Brüssel İrəvanı tələyə salır?

post-img

Qərb Ermənistanı Rusiyadan uzaqlaşdırmağa çalışır. Bunun üçün müxtəlif şirnikləndirici vədlər verməkdən də çəkinmir. Belə vədlərin sayı isə hər gün artır. “Brüssel Ermənistanın Avropa İttifaqına (Aİ) daxil olmaq üçün cəsarətli addımını dəstəkləməli və İrəvanın tək qalmamasına təminat verməlidir”. Bunu ispaniyalı deputat Con İnarritu deyib. Onun sözlərinə görə, Ermənistanın yeri Avropadır: “Mən inanıram ki, istər mədəni, istərsə də tarixi əlaqələr baxımından Ermənistanın yeri həmişə Avropada olub. Aİ Ermənistana Avropa ailəsində öz layiqli yerini bərpa etməsi üçün dəstək verməlidir”.

Millət vəkilinin sözlərinə görə, Ermənistanın Aİ-yə üzvlüyü prosesinin vətəndaş imzalarının toplanması yolu ilə irəli sürülməsi və mühüm ictimai dəstək alması çox önəmlidir: “Bu, vətəndaş cəmiyyətinin Ermənistanın milli siyasətinin formalaşdırılmasında, eyni zamanda, Avropa ilə əlaqələrinin inkişafında artan rolunu göstərir”.

Onun sözlərinə görə, Ermənistanın Aİ-yə üzvlüyü regionda təhlükəsizliyi təmin edəcək, müxtəlif sahələrdə əməkdaşlığı artıracaq.

İlk baxışdan hər şey gözəl görünür. Sanki, Aİ-yə üzv ölkələr Hayastanı öz sıralarında görmək üçün sinov gedirlər. Amma reallıq tamamilə başqadır. Əslində, heç bir ölkə Ermənistanı bu qurumda görmək istəmir. Bunun da bir sıra sıra səbəbləri var. Birincisi, Aİ ölkələri ilə heç bir sərhədi olmayan, imkanları məhdud, təbii resursları zəif, hər il dövlət borcu artan, ixrac üçün dünya standartlarına uyğun gəlməyən iqtisadiyyatı Rusiyanın monopoliyasında can verən bir ölkəni niyə üzv qəbul etsin ki? İrəvan zəif iqtisadiyyatı ilə onlara əlavə yükə çevrilə bilər. Hayastanda istehsal olunan keyfiyyətsiz mal Aİ-də kimə lazımdır?

İkincisi, qanunvericilik sahəsində də ciddi fərqlər var. Ona görə də İrəvan idarəetmə, qanunun aliliyi və iqtisadi inkişaf kimi sahələrdə əhəmiyyətli islahatlar aparılmalıdır. Bu, vaxt tələb edir, İrəvan isə buna hazır deyil.

Üçüncüsü, Aİ qonşuları ilə problemləri olan ölkəni sıralarında görmək istəməz. Bu səbəbdən də Ermənistan həm Azərbaycan, həm də Türkiyə ilə problemlərini həll etməli, Azərbaycanla sülh müqaviləsi bağlamalıdır. Bundan sonra ixrac və idxal məsələləri üçün Ermənistanın dünyaya yolu açıla bilər. Söhbət həm də Zəngəzur dəhlizinin işə düşməsindən gedir.

Amma qonşularla problemin həlli də Ermənistanı dərhal Aİ-yə qəbul edəcəkləri anlamına gəlmir. Yada salaq ki, Aİ genişlənmə baxımından kifayət qədər ləng və həvəssiz hərəkət edir. Qərarlar da mürəkkəb və uzun müddət ərzində, fikir ayrılıqları fonunda qəbul edilir. Ermənistanın Aİ-yə namizəd statusu alması çox uzun illər apara bilər. Brüsselin bu qərarı çox uzun müddət təxirə salacağı, geosiyasi oyunlarına davam edəcəyi istisna deyil. Türkiyə, Ukrayna və Gürcüstan uzun illərdir Aİ-yə üzv qəbul edilmir.

