(əvvəli ötən saylarımızda)
Törə, türkmən cəmiyyətində həyati-tənzimləyici gücünə rəğmən, sırf ənənəyə söykənən, əsasən, tabu, yasaq və qadağalar şəklində ağızdan-ağıza keçən, heç yerdə yazılı şəkildə fiksə edilməyən əski anlayışlar toplusu olmaqla bu qanlı savaşlara de-fakto qanuni (!) don geyindirmişdir!
Ən böyük paradoks isə bu idi ki, bir tərəfdən, qeyd etdiyimiz kimi, bütün şahzadələrin taxt hüququnu tanıyan və onların bu hüququ güc yolu ilə gerçəkləşdirmə üsuluna rəvac verən törə, o biri tərəfdən dövlətin mənafeyini də hər şeydən yüksək tuturdu. Odur ki, Fateh Sultan Məhmədin qardaşı Əhmədi boğdurması və “dövlətə zaval gəlməsin deyə” “qanunnamə” çıxarıb, qardaş qətllərini legitimləşdirməsi ciddi “bidət” sayılmamış, ictimai rəydə dağıdıcı təlatümlərə səbəb olmamışdı.
III Murad və III Məhməd taxta çıxan kimi körpəsindən böyüyünə bütün qardaşlarını uf demədən boğdurmuşdular. Yalnız Sultan I Əhmədin dövründə (1603–1617) əkbəriyyət prinsipi əsas götürülmüş (bu da “göydəndüşmə” bir şey deyildi), vərəsəlik məsələsi qanunla yaşca böyük qardaşın xeyrinə həll olunmuş, qalan şahzadələri isə hərəmxanaya verməyə başlamışdılar.
Türkmən tarixi-kütləvi yaddaşında 1436-cı il Bayındır Şurası presedenti ola-ola, əkbəriyyət qərarının, təqribən, 2 yüz il – bəzi mənbələrdə əkbəriyyət qanununun 1607-ci, bəziləri 1617-ci ildə çıxarıldığı deyilir – gecikməsinin özü də çox mətləblərdən xəbər verir.
Fakt budur ki, vərasət savaşları cəmiyyətdə nə qədər anlayışla qarşılansa da, hədsiz gərginliyə, iqtisadi böhranlara səbəb olur, şahzadələrin taxt ehtirası bəzən hətta bəyliklərin istiqlal və mövcudluğunu təhdid altına salır, ağır fəsadlar törədirdi.
Ərtoğrul Qazidən sonra bəy postuna göz dikən Dündar, qardaşı oğlu Osmanı yolunun üstündən götürmək üçün Bizans təkurları ilə sövdələşmiş, qəsdinin üstü açılmış, edam edilmişdi. 1335-ci ildə ataları öldükdən sonra Karesioğulları ailəsindən Dəmirxan və Dursun bəylər arasında ixtilaf düşmüşdür. Dursun bəy hakimiyyətə yiyələnmiş qardaşına qarşı Osmanoğlu Orxan bəydən dəstək istəmiş və hərbi yardım qarşılığında ona bəzi torpaqlar vəd etmişdi. Orxan bəy Karesi ərazisinə daxil olduqdan az sonra Dursun bəy qardaşı tərəfindən öldürülsə də, o, geri dönməmiş, döyüşə girərək Dəmirxan bəyə qələbə çalmış, Karesioğulları ailəsini ortadan qaldırmış və sonrakı 10 il içində bu bəyliyin torpaqlarını parça-parça ələ keçirmişdi.
Meydan müharibələrində əraziləri işğal etmələrinə rəğmən, türkmən bəyliklərini sıradan çıxarmağın mümkün olmadığını bilən yadellilər onları ən zəif yerindən vurur, öz məqsədlərinə şahzadələr arasında ixtilafları körükləməklə çatırdılar. Teymuri sultanı Şahrux hakimiyyət Qara Yusifin oğlu Qara İskəndərin əlinə keçməsin deyə onunla qardaşları arasında vərasət ziddiyyətlərini dərinləşdirmək yolunu tutmuş, Azərbaycan hakimliyinə əvvəl Əbusəidi, sonra isə Cahanşahı gətirmişdi. Nəticədə, İskəndər Əbusəidi öldürmüş, Cahanşah isə onu məğlub etmişdi.
