“Yüksək mədəniyyətli Azərbaycan vətəndaşı” innovativ kulturoloji layihəsi başlayıb

post-img

Bakıda “Simurq” AMA-nın kulturoloji layihəsi çərçivəsində “Yüksək mədəniyyətli Azərbaycan vətəndaşı” adlı ilk kulturoloji elmi oxunuşlar öz işinə başladı. 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin qrantı əsasında həyata keçirilən layihə 6 kateqoriyadan olan benefisiar qrupları – məmurlar, pedaqoqlar, müəllimlər və tərbiyəçilər, jurnalistlər, muzey və kitabxana işçiləri, gənclər və qadın QHT-ləri, tibb müəssisələrinin işçiləri üçün kulturoloji ustad dərslərinin, mühazirələrin və təlimlərin təşkil edilməsini nəzərdə tutur. 

Sözügedən layihə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında, Heydər Əliyev Fondunun dəstəyi ilə Mədəniyyət Nazirliyi tərəfindən işlənib hazırlanmış ölkənin yeni sosial-mədəni strategiyasının müvəffəqiyyətlə reallaşdırılmasına dəstək məqsədilə həyata keçirilir. Strategiya dövlət başçısının qeyd etdiyi üzrə, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa olunmasından sonra başlanan “yeni eraya” uyğun olaraq, Azərbaycan xalqının ruhi mədəniyyətinin – intellektual və mənəvi mədəniyyətinin inkişafında yeni mərhələyə çatmağa istiqamətlənib. 

Layihənin əsas məqsədi – Azərbaycanın davamlı, rəqabətqabiliyyətli və təhlükəsiz inkişafının məqsədi, strateji bərpa olunan resursu və başlıca hərəkətverici qüvvəsi kimi nəzərdən keçirilən yüksək mədəniyyətli ölkə vətəndaşlarının formalaşmasına vətəndaş dəstəyidir. 
Layihənin iştirakçıları – insan kapitalının nüvəsini təşkil edən mütəxəssislər və vətəndaşlar mədəniyyət, sivilizasiya və kulturologiya haqqında yeni elmi biliklər hesabına öz intellektual potensiallarını yüksəltmək imkanı əldə edəcəklər. Onlar mədəni dəyərlər və kulturogenez, intellektual, etik, hüquqi, idarəetmə, siyasi, ekoloji, dini mədəniyyət, əmək mədəniyyəti, peşəkar etikası və məsuliyyət mədəniyyətinin mahiyyəti və xüsusiyyətləri haqqında təsəvvürlərini genişləndirəcəklər. Benefisiarlar insan inkişafında, həyatqabiliyyətli cəmiyyətin və güclü dövlətin tərəqqisində, təhsil sisteminin təkmilləşdirilməsində, daimi dəyişikliklər və zamanın çağırışları ilə şərtlənən davamlı kulturoloji transformasiyaların həyata keçirilməsində kulturologiyanın  əvəzolunmaz yaradıcı rolu barədə öyrənmək imkanı qazanacaqlar. 

Layihə Azərbaycan vətəndaşlarına özlərini təkmilləşdirmək və öz həyatlarını yaxşılaşdırmaq, düşüncələrini və hislərini idarə etmək, öz emosional intellektini inkişaf etdirmək, çətinlikləri dəf etmək, sağlamlığını qorumaq və vaxtı rasional idarə etməsinə kömək göstərməyə hədəflənib. 

Məmurlar, dövlət qulluqçuları və iş adamları öz biliklərini xarici ölkələrin zəngin təcrübəsi, dövlətçilik mədəniyyəti, iqtisadi inkişaf, liderlik və özünüidarə mədəniyyəti sahələrində qərar qəbul etmək üçün faydalı olan universal idarəetmə texnologiyaları ilə zənginləşdirəcəklər. 
Kulturoloji bilikləri aşkara çıxarmaq və məşğələlərin yüksək keyfiyyətinə dəstək olmaq məqsədilə, öyrədici təlimlər prosesində iştirakçıların kulturoloji anket sorğusu keçiriləcəkdir.   

Kulturoloji oxunuşları dinləmiş və müvəffəqiyyətlə başa vurmuş benefisiarlar “Yüksək mədəniyyətli Azərbaycan vətəndaşı” sertifikatı ilə təltif olunacaq və onlara “Simurq” AMA-nın yeni – “Yüksək mədəniyyətli insan” monoqrafiyası hədiyyə ediləcəkdir. 

Daha çox sayda Azərbaycan vətəndaşını əhatə etmək məqsədilə 2025-ci ildə layihənin təkcə paytaxt Bakıda deyil, Azərbaycanın digər şəhər və rayonlarında da davam etdirilməsi nəzərdə tutulur. Universal kulturoloji biliklərin yayılması prosesinə Azərbaycanın bütün təlim və tədris müəssisələrinin, elmi təşkilatların, mədəniyyət və incəsənət müəssisələrinin, nazirliklərin və idarələrin, Bakı şəhəri və onun rayonlarının icra hakimiyyəti orqanlarının, KİV müəssisələrinin, nəqliyyat təşkilatlarının, dini təsisatların, biznes strukturlarının, istehsal və kənd təsərrüfatı müəssisələrinin, turizm təşkilatlarının, gənclər və uşaq, qeyri-hökumət və həmkarlar təşkilatlarının, yaradıcı birliklərin, habelə Ağsaqqallar və Veteranlar Şuralarının personalını cəlb etmək planlaşdırılır. Kulturoloji elmi oxunuşları regional tədris müəssisələri və mədəniyyət mərkəzlərində, həmçinin xüsusi istedadlı uşaqlar və gənclər üçün, analıq institutunun inkişafına dəstək məqsədilə isə - xüsusi liseylərdə təhsil alan qızlar üçün keçirmək planlaşdırılır. 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədov tərəfindən aparılan kulturoloji ustad dərsi “Simurq” AMA-nın 35 illik fəaliyyəti dövrünə aid elmi tədqiqatların nəticəsi olan universal kulturoloji bilikləri əks etdirən təriflər, formullar, sxemləri özündə əks etdirən yüzdən artıq slaydın təqdimatı ilə müşayiət olundu. 
Azərbaycan Kulturoloqlar Cəmiyyətinin üzvü, tarix elmləri doktoru, professor Minaxanım Əsədli oxunuşlarda Azərbaycan alimlərinin dünya kulturologiya elminə verdiyi töhfəyə həsr olunan maraqlı məruzə ilə çıxış etdi. Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Ramazan Şabanov tərəfindən keçirilən təlimdə demokratiya siyasi mədəniyyətinin tarixi, dövlət idarəetmə və dövlət qulluğu mədəniyyətinin xüsusiyyətlərinin məzmunlu təhlili yer aldı. 

Yüksək mədəniyyətli vətəndaşların formalaşdırılması və inkişaf etdirilməsi prosesinin həvəsləndirilməsi məqsədilə, layihənin növbəti mərhələlərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin rəhbərliyi altında “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası və Azərbaycan Kulturoloqlar Cəmiyyəti tərəfindən “Yüksək mədəniyyətli Azərbaycan vətəndaşı” adlı xüsusi müsabiqələrin keçirilməsi planlaşdırılır. 

Qeyd edək ki, layihənin rəhbəri, “Simurq” AMA-nın  Rəyasət Heyətinin məsul katibi Leyla Hacıyevadır.

Anar ƏLİ,
XQ

Sosial həyat