Digər tərəfdən, Ermənistan – Rusiya münasibətləri və bu kontekstdə Moskvanın mümkün reaksiyasını da unutmaq olmaz. Onu da xatırlamaq lazımdır ki, Rusiya Ermənistanla Aİ arasında daha sıx əlaqələrə mane olmaq üçün genişmiqyaslı kampaniyaya başlayacaq. Bu da sonda Hayastanın xeyrinə olmayacaq. Çünki Hayastan iqtisadiyyatı Aİ ilə deyil, Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə sıx bağlıdır. Ölkənin aparıcı şirkətlərində Rusiya əsas pay sahibidir. Əgər İrəvan Aİ-yə üzvlükdə israrlı olarsa, Aİİ-yə üzvlüyün verdiyi bütün üstünlüklərini itirəcək. Bundan başqa, Aİ-yə daxil olmaq Ermənistandan Rusiya və onun əsas tərəfdaşları olan İrana qarşı sanksiyalar tətbiq etməsini tələb edəcək. Nəticədə Ermənistan həm strateji müttəfiqlərini itirəcək, həm də iqtisadi və geosiyasi problemlərlə üzləşəcək. Ermənistan da bunu istəməz. Qısası, onun Aİ-yə üzvlük məsələsi inandırıcı deyil. Heç kim onu bu qurumda gözləmir.

Aİ-yə daxil olmaq üçün təşəbbüsün müəllifləri və təşkilatçıları da hazırda quruma üzvlüyün mümkün olmadığını yaxşı başa düşürlər. Onların məqsədi Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxartmaqdır. Bununla gələcək böyük oyuna baza yaratmaq istəyirlər.

Yada salaq ki, Ermənistan parlamenti fevralın 12-də keçirilən növbəti iclasında ölkənin Aİ-yə daxil olması prosesinin başlanması ilə bağlı qanun layihəsini birinci oxunuşda qəbul edib. Qanunun lehinə 63 deputat, əleyhinə isə 7 deputat səs verib. Sənədin qəbulunu yalnız hakim “Mülki müqavilə” fraksiyasının nümayəndələri dəstəkləyiblər. Müxalif “Ermənistan” fraksiyası səsvermədə iştirak etməyib, digər müxalifətçi – “Mənim şərəfim var” əleyhinə səs verib.

Milli Məclisin deputatı Elşad Musayev deyir: “Ermənistan hökuməti bir neçə istiqamətdə fəaliyyət göstərməyə çalışır. Bir vaxtlar Rusiyadan hərbi, Avropadan isə iqtisadi dəstək alırdı. Sonra vəziyyət dəyişdi. İndi haylar Avropadan hərbi dəstək alırlar. 2024-cü ildə Avropa İttifaqı Şurası Avropa Sülh Fondu hesabına Ermənistana 10 milyon avro məbləğində hərbi yardım göstərib. Aİ yaxın zamanda Ermənistana müdafiə qabiliyyətini artırmaq üçün növbəti tranş ayırmağa hazırlaşır. Artıq vəsaitin ayrılması ilə bağlı ilkin razılıq da var. Bu vəsaitin də Ermənistanın silahlanması üçün istifadə olunacağı şübhə doğurmur. Avropa İttifaqı tərəfindən belə saxavət açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır.

Yada salaq ki, haylar Fransadan və Hindistandan silah-sursat alırlar. Buna parallel olaraq ABŞ-dan da hərbi yardım almağa çalışırlar. Haylar Aİ-yə daxil olmaqdan da dividend götürmək istəyirlər. Unutmayaq ki, qurumun xristian təəssübkeşliyi də diqqəti cəlb edir.

Amma nəzərə alaq ki, Hayastan Rusiyanın forpostudur və ondan həm iqtisadi, həm də siyasi cəhətdən asılıdır. Ermənistan iqtisadiyyatının əsas rıçaqları Moskvanın əlindədir. Ermənistan nə qədər çalışsa da Aİ-yə daxil ola bilməyəcək, Rusiya buna imkan verməyəcək. Avropanın aparıcı ölkələri də heç vaxt Ermənistanı Aİ-yə üzv qəbul etməyəcəklər. Çünki Aİ ölkələri arasında da Qərbin özündən narazılıqlar artmaqdadır.

Hər halda hesab edirəm ki, birmənalı şəkildə Hayastanın Avropa İttifaqına üzvlüyü mümkün deyil. Çünki Aİİ-dən çıxış və Aİ ilə daha yaxın münasibətlərin qurulması halında İrəvan çox ağır vəziyyətə düşəcək. Bundan başqa, Avropa İttifaqına üzvlük olduqca uzunmüddətli prosesdir və təşkilatın müxtəlif sahələrdə müəyyənləşdirdiyi çoxsaylı meyarlara tam uyğunlaşmaq tələb olunur”.

Pünhan ƏFƏNDİYEV
XQ



Siyasət