci ildə Akademiyanın prezidentliyinə növbəti seçkilər zamanı 2 dəfə Sosialist Əməyi Qəhrəmanı, akademik Aleksandr Nikolayeviç Nesmeyanova yenidən etimad göstərilməmişdir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev isə qanuni şəkildə keçirilmiş seçki əsasında yekdilliklə layiq görüldüyü Akademiya üzvlüyünü qəbul etməmiş, lakin ona səs vermiş Elmlər Akademiyasının rəhbərliyinə və üzvlərinə hörmət və ehtiramını ifadə edən xüsusi məktub göndərmişdir. Ümumiyyətlə, elm tariximiz və geniş mənada dövlətçilik baxımından son dərəcə əhəmiyyətli olduğunu nəzərə alaraq, Heydər Əliyevin Azərbaycan Elmlər Akademiyasına göndərdiyi 24 may 1998-ci il tarixli məktubun mətnini olduğu kimi təqdim edirik:
“Azərbaycan Elmlər Akademiyasının prezidenti Fərəməz Maqsudov cənablarına
Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvlərinə
Elmlər Akademiyasının hörmətli prezidenti!
Hörmətli akademiklər!
Dünən axşam mənə məlum olmuşdur ki, ümumi iclasınızda məni Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçmişsiniz. Mənə göstərdiyiniz böyük diqqətə və fəaliyyətimə verdiyiniz yüksək qiymətə görə hamınıza təşəkkür edirəm.
Lakin mən heç vaxt Elmlər Akademiyasının üzvü olmaq arzusunda olmamışam, bu münasibətlə Elmlər Akademiyasına müraciət etməmişəm və dövlət işləri ilə məşğul olduğuma görə buna ehtiyac da duymamışam.
Hesab edirəm ki, qərar qəbul etməkdən öncə siz mənim fikrimi öyrənməli və bunun üçün razılığımı almalı idiniz. Bütün bunları nəzərə alaraq xahiş edirəm ki, mənim barəmdə qəbul etdiyiniz qərarı ləğv edəsiniz.
Azərbaycan Elmlər Akademiyasının müstəqil Azərbaycanın həyatındakı böyük roluna və onun üzvlərinin Azərbaycan elmi qarşısında göstərdikləri misilsiz xidmətlərinə görə bir daha sizə hörmət və ehtiramımı bildirirəm.
Səmimiyyətlə
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
24 may 1998-ci il”.
Həcm etibarilə kiçik olan bu ibrətamiz məktubda mahiyyətinə və əhəmiyyətinə görə böyük mətləblər ifadə olunmuşdur. Ulu öndər Heydər Əliyevi bir daha görkəmli dövlət başçısı kimi xarakterizə edən, eyni zamanda onun elmə, Elmlər Akademiyasına, alimlərə yüksək münasibətini əks etdirən və indiyədək tədqiqata cəlb olunmamış bu məktub bir neçə cəhətdən xüsusi əhəmiyyətə malikdir:
1. Ulu öndər Heydər Əliyev onu Elmlər Akademiyasının üzvlüyünə seçən alimlərə bu yüksək elmi adı qəbul etmədiyini məktub vasitəsilə bildirməklə məsələyə ciddi dövlət işi kimi rəsmi yanaşdığını göstərmişdir; 2. Dövlət qulluğu ilə məşğul olanların elmi dərəcə almalarına qarşı olduğunu birmənalı şəkildə ifadə etmişdir; 3. Bununla elmə olan böyük ehtiramını nümayiş etdirmişdir; 4. Akademiyanı elm məbədi kimi qorumağın əsl nümunəsini göstərmişdir; 5. Elm adamlarına xüsusi hörmət və ehtiramını bildirmişdir; 6. Elmi dərəcəni və elmi adi, ümumiyyətlə, alim adını uca tutmağa çağırmış, bu sahədə vəzifəsindən asılı olmayaraq, heç kəsə güzəşt etməməyi tələb etmişdir; 7. Nəhayət, dövlət işləri ilə ciddi məşğul olmağı, özünü bütövlükdə bir sahəyə həsr etməyi də cəmiyyətin diqqət mərkəzinə çəkmişdir; 8. Əsl görkəmli dövlət xadimi olduğunu bir daha isbat etmişdir.