Məşum Ankara döyüşündən (1402) sonrakı fitrət dövründə 1423-cü ilədək sürən səltənət qovğalarının bir acı nəticəsi də taxt uğrunda rəqabət aparan şahzadələrin qonşu dövlətlərdən dəstək almaq ümidi ilə ataları Yıldırım Bayəzid dövründə ələ keçirilmiş bir çox torpaqları Bizansa, Serbistana, Əflaka, Arnavutluq bəylərinə qaytarmaları olmuşdu. Çələbi Sultan Məhməd hakimiyyəti ələ keçirdikdən sonra isə qardaşı Mustafanın azad edilməməsi müqabilində Bizansa xərac ödəməyə başlamışdı.
Ağqoyunlu Qara Yülük Osman ölkə ərazisini oğlanları arasında ülüş etmişdi. Əli bəy Harputda, böyük oğlu Yaqub bəy Ərzincan, Kəmax və Qarahisarda, Həmzə bəy Mardində, Şeyx Həsən Ərzurumda, Qılıc Arslan Paluda, Qutlu bəy Bayburtda, Musa isə Tərcanda hakimlik edirdilər. Osman bəy öləndə (1435) Teymuri sultanı Şahruxun təsiri ilə taxta Cəlaləddin Əli bəy sahib oldu. O, bacısı Xanımı sultan Şahruxun oğlu Məhəmməd Cukiyə ərə verib Diyarbəkirdə hakimiyyətini möhkəmləndirdisə də, qardaşları hakimi olduqları bölgələrdə müstəqil hərəkət edir, onunla hesablaşmırdılar.
Həmzə bəy, Yaqub bəy, Qılıc Arslan isə Əli bəyin hökmranlığını ümumiyyətlə tanımırdılar. Bəylikdə pərakəndəlik və qarışıqlıq hökm sürürdü. Şahzadələr daxili çəkişmələrdə Qaraqoyunlulardan da kömək istəyirdilər. Qara İskəndərin Qılıc Arslana kömək adı ilə Ərzurumu ələ keçirməsi, Ərzincanı qarət etməsi onsuz da xroniki hal almış tayfalararası ixtilafları daha da gücləndirdi. Təklənib Diyarbəkirə qapanan Əli bəyin Məmlüklərlə əhdnamə bağlamaq üçün Harputu onların vassalı olan Zülqədiroğullarına təhvil verməsi onun sonunu gətirdi.
Narazı qüvvələr Həmzə bəyin ətrafında qruplaşaraq “ulu bəy” kimi onu tanıdılar və paytaxt Diyarbəkiri tutdular. Əli bəy qısa müddətə olsa da, Osmanlılara sığındı. Onun varisi kimi ortaya çıxan oğlu Cahangir Mirzə isə hakimiyyətə yiyələnmək üçün Məmlüklərdən kömək istədi. Məmlük sultanı Barsbay onun xahişi ilə əmisi Həmzə bəyin və Qaraqoyunlu Cahanşahın üzərinə 50 minlik ordu göndərdi. Lakin 1438-ci ilə Barsbayın ölüm xəbərini alan bu ordu geri qayıtdı.
Cəlaləddin Əli bəy 1444-cü ildə taxt arzusuna qovuşmadan Hələbdə öldü, bundan az sonra Həmzə bəy də xəstələnib dünyasını dəyişdi. Ağqoyunlu tayfaları 2 yerə bölündü. Pornək, Mosullu və Qocahacılu tayfaları Həmzə bəyin oğlu olmadığına görə onun qardaşı Şeyx Həsəni, qalanları isə artıq Urfa hakimi olan Cahangir Mirzəni dəstəklədilər. Cahangir Mirzə Diyarbəkirə daha tez çataraq özünü Ağqoyunlu hökmdarı elan etdi. 1450-ci ildə Qaraqoyunlu Cahanşah yürüşə başlayanda Şeyx Həsən, əmirlərdən Musa bəy, Rüstəm Tərxan və b. onun tərəfinə keçdilər. Şeyx Həsəni dəstəkləyən Pornək, Mosullu və Hacılu tayfalarından olan əsgərlərin ordunu parçalaması Cahangir Mirzənin vəziyyətini daha da ağırlaşdırdı.
