“O zaman Heydər Əliyev hakimiyyətdə olsaydı...”

post-img

Müsahibimiz Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, şair-dramaturq Hidayət Orucovla bügünkü söhbətimizin mövzusu ümummilli lider Heydər Əliyevin 1987-ci ildə Sov.İKP MK-nın Baş katibi Mixail Qorbaçov tərəfindən hakimiyyətdən uzaqlaşdırıldıqdan dərhal sonra keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi Xankəndinin (keçmiş Stepanakert) separatçılıq və terrorizm meydanına çevrilməsi və bu bölgədə baş verən hadisələr haqqındadır.

– Hidayət müəllim, bəzən tarix, baş verən hadisələri uzun illər sonra qələmə alan tədqiqatçı alimlərin yazdıqları əsərlərdən çox, o tarixi yaşamış insanların xatirələrdə daha obyektiv və daha dəqiq mənzərə yaradır. Bu mənada uzun illər Ermənistanda yaşayıb fəaliyyət göstərmiş, Bakıya köçəndən sonra da doğma yurdu Qərbi Azərbaycanın taleyini taleyində yaşamış şair-dramaturq Hidayət Orucovun xatirələri gələcək nəsillər, elə tarixçi alimlər üçün də çox qiymətli mənbə ola bilər. Erməni separatizmi 1980-ci illərin sonlarından, xüsusilə Ulu öndər Heydər Əliyev hakimiyyətdən məqsədli şəkildə uzaqlaşdırıldıqdan sonra nədən yeni bir dalğa ilə məhz Xankəndidə od püskürməyə başladı? Bununla bağlı xatirələriniz varmı?

– Olmaya bilərmi? Əlbəttə var, həm də çoxdur. Onların içində şirin xatirələr də var, bu gün yada düşəndə içimi yandıran, yanlışlarımızın nədən irəli gəldiyini təkrar-təkrar düşündürən, gələcək nəsillərə çatdırılması vacib olanlar da.

Vaxtı ilə yazdığım publisistik qeydlərimdən biri belə idi ki, həyatda heç kəs mübarizəsiz təslim olmaq istəmirdi. O yazı bizim Qərbi Azərbaycandakı soydaşlarımızın, buradakı qeyrətli ziyalılarımızın, xüsusilə yazıçı və şairlərimizin mübarizəsinin bir rəmzi idi. Yəni mən onları nəzərə alaraq o qeydlərimi qələmə almışdım.

Qərbi Azərbaycanda, Ermənistanda baş verənlər uzun müddət publika üçün, xüsusilə burda, Azərbaycanda yaşayan ictimaiyyət üçün qapalı bir mövzu idi və Moskva bunu belə saxlayırdı. Bu, sanki sonradan işə düşəcək güclü bir partlayıcıya bənzəyirdi. Buna bizim içimizdən olanlar da, o dövrdə sovet hakimiyyətinin yuxarı eşalonlarından tutmuş, bir çox səviyyələrdə çalışan məmurlar da imkan vermirdilər. Amma bu məsələ uzandıqca onun partlayıcı gücü də artırdı. Bunu başa düşən çox az adam vardı. Ən əsası 1987-ci ilin noyabrından sonra isə bu məsələləri bütün incəlikləri ilə bilən, lazımi vaxtda lazımi müdaxilələrlə onları lokallaşdırmağı bacaran ümummilli liderimizi Mixail Qorbaçov böyük erməni hiyləsi ilə hakimiyyətdə uzaqlaşdırıb təqib altında saxlayırdı.

Konkret məsələlərlə bağlı hadisələrə keçmək istərdim. Ömürdən gedən, amma izi içimdə hələ də dərin yaralar buraxan 1988-ci ilin bu vaxtları, yəni fevral ayı yadıma düşür. Çox bəlalı günlərimiz başlamışdı. Fevralın 16-17-si olardı. O vaxt Azərbaycan KP MK-nın təbliğat-təşviqat şöbəsində sektor müdiri vəzifəsində çalışan məşhur şairimiz Vahid Əziz mənə telefon açdı. Hal-əhval tutandan sonra dedi: “Bizimlə Stepanakertə (indiki Xankəndi) gedərsən?” Mən də eynən onun tərzində, bir qədər də ciddi tonda dedim: “Sizsiz də gedərəm, niyə getmirəm!...”