Azərbaycan Elmlər Akademiyasının rəhbərliyi Elmlər Akademiyasına ünvanlanmış 24 may 1998-ci il tarixli məktubun elmi ictimaiyyətə çatdırılması və mühüm tarixi əhəmiyyətə malik olan məktubdan irəli gələn vəzifələrin müəyyən edilməsi məsələsini 26 may 1998-ci ildə keçirilmiş AEA Rəyasət Heyətinin iclasının gündəliyinə daxil etmişdir. Rəyasət Heyətinin 26 may 1998-ci il tarixli iclasının protokolunun əldə edilmiş stenoqramı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ölkə elminə, Elmlər Akademiyasına, eyni zamanda, ölkəmizin elm xadimlərinin də dövlət başçısına qarşılıqlı olaraq yüksək hörmət və ehtiramını bir daha nümayiş etdirir. Bu, Heydər Əliyevin timsalında dövlət başçısı ilə ölkəmizin elmi ictimaiyyəti arasında olan möhkəm birliyin, həmrəyliyin ifadəsinə konkret bir nümunədir. Geniş mənada xalqın bütün təbəqələri ilə, o cümlədən yaradıcı ziyalılarla ölkə rəhbərinin münasibətlərindəki həmin sarsılmaz birlik bütövlükdə respublikamızın və eyni zamanda, Elmlər Akademiyasının inkişafında mühüm rol oynamışdır. Bütün bunlara görə elm tariximiz üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq, AEA Rəyasət Heyətinin 26 may 1998-ci il tarixli iclasının stenoqramının mətnini təqdim etməyi zəruri hesab edirik:
“Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin 26 may 1998-ci il tarixli iclasının Qərarı
Gündəlik: Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin AEA-nın prezidenti akademik F.Maqsudova, akademiyanın həqiqi üzvlərinə 24 may 1998-ci il tarixli məktubu haqqında
Dinlənildi: AEA-nın prezidenti, akademik Fəraməz Maqsudov EA Rəyasət Heyətinin üzvlərini Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının EA prezidentinə və həqiqi üzvlərinə ünvanladığı 24 may 1998-ci il tarixli məktubu ilə tanış etdi.
Çıxış etdilər: F.Maqsudov, N.Quliyev, T.Şahtaxtinski, M.Rüstəmov.
Çıxış edənlər Prezident Heydər Əliyevin 24 may 1998-ci il tarixli AEA-nın Ümumi Yığıncağının qərarı ilə bağlı Akademiyanın prezidentinə və onun həqiqi üzvlərinə səmimiyyətlə dolu məktubunda Akademiyaya verdiyi qiymətə görə ürəkdən minnətdarlıqlarını bildirdilər. Qeyd edildi ki, EA-nın Ümumi Yığıncağı dünya elmi-ictimai fikrində çoxdan formalaşmış rəyi yalnız hüquqi sənəddə təsdiq etdi. Əslində, cənab Heydər Əliyev siyasi elmlərin ustadı kimi dünyada ən mötəbər elmi mərkəzlər tərəfindən alim və mütəfəkkir kimi çoxdan qəbul olunmuşdur.
Eyni zamanda, Akademiyanın Ümumi Yığıncağının qərarı haqqında cənab Heydər Əliyevin mövqeyi xalqa, millətə təmənnasız xidmət göstərən böyük təvazökar insanın qərarı kimi qiymətləndirildi.
Qərara alındı: Möhtərəm Prezident Heydər Əliyevin qazandığı mənəvi hüququ bütün qərar və elmi rütbələrdən üstün tutaraq, 23 may 1998-ci il tarixli AEA-nın Ümumi Yığıncağının qərarının icrası dayandırılsın”.
