Naxçıvan
Fevralın 26-da Naxçıvanda Xocalı faciəsi qurbanlarının xatirəsi yad olunub.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət rəsmiləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları və ictimaiyyət nümayəndələri Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə Kompleksini ziyarət ediblər. Abidə önünə güllər qoyulub, Xocalıda soyqırımına məruz qalmış soydaşlarımızın xatirəsinə ehtiram ifadə olunub.
Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatı fevralın 26-da Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Naxçıvan şəhərindəki Xatirə Muzeyində anım mərasimi olub. YAP şəhər təşkilatının sədri Elman Cəfərli, Naxçıvan şəhər Xatirə Muzeyinin direktoru Aytən Qasımova çıxış ediblər. Sonra Xatirə Muzeyi ziyarət olunmuşdur.
Sumqayıt
Gənclik şəhərinin ictimaiyyəti – icra hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanları, şəhid ailələri və qazilər, Sumqayıtda yaşayan xocalılılar soyqırımı qurbanlarının xatirəsini hamılıqla anıblar.
Mərasim iştirakçıları Nəsimi parkında Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, abidə önünə gül dəstələri düzüb, Xocalıda həlak olan soydaşlarımızın xatirəsini ehtiramla yad ediblər. Sonra tədbir iştrakçıları Sumqayıtda məskunlaşan Xocalı sakinləri ilə görüşüb.
Sumqayıt Dövlət Universitetində (SDU) “Xocalı dərsləri” adlı tədbir keçirilib. Daha öncə isə Sumqayıt Dövlət Dram Teatrında Xocalı faciəsinin ildönümü və Milli Qəhrəman Qorxmaz Eyvazovun anım günü qeyd olunub. Hafiz Ataxanlının qələmə aldığı, Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi “Missiya” mistik qəhrəmanlıq tamaşası nümayiş etdirilib.
Lənkəran
Xocalı soyqırımı qurbanlarının xatirəsi Lənkəranda böyük ehtiramla anılıb. Mərasim azərbaycanlıların soyqırımı qurbanlarının xatirə parkındakı “Ana heykəli” qarşısında keçirilib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və aparatın kollektivi, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, gənclər və ictimaiyyətin nümayəndələri abidə önünə tər güllər düzüblər.
Daha sonra N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı aktyorlarının ifasında “Xocalı fəryadı” adlı kompozisiya nümayiş etdirilib.
Rayon ərazisində dövlət bayraqları yarıyadək endirilib, gün ərzində əhali xatirə abidəsini ziyarət edib. Rayonun idarə, müəssisə və təşkilatlarında, Heydər Əliyev Mərkəzində anım tədbirləri, məktəblərdə bu qanlı faciəyə həsr olunmuş dərslər keçirilib, mədəniyyət müəssisələrində foto, rəsm və kitab sərgiləri təşkil edilib.
Lənkəran Dövlət Universitetində isə (LDU) “Xocalı soyqırımı – qan yaddaşımız” adlı tədbirdə Tarix və onun tədrisi metodikası kafedrasının müdiri, dosent Kamal Mahmudov “Xocalı soyqırımı xalqımızın qan yaddaşıdır”, Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, dosent Qədim Rufullayev “Xocalı qan yaddaşımızda yaşayan faciə kimi”, LDU TGT-nın sədri Sara İbadzadə “Xocalı soyqırımı: Gənclərin yaddaşına həkk olunmuş xatirə” mövzusunda məruzə ediblər. Faciədən bəhs edən videoçarx nümayiş olunub.
***
Astara, Masallı, Cəlilabad, Lerik və Yardımlı rayonlarında da faciə qurbanlarının xatirəsi dərin hüznlə yad olunub.
Quba
Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Qubada keçirilən “Xocalı soyqırımı: insanlıq əleyhinə cinayət" adlı anım mərasimində bildirilib ki, “Əsrin faciəsi” ilə bağlı beynəlxalq səviyyədə məlumatlılığın artırılmasında Heydər Əliyev Fondunun davamlı olaraq həyata keçirildiyi “Xocalıya ədalət!” kampaniyasının mühüm rolu var.