Vahidin bu sözlərinin altında başqa bir məna vardı. Artıq Stepanakertdə separatçı, mən deyərdim terror və iğtişaşlar başlamışdı. Digər tərəfdən də Vahid yaxşı bilirdi ki, mənim yaradıcılığımda Qərbi Azərbaycan, bu regionda baş verən hadisələr, qatı erməni millətçiliyindən irəli gələn təqib və təzyiqlər gizli, açıq həmişə xüsusi yer tutub. O vaxt əlbəttə sovet senzurasını yarıb keçmək çox çətin idi, amma buna baxmayaraq, imkan düşən kimi müxtəlif ədəbi-bədii priyomlarla buna müyəssər olmağa çalışırdım. Vahid onu da bilirdi ki, Ermənistanda da, o vaxtkı Dağlıq Qarabağda da məni qeyri-rəsmi persona-non-qrata elan etmişdilər.

Evdə Aran rayonlarından birinə, səhv etmirəmsə, Kürdəmirə getdiyimi söyləyəndə soruşdular ki, niyə gedirsən? Dedim, oxucularla görüşlərimiz var. İstəmirdim ki, evdə narahat olsunlar. Səhər tezdən diqqət çəkmədən lazımi pal-paltarı çantama yığıb evdən çıxdım və işə yola düşdüm. Axşam da işdən birbaşa dəmiryol vağzalına. Baxdım ki, Bakı-Ağdam qatarının demək olar bir vaqonu elə Vahid Əzizin rəhbərliyi ilə toplanan bizim nümayəndə heyətidir. Dövlət Mətbuat Komitəsindən sədrin müavini Boris Nikolayev və müvafiq idarənin rəisi də bizimlə idi. Onları da ona görə nümayəndə heyətinin tərkibinə salmışdılar ki, erməni şovinistləri Stepanakertdə çıxan yerli qəzetin nəşrini dayandırmışdılar və nəşriyyatı işləməyə qoymurdular.

Boris Nikolayev poliqrafiya üzrə müavin idi, onu Qazaxstandan Bakıya gətirib bura qoymuşdular ki, guya Azərbaycanda bir poliqrafiya mütəxəssisi yetişdirə bilmirdilər.

Azərbaycan Teleradio Komitəsinin çəkiliş qrupu da bizimlə idi. Sonralar – 1993-cü ildən Azərbaycan Teleradio Komitəsinin sədri işləyən Babək Hüseynoğlu qrupun rəhbəri idi. Hətta Mərkəzi Komitənin, Ali Sovetin və Nazirlər Sovetinin orqanı olan və erməni dilində çıxan “Kommunist” qəzetinin redaktoru da burada idi. Bu redaktor da qatı millətçi erməni idi. Ona görə də həmin qəzet o hadisələr başlayandan demək olar, ermənilərin əleyhinə heç nə dərc etmirdi. Demək olar bir vaqonun sərnişinləri bizim nümayəndə heyətindən ibarət idi.

– Hidayət müəllim, yadımdaykən soruşum, ümumiyyətlə, ermənilərin Bakıda yaşayan vəzifəliləri arasında belə, millətçi olmayan var idimi?

– Mən bu sualınızla bağlı düşüncələrimi bir neçə dəfə yazılarımda bildirmişəm. Uzun illər Ermənistanda da çalışdığım üçün onların ən sayılıb-seçilən ziyalıları ilə münasibətim olub. Qəti deyə bilərəm ki, ermənilərin arasında millətçi olmayanı mən görməmişəm. Elə erməni görməmişəm ki, onun içində Qarabağa sahib olmaq istəyi olmasın, Naxçıvanı istəməsin, müasir Türkiyənin ərazisinin ən azından 5-dən birini istəməsin: Qars, Van, Sarıqamış və s. Yeri düşəndə “dənizdən dənizə Ermənistan” xülyasından dəm vurmayan erməni belə görməmişəm. Belə erməni demək olar ki tapmaq mümkün deyil, çünki yoxdur.

