İkiüzlülük sülhə yaraşmır

post-img

Bu barədə bir dəfə yazmışdıq: əgər həkimin qoyduğu diaqnoz “hay xəstəliyi”dirsə, pasiyentin sağalacağına ümid çox azdır. Elə xəstəliklər var ki, tibb elmi onların yaranma səbəblərini tam öyrənə bilmədiyi kimi, müalicə üsullarını da kəşf etməyib. İki əsrdir hayların beynini iflic etmiş “miatsum”u da sağalmaz xəstəliklər “kateqoriyasına” aid etmək olar. Xəstəliyin görünən əlaməti odur ki, pasiyent normal, praqmatik, sağlam düşüncəli addım atmaq qabiliyyətlərini itirir.

Sözdə özünü Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağın, əlaqələri bərpa etməyin tərəfdarı kimi qələmə verən Ermənistan hakimiyyəti Avropaya, xüsusilə də okeanın o tayına adlayan kimi tam fərqli “mahnılar oxumağa” başlayır. Bu dəfə də eyni mənzərəni müşahidə edirik.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan BMT-nin İnsan Haqları Şurasının Cenevrədə keçirilən iclasında “maraqlı” çıxış edib. Onun çıxışının maraq doğuran tərəfi odur ki,hayların baş diplomatı “Azərbaycanı Ermənistana qarşı ərazi iddialarıından əl çəkmədiyini” deyib. Güman edirik ki, Mirzoyanın insan haqlarına “konseptual yanaşmasını” dinləyən avropalıların, heç olmasa, az qismində belə bir sual yaranmalı idi: 30 ilə yaxın Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayan, öz torpaqlarımızda etnik təmizləmə aparıb bir milyon azərbaycanlını qaçqın və məcburi köçkünə çevirən dövlət olaraq Ermənistan hansı üzlə insan haqlarından dəm vurur? Bu mövzunun müzakirə olunduğu tədbirdə rəsmi İrəvanın təmsilçisinin çıxışı, yumşaq desək, həyasızlıq nümunəsi sayılmalıdır.

Biz hayların izahagəlməz həyasızlığına birinci dəfə deyil ki, şahidlik edirik. İşğal dönəmində müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də Qarabağ xuntasının liderləri olmuş, əli dirsəklərinə qədər dinc əhalimizin qanına bulaşmış Ermənistanın ikinci və üçüncü prezidentləri Robert Koçaryan və Serj Sarkisyanın çıxışlarını da unutmamışıq. Koçaryanın “ermənilərlə azərbaycanlıların genetik uyğunsuzluğu” ifadəsini, Sarkisyanın britaniyalı jurnalist Tom de Vaala müsahibəsində Xocalıda törətdikləri soyqırımı ermənilərin dinc azərbaycanlıları da öldürməyə hazır olduqlarını etirafını da dana bilməzlər.

İndi də məhz Ermənistanın xarici işlər nazirliyinin rəhbəri nəinki BMT-nin İnsan Hüquqları Şurasının iclasında iştirak edir, həm də bu beynəlxalq tribunadan Azərbaycanın ünvanına açıq-aşkar yalan və təxribat xarakterli bəyanatlar səsləndirir. Bəli, Mirzoyan bəyan edib ki, Azərbaycanın Ermənistana qarşı ərazi iddiaları var.

* * *

Bu, primitiv və asanlıqla təkzib olunan yalandır. Azərbaycan Ermənistana heç bir ərazi iddiası irəli sürməyib. Azərbaycanın hüquqi aktlarında qonşu dövlətə qarşı ərazi iddiaları ilə bağlı heç bir müddəa yoxdur. Halbuki Ermənistanın Konstitusiyasında və qanunvericiliyində Azərbaycana qarşı ərazi iddiaları hələ də aradan qaldırılmayıb.

Üstəlik, Ermənistanın Türkiyəyə qarşı da ərazi iddiaları var. Amma Mirzoyan təbii ki, bu aşkar faktları dilə gətirmir. Erməni nazir qaranlıq otaqda qara pişiyi tapmağa çalışır, halbuki o, olmayıb və yoxdur. Yəni, olmayanı icad etməklə əsl problemi görməzliyə vurmağa çalışır.

Ədalət ondan ibarət olmalı idi ki, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana qarşı silahlanmaya ciddi məhdudiyyətlər qoyulmalı idi. İkinci dünya müharibəsindən sonra Almaniya və Yaponiyaya tətbiq edilən eyni şeylər. Bu prinsip konstitusiya-hüquqi aktlarında hələ də Azərbaycana qarşı ərazi iddiaları olan Ermənistan üçün vacibdir.