Şəhərdəki Soyqırımı Memorial Kompleksinin təşkil etdiyi tədbirdə faciə qurbanları ehtiramla yad olunub, xalqımıza qarşı törədilmiş cinayətlərin, o cümlədən Xocalı soyqırımının milli kimliyimizə təsiri, dünya ictimaiyyəti tərəfindən tanınması geniş müzakirə olunub. Kompleksinin direktoru Rəxşəndə Bayramova, Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri Qasım Hacıyev, Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatının sədr müavini Elxan Məhərrəmov və Ombudsmanın Şimal Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev çıxış ediblər.
Goranboy
Xocalı soyqırımı qurbanlarının 33-cü ildönümü ilə bağlı anım mərasimi Goranboyda qələbəliklə keçib.
Tədbir şəhərin Xocalı sakinlərinin müvəqqəti məskunlaşdıqları Yeni Yaşayış Massivində, Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış Abidə kompleksinin önündə olub. Tədbirdə, Goranboy RİH-nin başçısının birinci müavini Seymur Nazarov, rayonun digər rəhbər şəxsləri, Goranboy və Xocalı ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tərtər
Rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, müharibə veteranları Şəhidlər abidə kompleksinin önünə gül dəstələri düzüblər. Sonra məktəblilərin faciəyə həsr edilmiş rəsm əsərlərindən ibarət sərgiyə baxış olub.
Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binasında Tərtər rayonunda məskunlaşan Xocalı sakinləri ilə görüş keçirilib. İcra hakimiyyəti başçısının 1-ci müavini Elvin Umudov Xocalı faciəsindən danışıb, bu qətliamın dünya tarixinə qanlı hərflərlə yazılmış vandal hadisələrdən ən dəhşətlisi olduğunu bildirib. Həmçinin Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Xocalıya səfərlərindən, Ballıca kənd sakinləri ilə görüşlərindən, dövlət başçısının Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında imzaladığı sərəncamdan bəhs edilib. YAP rayon təşkilatının sədri Eldar Əsədovun soyqırımı ilə bağlı məruzəsi dinlənilib.
Ağstafa
Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsi Qərb bölgəsində də ehtiramla yad edilib.
Faciənin 33-cü ildönümü ilə əlaqədar Ağstafa şəhərinin mərkəzində Şəhidlər memorial abidə kompleksi ziyarət olunub. Anım tədbirində Ağstafa RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Memorial kompleksin əbədi məşəli önünə əklil qoyulub, müqəddəs üçrəngli bayrağımızın üzərindəki ayparanı simvolizə edən abidənin üzərinə qızıl gül və tər qərənfillər düzülüb.
Tovuz
Tovuzda Xocalı faciəsinin 33-cü ildönümü ilə bağlı dəyirmi masa keçirilib.
Məclisi giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov bildirib ki, xalqımız bu gün bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad etməklə yanaşı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağ savaşında düşmən üzərində qazandığımız tarixi Qələbənin sevincini də yaşayır.
Çıxış edənlər Xocalı şəhərinin 2023-cü il sentyabrın 19-da rəşadətli Ordumuzun apardığı lokal xarakterli antiterror tədbirləri nəticəsində düşmən tapdağından azad edilməsi ilə soyqırımı qurbanlarının qisasının alındığını vurğulayıblar.
Naftalan
Naftalan şəhərində də Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla anılıb.
Xatirə mərasimində şəhər rəhbərliyi və ictimaiyyət nümayəndəri iştirak ediblər. Şəhidlərin xatirəsinə ucaldılmış memorial kompleks ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb, Vətən qurbanlarının ruhlarına dualar oxunub.
Hazırladılar:
Ə.ƏLİYEV,
H.QASIMOV
XQ