Amma deməliyəm ki, bu ermənilərin iki kateqoriyası var. İçərilərində elələri var ki, öz ürəklərindən keçən o xülyaları, arzuları açıq bildirmirdilər. Bu amalları naminə işlədiklərini və yaşadıqlarını əsla büruzə vermirdilər.

Bilirsiniz ki, mən 39 yaşına qədər Qərbi Azərbaycanda yaşamışam. 18 il bu respublikanın paytaxtı İrəvanda yaşayıb fəaliyyət göstərmiş, quzu libasına bürünmüş “canavar”ların içində olmuşam. Əlbəttə mənim orada normal münasibətdə olduğum adamlar da olub. Normal o mənada deyirəm ki, onlar, əvvəldə dediyim kimi ikinci kateqoriyadan olan ermənilər olublar, yəni xislətlərini açıq büruzə verməyiblər. Etiraf edim ki, aralarında o xülyaların baş tuta biləcəyinə inanmayanlar da var idi. Bilirdilər ki, zaman keçdikcə bu istəkləri baş tutmayacaq. Xüsusilə ulu öndər Heydər Əliyev Moskvaya Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə gedəndən sonra Ermənistan böyük bir matəm yaşadı. Sanki bütün arzuları daşa dəymişdi. Ulu öndəri vəzifədən uzaqlaşdırandan sonra isə bütün ermənilər bayram edirdi...

Qayıdaq əvvəlki hadisələrə. Qatarla getdik Ağdama, oradan da avtomobillərlə yola düşdük Stepanakertə. Çatanda bildik ki, Azərbaycan KP MK-nın bir sıra üzvləri, hətta birinci katib Kamran Bağırov da artıq burdadır.

Səhər saat 8:30 olardı, DQMV Partiya Komitəsinə çatdıq. Hələ iş saatı başlamamışdı. Birinci mərtəbənin foyesinə toplaşıb söhbət edirdik, bu məqamda Kamran Bağırov gəldi və ümumi şəkildə hamıyla salamlaşdı. Bundan 1 saat keçməmiş vilayət Partiya Komitəsinin qarşısındakı o böyük meydan, indi bizim Ali Baş Komandanımız İlham Əliyevin parad qəbul etdiyi həmin meydan, bir anın içində insanlarla doldu və böyük bir izdiham yarandı. Mən çox izdihamların, çox kütləvi toplantıların şahidi olmuşdum, ancaq elə izdiham, coşqu, qana susamış ehtiraslı insan kütləsi görməmişdim. İlk ağlıma gələn bu oldu ki, bunlar təlimsiz, başıpozuq halda belə mütəşəkkil şəkildə bura toplaşa bilməzlər. Bu insanları, görünür, çox ciddi şəkildə buna hazırlayıblar, təlimatlandırıblar və düşünülmüş şəkildə idarə edirlər.

Həqiqətən də müəyyən vaxt keçəndən sonra müəyyən olundu ki, bunların ideoloji mərkəzi bir neçə il əvvəl açılmış Stepanakertdəki universitet və Stepanakert Dövlət Dram Teatrı olub. Bu məşqlər, təlimlər məhz Dram Teatrın səhnəsində baş tutub. Separatçı terrorçuların rəhbərlərinin əsas qərargahı da məhz teatr binası olub və bütün hazırlıqlar əsasən burada planlaşdırılıb. Meydanda açıq görürdüm ki, bu kütlə kimlərinsə əl işarələri ilə hərəkətlər edir, eyni şüarları bağırır və fasiləsiz, dayanmadan meydan sulayırlar. Ən çox qışqırdıqları da “miatsum”, bir də “razum” sözləri idi.

“Razum” sözünü təsadüfi işlətmirdilər. Çünki o vaxtı Sov.İKP MK-dan Razumovski gəlmişdi və elə ona işarə idi ki, düşünün, qərar verin, deyə hakimiyyətə təzyiq edirdilər. Bəzən yaxınlığımdan keçən ermənilərdən eşidirdim ki, “Razumovski gəlib, işlər düzəlir. Söz verib”. Sevinclərini büruzə verirdilər. Əlbəttə erməni dilində danışırdılar, mən də başa düşürdüm. Belə bir vəziyyətdə bu sözləri eşitdikcə içimdə bir tufan qalxırdı, az qalırdı bağıram ki, “bunu yuxuda görərsiniz”...

