Xocalının “Ana haray”ı

post-img

İnsanlıq tarixinin ən qanlı səhifələrindən biri olan Xocalı soyqırımı təkcə bir xalqın deyil, ümumilikdə bəşəriyyətin faciəsidir. Bu hadisələr müharibənin amansızlığının, insan hüquqlarının kobud şəkildə pozulmasının əyani göstəricisidir. Xocalı təkcə bir şəhərin yox olmasından ibarət deyildi, həm də xalqın etnik təmizlənməsi və mənəvi iflasının əvvəlcədən hazırlanmış ssenarisi idi.

Bu soyqırımı heç vaxt Azərbaycan xalqının yaddaşından silinə bilməz. Dünən Bakının Xətai rayonundakı “Ana harayı” abidəsinin ətrafı insan selinə qərq olmuşdu. Şaxtalı, soyuq havada uşaqdan-böyüyə minlərlə insan abidəni ziyarət edir, qarşısına gül dəstələri düzür, faciə nəticəsində həlak olanların ruhuna dualar oxuyurdu.

“Ana harayı” abidəsi bizə nələri deyir? Sanki erməni cəlladları tərəfindən öldürülmüş körpəsini qolları üzərinə almış Xocalı qadını fəryad edir, dünyada baş verən müharibəyə, qətliamlara ittihamlar səsləndirir. Abidənin ətrafında sükut dolu bir atmosfer var. Onun üzündəki xətlər analıq ağrısını, övlad itkisini, tarixi hadisəni özündə əks etdirir. Bu, yalnız bir abidə deyil, xalqın tarixindəki ən acılı anların daş harayıdır. Xalqımızın oğul və qızlarını itkisinin ağrısı, müharibənin sarsıdıcı gücünün simvoludur. Bu abidə, eyni zamanda, bir ümiddir – ana inanır ki, övladları onun doğulduğu torpaqları yenidən canlandıracaq.

“Ana harayı” abidəsini ziyarətə gəlmiş sakinlərlə həmsöhbət olduq. Onlar bildirdilər ki, torpaqlarımız düşməndən azad edilsə də, bəşəriyyət əleyhinə amansızcasına törədilmiş Xocalı faciəsini unutmayacaqlar.

Sevgili Rəsulova, şəhər sakini:

– Xocalı faciəsinin saniyəsini belə unutmaq olmaz. Oradakı ah-nalələr xalqımızın ruhuna hopub. Cinayətkar ermənilərin vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülüb, 487 nəfər şikəst olub, 1275 nəfər dinc sakin əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalıb. 150 nəfərin taleyi hələ də məlum deyil.

Bu gün Xocalı şəhidlərinin ruhları şaddır. Çünki Xocalı və işğaldan azad olunmuş bütün digər rayonlarımız tam azaddır. Artıq Xocalı soyqırımı günü Azərbaycan xalqının birliyinin, milli təəssübkeşliyinin simvoluna çevrilib. Mən buraya axışıb gələn insanlarda birlik şüarını görürəm.

Layla Manaflı, 189-190 nömrəli məktəbdə təcrübəçi:

– O vaxt Xocalı şəhərində yaşayan insanlar erməni silahlı qüvvələri tərəfindən hücuma məruz qalıb və həyatını itirib. Mülki əhali, qadınlar, uşaqlar, qocalar bu hücumdan qaça bilməyib. Xocalı şəhəri dağıdılıb, insanlar qaçarkən bir çoxu yolda vurulub, ya da çox ağır şəraitdə öldürülüb. Xocalı faciəsi haqqında çox eşitmişəm, amma bu faktlar məni daim kədərləndirir. Oradakı insanlar sadəcə yaşamaq istəyirdi, amma allahsızlar onları yaşamağa qoymadı. Eşitdiklərim bəzən o qədər ağır olur ki, insan sadəcə susur, gözləri dolur.

