Bahar Muradova: Gənclər Qərbi Azərbaycan və Zəngəzur prosesinin fəal iştirakçısı olmalıdırlar

post-img

“Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında bu icmanın yaradılması və onun qarşısında duran vəzifələrdən danışarkən, bu vəzifələrin dövlət qurumlarının, vətəndaş cəmiyyətinin, medianın, ümumilikdə bütün dünya azərbaycanlılarının fəaliyyət sahəsi olduğunu vurğuladı. Biz də Dövlət Komitəsi olaraq bu regiondan olan ailələrin, onların üzvlərinin, xüsusilə qadınların, uşaqların və yeniyetmə gənclərin bu ruhda tərbiyəsi, milli kökə bağlılıq və onun üzərindən çıxış edərək qarşımızdakı hədəflərə doğru irəliləməsini təmin etmək üçün müxtəlif səpkili tədbirlər keçiririk”.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova söyləyib.

“Biz dəfələrlə vətəndaş cəmiyyəti, siyasi partiyaların nümayəndələri və fəal gənclərlə birlikdə Qərbi Azərbaycan və Zəngəzur dəhlizi ilə bağlı həm beynəlxalq konfranslar çərçivəsində, həm də ölkə miqyaslı tədbirlərdə bu məsələləri qaldırmışıq və hesab edirik ki, gənclər bu prosesin fəal iştirakçısı olmalıdırlar. Bu gün də Qərbi Azərbaycan İcması ilə birlikdə təşkil etdiyimiz tədbirdə biz yenə də gənclər qarşısında çıxış edir, qarşıdakı dövrdə onların hansı məsələlərə diqqət etməsini, milli kimlik məsələsini, yurd və onun insanın formalaşmasındakı rolunu yenidən dəyərləndirilməsinə ehtiyac olduğunu onların diqqətinə çatdırırıq. Məhz bununla başlanan işimiz Zəngəzura qayıdana, bu gənclərin qayıdıb orada öz ata-baba yurdlarına sahib çıxana qədər davam edəcək”, - deyə B.Muradova diqqətə çatdırıb.

Sosial həyat