Oradakı bütün yazıçı və şairləri tanıyırdım. “Gənclik” nəşriyyatının baş redaktoru idim və hamısı ilə əlaqələrim var idi, gəlib gedirdilər, kitab nəşr etdirirdilər. Bakıdan gedəndə öz düşüncəmlə yaxşı tanıdığım, xüsusi münasibətim olan erməni yazıçı və şairlərindən 2 nəfərin telefonunu yazıb götürdüm. Onlardan biri uşaq yazıçısı və şairi Qurgen Qabrielyan idi. Qərbi Azərbaycanda da yaxşı tanınırdı. Hələ mən İrəvanda yaşayanda erməni yazıçıları onun haqqında mənə çox danışmışdılar.

Biri də Sokrat Xanyan. O da şair idi. Bu ikisinin telefonunu yazıb götürdüm, fikirləşdim birdən lazım olar. Çünki onlar da mənə xüsusi münasibət bəsləyirdilər. Hər dəfə Bakıya gələndə mütləq mənə baş çəkirdilər. Söhbət edəndə mənə dostluqdan, qardaşlıqdan, vəfadan, sədaqətdən dəm vururdular. Yanımda Ermənistandakı millətçi hərəkətləri tənqid edirdilər. Gözümdə yaxşı görünürdülər deyə, mən də kitab nəşri ilə bağlı nə xahişləri olurdusa, kömək edirdim. Hətta bəzən Qarabağdan sovqat – tut arağı, bal, çaxır gətirirdilər.

Mitinqləri müşahidə etdiyim elə ilk günü gördüm ki, Qurgen Qabrielyan tribunadadır, odlu-alovlu danışır. Elə ilk sözü bu oldu: “Mənim zülmlərə, əzablara məruz qalmış xalqım.” Təsəvvür edirsiz də ilk sözü belə olanın çıxışının sonrası nə olar? Bu məni çox mütəəssir etdi və dərin təəssüf hissi keçirdim ki, mən bunu necə tanımamışam, axı bu mənə Bakıda tamam başqa şeylər danışırdı.

O vaxt da yanımda Dövlət Təhlükəsizlik Komitəsinin vilayətdəki şöbəsinin azərbaycanlı əməkdaşı dayanmışdı. Dedim bu mənim yanıma gələndə tamam başqa şeylər danışırdı. Qayıtdı ki, Hidayət müəllim, bunların hamısı belədir. Soruşdum: “Sokrat Xanyan neyniyir, o haralardadır?” Çünki onun da telefonunu yazmışdım. Bu əməkdaş mənə dedi: “Sokrat dediyiniz bundan da qorxulu adamdır. O saman altından su yeridir, ona görə belə yerlərdə görünməz, amma bundan betərdir”.

Sonra mən bizimlə Stepanakertə gələn Respublika Mətbuat Komitəsi sədrinin müavini və idarənin rəisi ilə birlikdə vilayətdəki mətbəəyə baş çəkməyə getdik. Moskvanın nümayəndələrindən də bir-iki nəfər bizə qoşuldu. Mətbəənin direktoru üzə çıxmadı. Direktoru da o zaman Azərbaycan Respublikasının Mətbuat Komitəsi təyin edirdi. Mətbəəni gəzdik, vəziyyətlə tanış olduq. Elə yerindəcə mənə bəzi işlər tapşırdılar. Hətta Moskvadan gələn məmurlara tərcüməçilik də etdim, çünki ermənilərin heç də hamısı rus dilində yaxşı bilmirdi, bilənlər də danışmaq istəmirdilər.