Masil Dəmirov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi:

– Fevralın 26-sı Azərbaycan xalqının tarixinin ən dəhşətli faciələrindən birinin baş verdiyi gün kimi yaddaşlarda əbədi qalacaq. Bu tarixi bir daha xatırlamaq üçün abidəni ziyarətə etməyə gəlmişik. Tələbələrimizə də bu barədə həmişə danışırıq ki, onlar da faciənin mahiyyətini tam anlasınlar. Ermənilərin silahlı təcavüzü zamanı Xocalı şəhərinin xeyli mülki əhalisi faktiki olaraq vəhşicəsinə qətlə yetirilib. Yüzlərlə dinc sakinin həyatına son qoyan Xocalı soyqırımı təkcə müharibənin vəhşiliyinin deyil, həm də beynəlxalq ictimaiyyətin bəşəriyyətə qarşı cinayətlər qarşısında susqunluğunun simvoluna çevrildi. Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması təkcə tarixi ədalət məsələsi deyil, həm də gələcəkdə belə cinayətlərin qarşısının alınması üçün gərəkdir.

1993-cü il fevralın 23-də imzalanmış “Azərbaycana qarşı edilmiş vəhşiliklərin açıqlanması haqqında” fərman kağız üzərində qalaraq, 1992-1993-cü ilin yarısına qədər hakimiyyətdə olmuş zəif qüvvələr passivlik göstərdilər, çox sayda hüquqi normaların olmasına baxmayaraq, Xocalı faciəsinin real mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması üçün heç bir iş görmədilər. Bu soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı real işlər Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf etdi. Bu məqsədlə atılan mühüm addımlardan biri, erməni təcavüzü nəticəsində üzləşdiyimiz milli faciələrimizə siyasi-hüquqi qiymətin verilməsi oldu.

Habil Niftalı, QHT rəhbəri:

– “Ana harayı” abidəsini ziyarət etmək vətəndaşlıq borcumuzdur. Azərbaycan xalqı torpaqlarımız uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir. Faciə haqqında danışmaq çox çətindir. Soyqırımını törədənlər Xocalı sakinlərini misli görünməmiş qəddarlıqla öldürmüş, diri-diri yandırmış, başlarının dərisini soymuş, gözlərini çıxarmışdılar. O gecə tariximizə təkcə xocalılıların deyil, bütün xalqımızın qanlı göz yaşları ilə yazıldı. Lakin Xocalının dərdli-naləli gecəsi barədə nə qədər yazılsa və deyilsə belə, yenə də müsibət və dəhşətləri olduğu kimi təsəvvür etmək çətindir.

Leyla Salmanzadə, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi:

– “Ana harayı” abidəsini ürək ağrısı ilə ziyarətə gəlmişəm. Xalq olaraq heç vaxt Xocalı faciəsini unutmayacağıq. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Xocalılar bu amansız soyqırımı günündə azərbaycanlıya xas olan mərdlik, igidlik nümayiş etdirib, özlərini əsl qəhrəman kimi apararaq erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə son nəfəslərinə qədər vuruşub, düşmən qarşısında əyilməyiblər. Allah şəhidlərimizə rəhmət eləsin.

Rahim Mirzəcan, şəhər sakini:

– Bu gün “Xocalıya ədalət!” dünyanı gəzir, beynəlxalq kürsülərdən insanları haqsızlığa, zülmə və zülmkarlığa, terrorçuluğa qarşı mübarizəyə çağırır. Məqsəd Xocalı faciəsinin əsl mahiyyətini, cinayətkarları və onların havadarlarını dünyaya bəyan etməkdir. Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman Ordumuz Prezident, Müzəffər Ali Baş Komandan İlham

Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı. Xocalı hadisəsinin törədilməsində şübhəli bilinən hərbi xunta nümayəndələri tutularaq Bakıya gətirilib və hazırda onların məhkəməsində Xocalı faciəsi cinayət epizodlarından biri kimi qeyd olunub.

Rizvan FİKRƏTOĞLU,
Elşən AĞALAR (foto)
XQ



Sosial həyat