Beləliklə, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Elmlər Akademiyasına həqiqi üzvlüyə seçilməsinə dair seçkilərin keçirilməsi prosesi geniş mənada çoxəsrlik elm tarixinin, eyni zamanda, həm də Akademiyanın inkişafının ibrətamiz tarixi hadisəsidir. Bu, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin simasında əsl dövlət xadiminin siyasi-mənəvi ucalığını bir daha təsdiq edən ibrətamiz faktdır. Baş vermiş seçki proseslərində gedən müzakirələr və qəbul edilmiş qərar həmçinin Azərbaycan alimlərinin, Elmlər Akademiyası rəhbərliyinin və akademiklərin Prezident Heydər Əliyevə sədaqətini, dövlət başçısının çoxillik və çoxcəhətli yorulmaz fəaliyyətinin elm xadimləri tərəfindən dərindən, hərtərəfli şəkildə dərk və şərh olunduğunu əyani şəkildə əks etdirir.
Düşünürük ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin siyasi elmlər üzrə Elmlər Akademiyasının həqiqi üzvlüyünə seçilməsinə həsr edilmiş seçki prosesləri ilə əlaqədar təşkil edilən iclaslar, edilmiş məzmunlu çıxışlar, aparılmış yazışmalar, qəbul edilmiş qərarlar, çıxarılan nəticələr Azərbaycan Milli Elmlər Akademiyasının tarixinin ən şərəfli, məsuliyyətli və ibrətamiz səhifələridir. Həmin tarixi seçki prosesində tanınmış elm xadimlərinin göstərdikləri sədaqət və nümayiş etdirdikləri intellektual baxış yeni nəsil elm adamları üçün də əhəmiyyətli bir dərsdir.
Azərbaycan Respublikası Prezidentinin Elmlər Akademiyasının rəhbərliyinə və tanınmış alimlərə razılaşdırılmamış seçkilərə görə bəslədiyi tolerant münasibət və ifadə etdiyi hörmət və ehtiram Heydər Əliyev kimi geniş dünyagörüşünə malik uzaqgörən dövlət xadiminin əsl müdriklik nümunəsi olan addımıdır. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Elmlər Akademiyasının prezidentinə və akademiklərinə göndərdiyi 24 may 1998-ci il tarixli məktub Milli Elmlər Akademiyasının 80 illik tarixi salnaməsinin ən qiymətli səhifələrindən biridir.
Bu tarixi məktub Azərbaycan Elmlər Akademiyasının prezidentinin və üzvlərinin fəaliyyətlərini inamla davam etdirmələrinə dövlət başçısı tərəfindən verilmiş vəsiqədir. Elmlər Akademiyasının və alimlərimizin nüfuzunu qorumaq üçün dövlət başçısının atdığı müdrik addım nəticə etibarilə Azərbaycan elminin inkişaf etdirilməsi üçün yeni nəfəs və üfüqlər açmağa xidmət etmişdir.
Bütün bunlarla bərabər, görkəmli dövlət xadimi Heydər Əliyevin Elmlər Akademiyasının həqiqi üzvlüyünə dair seçkilərin keçirilməsi və dövlət başçısının 24 may 1998-ci il tarixi məktubu tədqiqat baxımından Ulu öndərin şərəfli tərcümeyi-halının diqqətdən kənarda qalmış, öyrənilməmiş faktları və hadisələri kimi də mühüm əhəmiyyətə malikdir. Ümid edirik ki, Heydər Əliyev kimi dahi şəxsiyyətin tərcümeyi-halının naməlum səhifələrini əks etdirən təqdim olunmuş sənədlər və faktlardan onun həyatı və fəaliyyətini tədqiq edənlər mənbə kimi faydalanacaqlar. İnanırıq ki, haqqında danışılan seçki prosesinin düşünülməsi, gedişatı, detalları və nəticələri Milli Elmlər Akademiyasının inkişaf yolunu və ümumiyyətlə, elm tariximizi öyrənənlərin də diqqətini cəlb edəcəkdir. Bir sözlə, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Siyasi elmlər üzrə Elmlər Akademiyasının