“Yurdum” mərhəmət və şəfqət adasıdır

post-img

Burada xüsusi qayğıya ehtiyacı olan uşaqlar nicat tapırlar

Hər birimiz övladlarımızın, ilk növbədə, sağlam olması üçün əlimizdən gələni edirik. Ancaq acı həqiqət budur ki, hər uşaq da sağlam doğulmur. Autizm, serebral iflic, əqli gerilik və digər qüsurlar səbəbindən sağlamlıqları məhdud olan uşaqlar xüsusi qayğıya ehtiyac duyurlar.

Bir gün belə uşaqlardan bir qrupu ilə yenə görüşdük. “Yurdum” inklüziv icmasında uşaqlar bizi elə qapının ağzındaca mehribanlıqla qarşıladılar. Hamının nəvazişlə Gülü deyə çağırdığı Gülsarə İsrafilova əlimizdən yapışıb bizi icmanın yerləşdiyi mərkəzin 2-ci mərtəbəsinə az qala qaçaraq aparır. Demə yoqa dərslərinə hazırlaşıblarmış. Uşaqlar dördbucağlı döşəklərin üzərində tez bir zamanda yerlərini rahatlayıb məşqçilərini gözləyirlər. Dərsləri 20 illik yoqa təcrübəsi olan təlim üzrə koordinator Teymur Hüseynov aparır. Uşaqların yoqanın müxtəlif elementlərini necə yüngül şəkildə icra etmələri xüsusilə xoş təsir bağışlayır. Daha sakit və daha az fiziki güc tələb edən hərəkətlərin təsiri altında daxillərindəki enerji sanki oyanır.

Yoqa məşqlərindən sonra icma üzvlərindən biri, gənc qız Lalə Ağayeva təəssüratlarını bizimlə bölüşdü. Elə döşək üzərindəcə xoşladığı yoqa elementlərini nümayiş etdirdi. Qeyd etdi ki, sevə-sevə yerinə yetirdiyi bu hərəkətlərdən sonra özünü rahat hiss edir.

Dərslərdə fəallığı ilə seçilən 22 yaşlı Səid Qəniyevlə də həmsöhbət olduq. Tez qaynayıb-qarışan bu oğlan yoqaya sevgisinin hədsiz olduğunu dilə gətirdi. Dedi ki, evdə də bu hərəkətləri edir.

“Yurdum” layihəsinin həmmüəllifi Vəfa Xəlilova qrup halında keçirilən yoqa dərslərində əsas məqsədin bədən və zehnin harmoniyasını təmin etmək, rahatlamaq və enerjini balanslaşdırmaq olduğunu dedi. O eyni zamanda, icma üzvləri üçün şam hazırlama dərslərinin təşkil edildiyini vurğuladı: “Mərkəzdə icma üzvləri üçün xüsusi şam hazırlama dərsləri təşkil olunur. Bu fəaliyyət, sadəcə, əyləncə və yaradıcılıqdan ibarət deyil, həm də meditativ bir prosesdir və diqqət cəmləməyə kömək edir. Şam dərsləri bir sənətkarlıq məşğuliyyəti deyil, həmçinin psixoloji, emosional və sosial rifahı dəstəkləyən güclü bir terapiya vasitəsidir.

Böyük məmnuniyyətlə uşaqların növbəti dərsində iştirak etdik. Şam hazırlamaq üçün stolun ətrafında dövrə vuraraq əyləşən icma üzvləri böyük həvəs və maraqla işə başlayırlar. Öyrənirik ki, şamların hazırlanmasında istifadə edilən ətirlər, seçilən rənglər hamısı terapevtik xüsusiyyət daşıyır, rahatlıq gətirir. Dərsi aparan Röya Rəsulzadə mehribanlıqla hamıya şamların hazırlanması qaydasını göstərir. Lalə Ağayeva, Gülsarə İsrafilova, Şövqü Əhmədov, Fərid Ociyev və başqaları oradaca hazırladıqları paxlava, gül, ürək şəkilli şamları böyük maraqla nümayiş etdirirlər.

Həmsöhbət olduğumuz “Yurdum” layihəsinin həmmüəllifi Zarema Yaqizarova icmada xüsusi xoş atmosferin yaradılmasının çox önəmli olduğunu dedi:

– “Yurdum” icması gördüyünüz bu evdə yerləşir. Bura yalnız gündəlik fəaliyyətlərin keçirildiyi bir yer deyil, eyni zamanda hər kəsin özünü dəyərli, qəbul edilmiş və rahat hiss etdiyi, həyatın ahəngini duyduğu bir məkandır. Əsas məqsəd, ev kimi isti və rahat bir mühit formalaşdırmaqdır. Yaradılan atmosfer hər bir insanın özünü rahat və dəyərli hiss etməsinə yönəlib.