Ağqoyunlu dövləti dərin tənəzzül keçirirdi. Onu yalnız Uzun Həsənin qardaşının köməyinə gəlib, Şeyx Həsəni qətlə yetirməsi və onun tərəfdarlarını ortadan qaldırması xilas etdi. Qaraqoyunlu İskəndərin oğlu Şahqubad 1436-cı ildə onu öldürüb Əlincə qalasını əmisi Cahanşaha təslim etmişdi. Hadisəni araşdıran Cahanşah Şahqubadı qətlə yetirdi, amma 1445-ci ildə Bağdadda möhkəmləndikdən sonra Mosulu İskəndərin oğulları Əlvənd, Rüstəm və Tehrana verdi. Mosul hakimi təyin olunan Əlvənd əmisindən daha çox torpaq tələb etsə də Cahanşah qərarından dönmədi. Əlvənd Mirzə 1448-ci ildə, Qaraqoyunlu hakimiyyətinin onlara aid olması iddiası ilə Cahanşaha qarşı üsyan qaldırdı, Üsyan yatırılanda da canını qurtarmaq üçün qaçıb əzəli rəqibləri olan Ağqoyunlulara – Cahangir Mirzəyə sığındı.
Konstantinopolun fəthi ərəfəsində Osmanlı soyundan şahzadə Orxan Bizans imperatorunun əlində əsir idi. Dövlət “onun məsrəflərinin təminatı” üçün Bizansa ildə 300 min axça ödəyirdi. Sultan Murad öldükdən sonra bu məbləğin iki dəfə artırılması tələb olundu. Əks təqdirdə Orxan azad ediləcəkdi. Bu isə fəthə hazırlaşan gənc Sultan Məhməd üçün əlavə problemlər vəd edirdi. Bizans elçilərinin bu tələbi rədd edilsə də, şahzadə Orxan məsələsi bir təhdid aləti kimi İstanbulun mühasirəsi zamanı təkrar-təkrar ortaya atıldı.
Qaraqoyunlu Cahanşahın oğlanları ilə əhvalatı isə bir neçə cəhəti ilə ibrətamizdir. 1458-ci ildə o, Xorasan yürüşünə çıxmış, böyük Əmir Teymurun oturduğu taxt-tacı ələ keçirmişdi. Qaraqoyunlu qoşunu şahzadə Pirbudağın komandanlığı ilə teymurilərin həmlələrini dəf etmək qüdrətində idi. Lakin həlledici döyüş ərəfəsində Cahanşaha oğlu Həsənəlinin üsyan etməsi xəbəri yetişdi. Maku qalasında zindanda saxlanan Həsənəli atasının olmamasından istifadə edərək, Ağqoyunlu Qara Yülük Osmanın oğlu Mahmud bəy və Əmir Ərəb-
şahla birlikdə həbsdən qaçmağı bacarmış və Təbrizə gəlib paytaxtı ələ keçirmişdi.
Cahanşah artıq Xorasanda qala bilməzdi. O, Pirbudağa döyüşə girməyib geri çəkilməsini əmr etdi və təcili şəkildə sülh bağlayaraq, tutulan torpaqları teymurilərə qaytardı. Beləliklə, böyük igidlik, qurban və məhrumiyyətlər bahasına qazanılmış qələbənin üstündən xətt çəkilmiş oldu. Cahanşahın qərarı əmirlər və qoşun başçıları arasında narazılıq yaratdı. Atasına etimadı sarsılan Pirbudaq Yəzdə çatan kimi (o, Şiraz valisi idi) qiyam qaldırdı. Cahanşah, əlbəttə ki, oğlanlarına yenilmədi; əvvəlcə taxt-tacını geri qaytarıb Həsənəlini sürgünə göndərdi, sonra Pirbudağın qiyamını yatırdı, dövlət qarşısında xidmətlərini nəzərə alaraq, onu Şirazdan uzaqlaşdırıb, Bağdada vali təyin etdi.