Amma istisna etmək olmaz ki, bu müddəalara əsaslanaraq gələcəkdə Ermənistan rəhbərləri Azərbaycana qarşı təcavüzə cəhd etməyəcəklər. Bu, belə deyil. Amma Ermənistanın törətdiyi cinayətlərin cəzasız qalması fonunda biz BMT tribunasından Mirzoyanın yalançı bəyanatlarını eşidirik. O cümlədən Qərbi Azərbaycan İcmasına qarşı. Amma burada da Mirzoyan qaçırdı. İcmanın məqsədi azərbaycanlıların 1980-ci illərin sonlarında zorla qovulduqları ərazilərə dinc yolla qayıtmasını təmin etməkdir. Bununla bağlı oxuculara Azərbaycan Prezidenti İlham Əliyevin bu il yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibədən bir epizodu xatırladaq: “Ermənistanın indiki ərazisi vaxtilə bu torpaqlarda mütləq əksəriyyəti təşkil edən azərbaycanlıların tarixi torpaqlarıdır. Bu gün biz deyirik ki, 300 min Qərbi azərbaycanlı həmin rayonlara qayıtmalıdır”, – deyə dövlətimizin başçısı vurğulayıb. Gördüyümüz kimi, Prezident İlham Əliyev tarixi ədalətin təntənəsi, yüz minlərlə azərbaycanlının hüquqlarına hörmət edilməsinin vacibliyini önə çəkir. Həmin müsahibəsində cənab Prezident Ermənistan baş nazirinin Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etməsinin düzgün olacağını dedi: “Mən bildiyimə görə, onlar İrəvana getməyə hazırdırlar. Onları qəbul etsin, problemlərini özlərinin dilindən eşitsin. Onlar haqsız yerə oradan qovuldular. Onların ora qayıtmaq hüququ var. Bunu etməsə, o zaman hansı Avropa demokratiyasından danışmaq olar? Axı Ermənistan bu gün özünü Avropa demokratiyası yolu ilə gedən ölkə kimi göstərir. Qoy bunu əyani olaraq göstərsin”. İntəhası, Nikol Paşinyan Ermənistanın demokratik ölkə iddialarının gülünc olduğunu sübut edən bu təklifə cavab verməyə özündə cəsarət tapmadı.

* * *

Qərbi Azərbaycan İcmasının tarixi vətənlərinə sülh yolu ilə qayıtmaq haqqı beynəlxalq hüquqda təsbit olunub. Burada Ermənistana qarşı heç bir ərazi iddiasından söhbət gedə bilməz. Yəni, A.Mirzoyanın BMT toplantısındakı çıxışı “qara məni basınca mən qaranı basım” avantürasından başqa bir şey deyil.

Mövzu ilə bağlı XQ-yə danışan Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxova görə, yalan və böhtan Ermənistanın həm daxili, həm də xarici siyasətinin əsas seqmentlərindən birinə çevrilib: “Onlar birinci dəfə deyil ki, ikiüzlü, riyakar davranaraq, şərləmək, şantaj üsullarına əl atırlar. Maraqlı vəziyyət yaranıb. 250 min azərbaycanlını Ermənistandan kim deportasiya edib? Bunu başqa planetdən gələnlər ediblər? Nə tez yadlarından çıxdı. Yaxud, Qarabağdan kənarda işğal etdikləri yeddi rayonumuzdan qovduqları yüz minlərlə soydaşımızın taleyi onları maraqlandırırdımı? Bəlkə bundan da xəbərləri yox idi? Rəsmi İrəvan Qərbi Azərbaycan məsələsini birinci dəfə deyil ki, qaldırır. Doğma yurdlarından çıxarılmış, indi isə halal torpaqlarına qayıtmaq istəyən soydaşlarımızın timsalında “hücuma hazırlaşan ordunu” görən hayların baş diplomatı yalan və feyk-məlumatlarla beynəlxalq ictimaiyyətdə xof yaratmaq məqsədini güdür.

Xaricdən kütləvi qırğın silahları alan Ermənistanın hərəkətləri bizim kimi, dünyanı da narahat etməlidir. Qərbi azərbaycanlılar isə öz yurdlarına qayıdacaqlar. Çünki onların ata-babaları əsrlər boyu İrəvan xanlığında yaşayıblar və hesab edirəm ki, bundan sonra da yaşamalıdırlar. Əlbəttə, biz qayıdışın silahsız, top-tüfəngsiz, dinc yolla reallaşmasının tərəfdarıyıq. Onların əks-arqument kimi irəli sürdükləri Azərbaycanın kənardan müasir silahlar alması məsələsinə gəldikdə isə bizim torpaqlarımızın 30 il işğal altında olduğunu bütün dünya bilir. Ona görə də hər zaman ərazimizə yeni işğal planlarına hazır olmalı, bunda ötrü hərbi gücümüzü artırmalıyıq. Bu reallığı təhrif etmək, dezinformasiya yaymaq üçün Ermənistanın başqa arqumenti yoxdur. Yəni, özlərinə bəraət qazandırmaq, vəziyyəti baş-ayaq göstərməkdan ötrü belə üsullara əl atırlar. Bu yolla Azərbaycana təzyiq etmək, yeni ideoloji zərbələr endirməyi düşünürlər. İrəvanın heç vaxt çatmayacağı məqsədi bundan ibarətdir”.