Mənim hörmət etdiyim adamlardan biri də Livon Adyan idi. O, Bakıda yaşayırdı, erməni dilində çıxan “Ədəbi Azərbaycan” jurnalında şöbə müdiri işləyirdi. Mən də o jurnalın redaksiya heyətinin üzvü idim. Livon Adyan mənim yanımda həmişə erməniləri millətçiliyə görə tənqid edirdi. Deyirdi: “Onlar namərddilər, yaramazdılar. Onlar İrəvandan idarə olunurlar və s.” Stepanakertdə (Xankəndi) hotelin qarşısında Livon Adyan mənə rast gəldi. Hotel də meydanın başqa bir tərəfindədir. Mən yarızarafat, yarıgerçək, meydanı göstərib dedim: “Levon, bu nə həngamədi burda çıxarmısan?” Bu bir qədər alçaq səslə, kimsənin eşidə bilməyəcəyi tərzdə dedi ki, bu işlərin hamısının başında Vilayət Aqrar Sənaye Kompleksinin sədri durur. Çox imkanlı, varlı-karlı adamdır, bütün bu həngamələri o maliyyələşdirir...”

Bu söz mənim yaddaşıma hopdu. Gecələr Stepanakertdə (Xankəndidə) qalırdıq. Mən Vilayət Partiya Komitəsindən çox az gec çıxdım. Səhəri gün yenə gəldik bura. Saat 2-3 olardı, yoldaşlar mənə dedilər: “Siz gedib bir az dincəlin. Ötən gecə də gec yatmısız”. Gəldim hotelə, elə təzə uzanmışdım ki, bir az dincəlim, qəfil meydan tərəfdən xüsusi bir coşqu, gurultu qopdu. Tez durub hotelin meydana baxan eyvanına çıxdım. Burda da bir neçə adam vardı. Soruşdum: “Nə baş verib, nə olub belə?”

Dedilər: “Qarabağı verdilər!” Bu sözlər elə bil ildırım kimi qulaqlarımda çaxdı. Donub qalmışdım. Birtəhər özümə gəlib sürətlə hotelin birinci mərtəbəsinə düşüb qapıdan çıxdım və meydana tərəf getdim. Baxdım ki Azərbaycan KP MK-nın birinci katibi Kamran Bağırov tribunada dayanıb, meydana toplaşanların bağırtısı, alqışları ona danışmağa imkan vermir. Gördüm Levon yenə burdadır. Soruşdum: “Kamran Bağırov nə deyir?” Dedi: “Kamran Bağırov deyir Vilayət Partiya Komitəsinin Bürosu qərara gəlib ki, bu gün saat 4-5 radələrində Plenum çağırılsın. Büro tövsiyyə edir ki, Gevorkov işdən azad edilsin”. Axırı kənardan yenə kiminsə işarəsi ilə kütlə səsini kəsdi və Kamran Bağırov sözünə davam etdi: “Vilayət Partiya Komitəsinin Bürosu məsləhət görür ki, Dağlıq Qarabağ Muxtar Vilayəti Partiya Komitəsinin birinci katibi Henrik Poğosyan seçilsin”. Yenə meydan kükrədi, alqışlar, qışqırıqlar ərşə qalxdı. Levondan soruşdum: “Bu, Poğosyan kimdir?”. Gördüm bunun gözləri parıldadı və fəxrlə dedi: “Aqrapromun sədridir...”

Sonra öz-özümə düşündüm ki, yaxşı mən bir günün içində gəlib Stepanakertdə Poğosyanın kim olduğunu, burada hansı işlər çevirdiyini öyrənə bilirəmsə, bəs onda Mərkəzi Komitə, Azərbaycanın Dövlət Təhlükəsizlik Komitəsi bunu niyə öyrənə bilmir?”

Bundan sonra istirahət yada düşər?! Gəldim Vilayət Partiya Komitəsinə. Yaxından tanıdığım, tanımadığı məmurların hamısına, Mərkəzi Komitənin vəzifəli şəxslərinə Poğosyanın kim olduğunu dedim. Ən yaxşı halda bir çoxları susdu. Amma mənə deyənlər də oldu ki, “əşşi vəzifədi verərik, səsini kəsər. Bu həngamə də aradan qalxar”. Bunlar elə bilirdilər ki, vəzifə verəcəklər, bununla da ermənilərin ağzını yumacaqlar. Amma zaman göstərdi ki, heç də belə deyil.