Lakin məsələ bununla bitmədi, 2 il sonra Pirbudaq Bağdadda da üsyan qaldırdı, üstəlik, Ağqoyunlu Uzun Həsəndən yardım istədi. Bu zaman Ağqoyunlu – Qaraqoyunlu ixtilafı zirvəsinə çatmışdı, tərəflər bir-birinin daxili işlərinə də müdaxilə edir, vərasət ziddiyyətlərini kəskinləşdirməklə qarşı tərəfi zəiflətməyə çalışırdılar. Cahanşah Uzun Həsənin taxt-tacına iddia edən qardaşı Cahangirə qoşun verib, onun üstünə göndərsə də, istəyinə nail ola bilməmişdi. İndi Uzun Həsənin də eyni qayda ilə hərəkət edib Pirbudağın üsyanından faydalana biləcəyindən ehtiyatlanırdı. Odur ki, Ağqoyunlu hökmdarına məktub yazıb, Pirbudağa yardım göstərməməsi üçün Sincar, Mosul və Ərbil şəhərlərini ona verməyi boyun oldu.
1473–1474-cü illərdə (bəzi mənbələrə görə, 1475-ci ildə) Uzun Həsənin böyük oğlu Uğurlu Məhəmməd qiyam qaldırdı. Bağdad valisi olan qardaşı Maqsud Mirzənin də qoşulduğu üçün bu qiyam çətinliklə yatırıldı. Uğurlu Məhəmməd Rum diyarına qaçdı və Ağqoyunlularla müharibədən yeni çıxmış Osmanlı sultanına sığındı.
Qaramanlı bəyliyi Osmanlının ən qəvi rəqibi idi. Anadoluda hegemonluq uğrunda uzunmüddətli və amansız mübarizə xüsusilə XV əsrdə bu iki qüdrətli türkmən bəyliyinin münasibətlərini düşmənçilik həddinə çatdırmışdı. 70-ci illərdə Fateh Sultan Məhməd Qaramanlı bəyliyini ortadan qaldırdı, oğlu şahzadə Mustafanı Qaraman valisi təyin etdi. 1474-cü ildə şahzadə Mustafa öldü və onun yerinə kiçik qardaşı Cem sultan (əslində, bu ad Cəm kimi yazılmalıdır, çünki Fatehin bu adı oğluna Sasani hökmdarı Cəmşidin şərəfinə verdiyi bəllidir) keçdi.
Cem sultan Fatehdən sonra Osmanlı taxtına oturan qardaşı Sultan II Bəyazidin (1481–1512) hakimiyyətini tanımadı, Bursa və İznik üzərinə yeriyərək ölkənin iki yerə-Anadolu və Rumelinə bölünməsini təklif etdi və Anadolunu özünə istədi. Bu təklifi rədd edən Bayəzid Yenişəhər döyüşündə Cemin qoşununa qələbə çaldı. Qardaşların hakimiyyət qovğasını “təbii” saymaq bəlkə də mümkün olardı, əgər Cem sultan II Bəyazidlə mübarizəsinə qaramanlıları qatmasaydı! Məhz onların daxil olması ilə Cem sultan qiyamı Qaramanlı-Osmanlı müharibəsinə çevrildi.
Qaraman şahzadəsi Qasım bəy Cemlə ittifaqa girib, öz bəyliyini bərpa etməyə çalışırdı. Müttəfiq qoşunlar 1482-ci ilin baharında Osmanlı torpaqlarına bir də daxil oldu, lakin bəxt yenə Cemin və Qasımın üzünə gülmədi. Bu zaman Cem sultan daha bir bağışlanmaz xətaya yol verdi–Rodos cəngavərlərindən onu Rumeliyə çatdırmaları üçün kömək istədi və öz xoşu ilə onların əlinə keçdi. Nəticədə, qalan ömrünü (ölümü: 1495) əvvəlcə Rodos cəngavərlərinin, sonra isə Roma Papası və Fransa kralının dustaqlığında yaşadı, Osmanlı dövləti isə onun azad edilməməsi müqabilində illik ödənc verməli oldu.
Göründüyü kimi, türkmən bəyliklərinin mərkəzləşdirilməsi, çoxdan idi ki, zərurətə çevrilmiş və aktuallıq qazanmışdı.
Nizaməddin MUSTAFA