Məsələnin daha bir maraqlı tərəfi odur ki, BMT-nin İnsan Haqları Şurasının iclasında çıxış edən Mirzoyan, mahiyyət etibarilə, yüz minlərlə azərbaycanlını qanuni hüquqlarından məhrum etməyə çalışıb. Onun arqumentsiz və primitiv fərziyyələri bunun sübutu sayılmalıdır. Ermənistan xalqımıza məxsus tarixi-mədəni irsi dağıtması və təhrif etməsi ilə bağlı vəziyyəti izləmək üçün UNESCO-nun faktaraşdırıcı missiyasının ölkəyə səfərinə icazə verməlidir. İrəvan bunu etmir. Bunun əvəzində hayların xarici siyasət idarəsinin rəhbəri 30 il ölkəmizin müvəqqəti işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırılmış gəlmə ermənilərlə bağlı mövzu ətrafında spekulyasiya etməyə çalışır. Həmin ərazilərin vəhşicəsinə talana, milli-mədəni irsin dağılmaya məruz qaldığını sübuta yetirən kifayət qədər fakt, sənədli sübut və şahidlər var.

* * *

Ermənistan 30 il BMT və digər beynəlxalq təşkilatların faktaraşdırma missiyalarının Azərbaycanın işğal olunmuş ərazilərinə baş çəkmələrinin qarşısını alıb. Bunun niyə baş verməsinin səbəbi indi hamıya aydındır. A.Mirzoyanın özü də hər şeydən yaxşı xəbərdardır, amma buna baxmayaraq ağ yalan danışır. Yeri gəlmişkən, BMT missiyaları 2023-cü ildə keçirilən antiterror tədbirindən sonra Qarabağ bölgəsinə iki dəfə səfər edib və hesabatlarında bölgədə etnik təmizləmə və zorakılıq aktlarının qeydə alınmadığını qeyd ediblər.

Daha bir məqamı qeyd etməyi vacib sayırıq. Rəsmi İrəvanın beynəlxalq platformalarda “Dağlıq Qarabağ” hekayətini təbliğ etməsi sülhə xidmət etmir, əksinə, erməni siyasi isteblişmentində hələ də revanşist əhval-ruhiyyənin qorunub saxlandığını göstərir. Əgər Ermənistan, həqiqətən də, davamlı sülhə can atırsa, öz ərazisində keçmiş qondarma rejimin nümayəndələrinin iştirakı ilə tədbirlərin keçirilməsinə, o cümlədən onun “prezidenti” və “parlamenti” adından bəyanatların səsləndirilməsinə, İrəvanda bu rejimin “bayrağının” dalğalanmasına, “ofislərinin” saxlanmasına imkan verməməlidir. O da aydındır ki, Ermənistan sülh prosesi kontekstində Qarabağda insanlığa qarşı törətdikləri cinayətlərə görə məsuliyyət daşıyan Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan və başqalarını özü məsuliyyətə cəlb etməlidir.

Özünü demokratik adlandıran ölkədə birinci prezidenti Ter-Petrosyanın azərbaycanlılara qarşı etnik təmizləmə ilə bağlı son etiraflarından sonra cinayət işi açılmalı idi. Fəqət, Ermənistan hüquq-mühafizə orqanları bu videolara məhəl qoymur, heç nə olmayıbmış kimi davranır.

Bütün bunların fonunda Ararat Mirzoyanın BMT-nin tribunasından Qarabağ xuntasının hərbi cinayətlər törətməkdə təqsirləndirilən keçmiş liderlərinin Bakıda davam edən məhkəmə prosesini hansısa formada şərh etmək cəhdi riyakarlığın bariz nümunəsidir. Əslində, bu xətt Ermənistan XİN rəhbərinin Cenevrədəki çıxışının leytmotivini təşkil edirdi. Yalan və ikiüzlülük heç vaxt ölkələr arasında sülhün bərqərar olmasına kömək etməyib. İndi elə məqam yetişib ki, İrəvan rəsmiləri belə mötəbər məclislərdə özləri danışıb özləri də eşidirlər.

Məşhur lətifədə deyildiyi kimi, çəlləyin üstündə alovlu natiqdən hamı bezib dağılışır, amma bir “dinləyici” getməyib gözləyir. Sonda məlum olur ki, yalançının çıxışına dözən çəlləyin sahibi imiş.

Əvvəldə yazdığımız kimi, sağalmaq perspektivi olmayan pasiyenti həkim uzun müddət ətraf aləmdən təcrid edir. Ermənistan özü-özünü dalana salıb. Haylar bunun fəsadlarını həyatın bütün sahələrində hiss edirlər.

İmran BƏDİRXANLI
XQ





Siyasət