Bundan bir gün qabaq da Vilayət Partiya Komitəsinin birinci katibi oturan mərtəbədə foyenin meydana baxan pəncərəsindən mitinqi müşahidə edir, bu şovinizm və terrorizmin bizi hara apara biləcəyini düşünürdüm. Siqareti tüstülədib acı-acı içimdə danışırdım. Bu məqamda kimlərinsə yaxınlaşdığını hiss etdim. Birdən səs gəldi: “Çto tam kriçat?” Çöndüm ki, Kamran Bağırovdur, mühafizəçilər də kənardan müşahidə edir. Əvvəl elə başa düşdüm ki, o bu sualı mühafizəçilərə verir. Amma mühafizəçilər susduğu üçün düşündüm ki, erməni dilində bilmirlər, ona görə də mən cavab verdim. Meydan “Miatsum, miatsum” deyə dayanmadan qışqırırdı. Dedim: “Deyirlər – “Birləşmək, birləşmək!” Dedi: “Çto to ne poxoj”. Təkrar izah elədim, bundan sonra bir az sakitləşdi. Bir qədər sonra elə bil məni tanıdı. Dedi: “Siz bunları yaxşı tanıyırsız. Necə bilirsiniz, biz neyləyək ki, bunların səsi kəsilsin, qan tökülməsin?”

Mən uydurma erməni soyqırımının İrəvanda 50 illiyinin qeyd edildiyi 1965-ci ildən başlamış, erməni millətçilərinin apardıqları gizli təbliğat və təşviqatları, Qərbi Azərbaycanda azərbaycanlılara qarşı təqiblər, repressiylar, fitnə-fəsadları və sairəni icmal şəklində hamısını ona danışdım. Dedim: “1965-ci ildə hökumət 1915-ci il qondarma erməni soyqırımını İrəvanda Opera və Balet Teatrının binasında qeyd edirdi, millətçilər ora dolandan sonra, onlar çıxıb getdilər. Radikal erməni şovinistlər tədbiri daha kəskin çıxışlarla davam etdirdilər. Tədbirdən sonra şəhərə nümayişə çıxdılar. Bundan sonra böyük izdihamla hava limanına gedən yola çıxdılar. Ancaq bundan sonra ordu onların qarşısını kəsib, izdihamı dağıtdı. Bu proseslərdən sonra Ermənistan KP MK-nın birinci katibi Zarubyanı işdən çıxarıb, yerinə Koçinyanı təyin etdilər. Amma bu proseslər yenə gizli şəkildə davam edirdi. Çünki Koçinyan sələfindən daha qatı millətçi idi. Sonra İrəvanda soyqırımı abidəsinin qoyulmasını misal çəkdim və bu siyasətin onların rəsmi orqanları səviyyəsində davam etdiyini bildirdim. Mən danışdıqca o mühafizəçidən siqaret alıb tüstülədirdi. Tez-tez də soruşurdu: “Yaxşı, biz neyləyək ki, qan düşməsin?” Axırda dedim: “Kamran müəllim, bu meydan bu gün dağıdılmalıdır. Belə davam etsə, bunun axırı çox pis olacaq. Onlar bilməlidirlər ki, dövlət onların istəyi ilə oturub-durmaycaq”. Fikrimi davam etdirib dedim: “Bu meydanda mənə müsbət təsir edən ən doğru və obyektiv çıxış Zaqafqaziya Hərbi Dairəsinin komandanının çıxışı oldu. O general dedi ki, “mən əsgərəm, bu dəqiqə mənə əmr versinlər, bu meydanı bir saatın içində təmizləyim”.

Kamran Bağırova dedim: “Əvvəlcə bu meydan təmizlənməlidir, ikinci- Azərbaycan-Ermənistan sərhədi nəzarətə götürülməlidir, üçüncüsü-Ermənistanda yaşayan azərbaycanlıların təhlükəsizliyi təmin olunmalıdır, fövqəladə vəziyyət elan olunmalıdır...” 15 dəqiqədən artıq danışdıq. Əlbəttə, Kamran Bağırovun çətin bir vəziyyətə düşdüyünü, çıxış yolu tapa bilmədiyini və bundan əzab çəkdiyini görürdüm. Amma onu da hiss edirdim ki, o zəif adamdır. Nəhayət, söhbətimiz başa çatdı. Kamran Bağırov sağollaşıb birinci katibin otağına qayıtdı. Mühafizəçilərdən biri mənə yaxınlaşıb təşəkkür etdi və dedi: “Hidayət müəllim, çox əla danışdınız. Belə demək lazımdır. Cəsarətli fikirlər söylədiniz”. Kim idi tanımadım, amma o məni tanıyırmış.