Zarema xanım icma üzvlərindən Şamxalın plastilinlə işləməsinə diqqətimizi yönəldir:

Şamxal plastilini əlində top şəklində yumrulayır və bu zaman əlinin və plastililinin istiliyinin dəyişdiyini hiss edir. Gördüyümüz fəaliyyətlər də hər bir icma üzvünün daxili istiliyini artırır, onların ətrafa, bir-birlərinə münasibətini dəyişir.

Şam dərslərindən sonra uşaqlar bizi mətbəxə, günün əvvəlində öz əlləri ilə hazırladıqları müxtəlif növ şirniyyatlara da qonaq edirlər. Çay süfrəsi arxasında kökə və peçenyelərin hazırlanması qaydasını az qala xorla izah edirlər.

Çay süfrəsində gənc qız Nərgiz Mürsəliyeva ilə söhbətləşirirk. O, rəqs dərsləri ilə bağlı bizə məlumat verir. Öyrənirik ki, bu məlumat heç də təsadüfi deyilmiş. Günün sonunda uşaqları rəqs dərsləri gözləyir. Artıq Teymur müəllim piano qarşısında şagirdlərini gözləyir. Onlar əvvəl “Yalllı” gedir, sonra “Uzundərə”nin sədaları altında süzürlər. Rəqs, icma üzvlərinin öz hisslərini ifadə etməsi və birlikdə əylənməsi üçün vacib bir fəaliyyət növüdür. Rəqs və musiqi – bizim ifadə dilimizdir. Bütün duyğular burada azad olur. Musiqi ilə bədənin ritmini anlamaq və hərəkətlərə uyğunlaşmaq özünü ifadə etməyə kömək edir və özünəinamı artırır.

Bütün gün ərzində vaxtlarını səmərəli keçirən, öz bacarıqlarını göstərən uşaqlar rəqslərindən sonra bir qədər yorğun görünürlər. Onlar artıq evə tələsirlər. Evdə isə günü necə keçirdikləri ilə bağlı maraqlı təəssüratlarını ailə üzvləri ilə bölüşəcəklər.

Mərkəzin rəhbəri “Humayun” Qeyri-Hökumət Təşkilatının sədri Firəngiz Hüseynova 1 ildən artıq fəaliyyət göstərən “Yurdum”un müxtəlif qabiliyyətlərə malik insanların birlikdə çalışdıqları inklüziv bir icma olduğunu bildirdi. O, “Humayun” QHT tərəfiindən həyata keçirilən sosial ekokənd layihəsi çərçivəsində burada icma üzvlərinin müxtəlif fəaliyyətlərdə iştirak etdiklərini və fərqli bacarıqlar qazandıqlarını vurğuladı. Qeyd etdi ki, buradakı fəaliyyətlər hər kəsin fiziki, emosional və sosial rifahını gücləndirmək məqsədi daşıyır.

Firəngiz xanım uşaqların rəqs, yoqa, şam dərsləri ilə yanaşı, rəsm dərnəyinə böyük marağından da danışdı:

– Azərbaycanda İkinci Qarabağ müharibəsində şəhid olan əsgərlərin xatirəsinin rəmzi olaraq qəbul edilən Xarı bülbül, eləcə də qədim irsimiz olan muğama həsr etdiyim rəsmləri, digər bu kimi tabloları uşaqlara təqdim etməklə, həm onları məlumatlandırırıq, həm də Vətənimizə, xalqımıza, rəmzlərimizə məhəbbət ruhunda tərbiyə edirik. Çalışıram ki, uşaqlar rənglərdə olan çalarlarla yaxından tanış olsunlar, onu duysunlar. Sevinirik ki, bunlara nail olmuşuq. Artıq sərgiyə hazırlaşırıq.

Bu uşaqlara müxtəlif bacarıqlar aşılamaq, doğrudan da, böyük peşəkarlıq, səbir və məharət tələb edir. Onlar burada, həm həyat üçün vacib olan bacarıq və vərdişlər əldə edir, həm vaxtlarını səmərəli keçirir, həm də sosiallaşırlar.

“Xüsusi” qızlar və oğlanlar da adi uşaqlar kimi xoşbəxt gələcək arzusundadırlar. Ailə, ev, dostluq və sevgi kimi sadə, amma vacib dəyərlər onlar üçün böyük önəm daşıyır. Onlar bu xoşbəxtliyi “Yurdum”da tapıblar.

Leyla QURBANOVA,
Cavid QAÇAYEV (foto)
XQ



Sosial həyat