İİTKM-də “Vahid Elektron Hesabatlılıq Portalı” üzrə təlimlərə start verilib

post-img

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Dövlət Proqramlarının monitorinq və qiymətləndirilməsinin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi məqsədilə yaradılmış “Vahid Elektron Hesabatlılıq Portalı”ndan (portal.monitoring.gov.az) istifadə qaydalarına dair təlimlərə başlanılıb.

Mərkəzdən XQ-yə bildirilib ki, İİTKM-in icraçı direktorunun müşaviri Təranə Salıfova Portalın məqsədi, nəzərdə tutulan funksional imkanlar və qarşıdakı mərhələlər barədə ətraflı məlumat verib. Sonra Monitorinq və qiymətləndirmə şöbəsinin əməkdaşları Arzu Süleymanov və Elşən Yusifli Portala məlumatların daxil edilməsi və hesabatlılığın formalaşdırılması haqqında təqdimatla çıxış ediblər. Həmçinin Monitorinq və qiymətləndirmə şöbəsinin əməkdaşı Gültac Əhmədzadə-Tapdıqzadə tərəfindən Portal daxilində qurulmuş “Layihə İdarəetmə Modulu”na dair təlimat təqdim edilib və təlim iştirakçılarının sualları cavablandırılıb.

İlk təlim sessiyalarında “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2024–2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı” və “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlər və layihələrin Portal üzərindən real iş axını nümunələri təqdim edilib. Sessiyada bir sıra dövlət qurumlarının, o cümlədən İqtisadiyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Turizm Agentliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Nəqliyyatı Əlaqələndirmə Şurasının nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Portal strateji sənədlərin, o cümlədən dövlət proqramlarının monitorinq və qiymətləndirilməsinin fasiləsiz, operativ və şəffaf şəkildə həyata keçirilməsi məqsədilə İİTKM-in daxili resursları və mövcud elektron modulların texniki dəstəyi əsasında hazırlanıb. Platforma məlumatların mərkəzləşdirilməsi, hesabatlılığın artırılması, əlaqəli qurumlar arasında koordinasiyanın gücləndirilməsi və data əsaslı qərarvermə baxımından mühüm vasitə kimi çıxış edir.







Sosial həyat