İnsafən, adını çəkdiyim həmin Levon Adyan bu meydanı müşahidə etdiyimiz elə ilk gündə iki dəfə mənə dedi: “Heydər Əliyev burda olsaydı, bir çıxışı ilə bu meydanı dağıdardı. O imkan verməzdi burada şovinistlər meydan sulasın”. Görün iş nə yerə çatmışdı ki, erməni özü bunu etiraf edirdi. Əlbəttə, bu yerdə Ulu öndər Heydər Əliyevin iradəsi, qətiyyəti, zəkası, belə hadisələrdə qəti və düzgün qərar vermək bacarığı lazım idi. Amma Qorbaçov onu bütün vəzifələrdən uzaqlaşdırıb, təqib altında saxlayırdı.

Bu yerdə yadıma bir hadisə düşdü və onu DQMV-də məsələlər başlayanda çox tez-tez danışırdılar. Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi ilk hakimiyyəti illərində erməni separatçılarının bütün hərəkətlərinə son dərəcə diqqətlə yanaşır və bir azacıq qığılcım olanda dərhal onu yerindəcə söndürürmüş. Bir gün də ona müxtəlif mənbələrdən məlumat çatır ki, Ermənistanda və Stepanakertdə bəzi dairələrdə söhbət gəzir ki, DQMV-nin Ermənistan SSR-ə birləşməsi məsələsi “həllini” tapmağa yaxındır. Bu söhbətlərin daha geniş yayılmağa başladığı bir zamanda DQMV Partiya Komitəsinin plenumu keçirilir. Həmin plenumda Azərbaycan dövlətinin rəhbəri Heydər Əliyev çıxış edir. Məruzənin sonunda Heydər Əliyev xüsusi bir vurğu ilə deyir: “Şayiələr gəzir ki, Dağlıq Qarabağ Muxtar Vilayəti Ermənistan SSR-ə birləşəcək. Sizi əmin edirəm ki, bu şayiələrin heç bir əsası yoxdur. DQMV tarix boyu Azərbaycanın ayrılmaz hissəsi olub və bundan sonra da Azərbaycanın bir parçası olaraq qalacaq. Buna heç kimin şübhəsi olmasın”.

Vilayətin erməni rəhbərliyi ulu öndərin bu çıxışından bərk narahat olur ki, indi zalda bir qarışıqlıq düşəcək. Amma Heydər Əliyev bu sözləri elə qətiyyətlə, sərt və əminliklə deyir ki, hətta bu fikri dövrəyə gətirmiş zalda oturan ermənilər belə, qorxularından bütün salondakılarla bərabər ayaq üstə Azərbaycan liderini dayanmadan, az qala bir neçə dəqiqə alqışlayırlar.

Mənim “Burdan min atlı keçdi” pyesimdə bu hadisələr öz bədii əksini tapıb. Orda bir səhnə var ki, Qarabağdan olan bir ağbirçək ana gəlib Azərbaycanın o vaxtkı rəhbərliyi ilə, Kamran Bağırovla görüşür və vəziyyətdən, ermənilərin separatçılığından, terrorçu hərəkətlərindən şikayətlənir, tədbir görülməsini istəyir. Bağırov yenə mülayimlik göstərir, səriştəsizlikdən qətiyyətini ortaya qoya bilmir və ana görüşdən ayrılandan sonra orda haray qaldırır və deyir: “Ay Heydər Əliyev, hardasan? Hardasan, ay Heydər Əliyev?” bütün zal o hissədə ananı ayaq üstə alqışlayır...

(ardı var)

Müsahibəni qələmə aldı:
İlqar RÜSTƏMOV
XQ

Müsahibə