həqiqi üzvlüyünə seçilməsi üçün seçkilərin keçirilməsi, nəticəsindən asılı olmayaraq, Akademiyanın və akademiklərin dövlətçilik dərsləri kimi mühüm tarixi əhəmiyyətə malik olan ibrətamiz hadisədir. Həmin dövlətçilik dərslərini dərindən öyrənmək və ondan lazımi nəticələr çıxarmaq Azərbaycan alimlərinin və Elmlər Akademiyasının rəhbərliyinin və akademiklərin, yeni elmi nəsillərin borcu və vəzifəsidir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Elmlər Akademiyasının həqiqi üzvlüyünə seçilməsi məsələsini müzakirə edərək, EA Ümumi Yığıncağı qarşısında vəsatət qaldırılan 23 may 1998-ci il tarixli iclasa sədrlik etmiş Akademiyanın İctimai Elmlər Bölməsinin akademik-katibi olan akademik Cəmil Quliyevin 2003-cü ildə yazdığı “Heydər Əliyev siyasət adamıdır, Heydər Əliyev həmçinin elm adamıdır” adlı məqaləsində baş vermiş tarixi seçki hadisəsi haqqında öz əkini tapmış aşağıdakı fikirlər həmin münasibətlə yaşanan proseslərə mənalı bir şəkildə yekun vurur:
“Yeri gəlmişkən, bir faktı yada salmağı özümə borc bilirəm: 1998-ci ildə AMEA-nın İctimai Elmlər Bölməsi Heydər Əliyevin Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilməsini irəli sürmüş və Nizamnaməyə əsasən Heydər Əliyev Akademiyanın Ümumi iclasında gizli səsvermə yolu ilə yekdilliklə akademik seçilmişdir. Möhtərəm Prezident bu təşəbbüsü ehtiramla qarşıladı, lakin həqiqi üzvlük diplomunu qəbul etmədi… Amma bu məsələdə Heydər Əliyevin müdrikliyi təsdiqləndi.
…Heydər Əliyev tarixin ən mürəkkəb və çətin bir dövründə… XXI əsrin astanasında elmi-texniki potensiala, zəngin intellektual xəzinəyə malik Azərbaycan Milli Elmlər Akademiyasını xilas etdi. Alimin, elmin, ziyalının hörmət və nüfuzuna vurulan zərbələri dəf etdi.
…Qeyri-iradi …olaraq sual meydana çıxır: “Heydər Əliyevdə hansı keyfiyyət üstünlük təşkil edir – siyasətçilik, yoxsa alimlik? Bu suala birmənalı cavab vermək çətindir. Ancaq belə demək olar: “Görkəmli siyasətçi Heydər Əliyev görkəmli alim Heydər Əliyevi tamamlayır və əksinə”. Bu formulda, düsturda daxili dialektik məntiq vardır: Heydər Əliyev özündə görkəmli siyasi xadimi və görkəmli alimi dərindən təcəssüm etdirir”.
P.S. Elmlər Akademiyasının Ümumi Yığıncağında 23 may 1998-ci ildə keçirilmiş gizli səsvermənin nəticələri əsasında Prezident Heydər Əliyevin adına yazılmış və həmin gündə imzalanmış siyasi elmlər üzrə 01 saylı həqiqi üzvlük diplomu hazırda Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində qorunub saxlanılan sənədlər sırasındadır. Ehtimal ki, Elmlər Akademiyasının prezidenti, akademik Fəraməz Maqsudov vaxtilə Ulu öndərin verilməsini dayandırdığı həmin diplomu tarixi bir sənəd kimi Naxçıvandakı Heydər Əliyev Muzeyinə təqdim etmişdir...
Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan elminin və Milli Elmlər Akademiyasının müasir dövr dünya təcrübəsinin reallıqları, müstəqil dövlətimizin inkişaf strategiyası və milli prioritetləri əsasında inkişaf etdirilməsi üçün aydın üfüqlər açmışdır. Bütövlükdə Azərbaycan elmi və Milli Elmlər Akademiyası yeni tarixi dövrün çağırışlarına layiqincə cavab vermək üçün bütün imkanlarını səfərbər etməkdə davam edir.
İsa HƏBİBBƏYLİ,
AMEA-nın prezidenti, akademik


