Həyatın güzgüsü, həqiqətin carçısı

post-img

Azərbaycanda da fəal dəstəklənən söz azadlığının əsas prinsipləri mətbuatın müstəqilliyinin təmin olunması, senzuranın ləğvi, insan hüquq və azadlıqlarının müdafiəsində mətbuatın rolu və sairdən ibarətdir. 1993-cü ildə azad sözün şərəfinə təsis edilmiş bu gün “soyuq müharibə” dövrünün başa çatması ilə Yer kürəsinin vahid informasiya məkanına çevrilməsi məramı ilə ortaya çıxıb. Bir çox beynəlxalq qurumlar dünyada söz və mətbuat azadlığını diqqət mərkəzində saxlayırlar. Axı gizli deyil ki, bu azadlığın olmadığı ölkələrdə insan hüquqlarının pozulması hallarına daha çox rast gəlinir.

Bu il “Əkinçi” qəzetinin nəşri ilə başlanan anadilli mətbuatımızın 150 yaşı tamam olur. Özündə böyük ənənələri yaşadan mətbuat tariximizin yetərli qədər şanlı səhifələri var. Dövlət müstəqilliyi dövründə Azərbaycanda söz və məlumat azadlığının təmini ilə bağlı müvafiq qanunvericilik aktları qəbul edilib. 1998-ci il avqustun 6-da Azərbaycan Prezidentinin Fərmanı ilə mətbuat üzərində senzura ləğv olunub. Senzuranın ləğvi və bu qəbildən digər tədbirlər müstəqil medianın inkişafını, vətəndaşların söz, məlumat və fikir azadlığını təmin edib ki, bu da demokratik cəmiyyət quruculuğu yolunu seçən Azərbaycanın perspektiv hədəflərinə uyğun idi. 1999-cu il dekabrın 7-də qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu isə bu sahədə fəaliyyəti tənzimləyən əsas hüquqi sənəd olub, ölkəmizin Konstitusiyasında söz, fikir və mətbuat azadlığı təsbit edilib.

Ümummilli lider Heydər Əliyev deyirdi: “Mətbuat demokratiyanı dərinləşdirən, siyasi inkişafa təkan verən qüdrətli vasitədir. O, həyatın güzgüsü, həqiqətin carçısı olmalıdır, insanları yüksək ideallar uğrunda mübarizəyə səsləməli və səfərbər etməlidir”.

Hazırda Azərbaycanda dünya standartlarına uyğun media, ənənəvi və elektron KİV formalaşıb. Müstəqil KİV-in sayına görə Azərbaycan MDB və Şərqi Avropa ölkələri arasında öncül mövqe tutur. 12 yanvar 2021-ci ildə imzalanmış Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında Prezident fərmanının nəticəsi olaraq ölkədə Medianın İnkişafı Agentliyi yaradıldı. Qlobal informasiya mühitinin tələblərinə uyğun modernləşmə və qabaqcıl texnologiyaların ən geniş tətbiqi, aparıcı fəaliyyət prinsipi və digər mühüm şərtləri özündə birləşdirən fərman auditoriyaların peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətin stimullaşdırılması üçün əlverişli şərait yaratmış oldu. Mediada ardıcıl islahatların aparılması ölkə başçımızın “Media haqqında” Qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Fərmanı ilə xüsusi diqqətdə saxlanıldı.

Bu gün Azərbaycanda dövlət qeydiyyatına alınmış media agentlikləri, xeyli sayda jurnalist təşkilatları və ictimai birliklər müstəqil şəkildə fəaliyyət göstərir. Deməli, Beynəlxalq Söz və Mətbuat Azadlığı ideyası hərtərəfli şəkildə həyata keçirilir.

Ə.DOSTƏLİ
XQ



Sosial həyat