Müstəqil Azərbaycan dövləti əhalinin etnik tərkibinə və dini inancına görə çoxmillətli və çoxkonfessiyalı ölkədir. Bu qədim, gözəl və bərəkətli məmləkətdə azərbaycanlılarla yanaşı, tarixən çox sayda digər xalqların və etnik azlıqların nümayəndələri məskunlaşıblar və əsrlər boyu dostluq və mehriban qonşuluq şəraitində yaşayıb yaradıblar.
Ölkəmizdə heç vaxt milli, etnik, dini zəmində ayrı-seçkilik olmayıb. Yaxın-uzaq keçmişdə də belə olub, bu gün də belədir və zərrə qədər şübhə yoxdur ki, bu gözəl ənənələr gələcəkdə də davam edəcək. Elin gücü sel gücüdür! 2020-ci ilin payızında 44 günlük şanlı döyüşlər zamanı Azərbaycan vətəndaşları dəmir yumruq kimi birləşib yağı düşməni torpaqlarımızdan qovub çıxardılar.
Əziz oxucu, jurnalist peşəsi ilə əlaqədar ölkəmizin əksər bölgələrini, şəhər və kəndlərini çox gəzmişəm. Heç bir yerdə, istər məmləkətin cənubunda talış qardaşlarımızın, istərsə də şimalda kompakt yaşayan ləzgi dostlarımızın dilindən heç vaxt milli zəmində giley-güzar eşitməmişəm. Əksinə, hər eldə, obada dostluq, qardaşlıq, həmrəylik nümunələri görmüşəm.
Müstəqil Azərbaycanda bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş mükəmməl milli siyasət konsepsiyası bu gün Prezident İlham Əliyevin liderliyi ilə böyük uğurla davam və inkişaf etdirilir. Dövlətimizin başçısı dəfələrlə vurğulayıb ki, o, hər bir azərbaycanlının prezidentidir və heç bir daxili və xarici qüvvə Azərbaycan xalqının birliyini, həmrəyliyini pozmaq gücündə deyil.
Bu, bir reallıqdır ki, Azərbaycandan tam fərqli olaraq, Ermənistan faktiki olaraq yalnız hayların məskunlaşdığı monoetnik bir dövlətdir. Orada demək olar ki, digər millətlərin nümayəndələri yaşamırlar. Ona görə ki, ermənilər onların evlərinə, mülklərinə haçansa basqınlar edərək var-dövlətlərini yağmalayıblar, hətta dinc, günahsız insanları isə vəhşicəsinə qətlə yetiriblər. Qatı erməni millətçiliyinin xisləti budur!
Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Atamoğlan Məmmədli fəxrlə bildirdi ki, təcavüzkar Ermənistanın əksinə olaraq, Azərbaycan, həqiqətən, çağdaş dünyada yüksək tolerantlıq və multikulturalizm nümunəsinə çevrilib. Bu amil dövlətimizin gücünü, qüdrətini daha da artırır.
Qürur duyulası haldır ki, bu gün Azərbaycanı özünə ana Vətən sayan bütün xalqların övladları bu torpağın, bu yurdun qədrini bilirlər, onun təəssübünü çəkirlər, şərəfini uca tuturlar. Çox sayda misallar çəkmək olar. Bir neçə örnək göstərmək fikrindəyəm. Mayıl Bağırov ağsaqqaldır, necə deyərlər, köhnə kişilərdəndir. Doğma Qusar rayonunda böyük hörmət-izzət sahibidir. Uzun ilər bu rayonda rəhbər partiya-sovet, təsərrüfat işlərində çalışıb. RİH başçısının müavini, rayon icraiyyə komitəsinin sədri vəzifəsinə qədər yüksəlib.
Mayıl müəllim deyir ki, həqiqi dostluq hissi, qardaşlıq, həmrəylik duyğuları Azərbaycanda yaşayan xalqların qanında, ruhundadır. Biz böyük bir ailəyik. Bu dəyərli ziyalının Azərbaycanın hər yerində çox sayda dostları, ürək qızdırdığı yaxınları, doğmaları var. Dostlarını çox sevir:
–Dostlardan hər hansı biri zəng edib halımı soruşanda, hər dəfə “ləzgi qardaşım, sizlərə, Qusara qonaq gəlirəm” deyəndə, inanın, dünyalar qədər sevinirəm. Bizdə belə bir zərb-məsəli var: Yaxşı dostlar Şahdağ qədər etibarlıdır.
Mayıl Bağırovun sözünün məğzi budur ki, bu gün Azərbaycan həqiqi dostluğa, qardaşlığa dəyər verənlərin ölkəsidir. Milli birlik və həmrəyliyimiz isə həmişə gücümüzə güc qatıb, xalqımızı və dövlətimizi güclü və yenilməz edib.
Digər bir misal. Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov yəhudidir. Birinci Qarabağ müharibəsi zamanı ağır döyüşlərdə qeyri-adi şücaətlər göstərib. Onlarla düşmən tankını məhv edib.
Döyüşçü dostu İlham Ömərov Albert Aqarunov barədə fəxrlə dedi:
– İgid, yenilməz bir döyüşçü idi, Albert! Tankı ilə elə gözlənilməz manevrlər edirdi ki, düşmən vahiməyə düşürdü. Bir də ki, Albert Azərbaycanı canından çox istəyirdi. Təəssüf ki, 1992-ci il mayın 8-də Şuşanın süqutu günü sinəsi düşmənin atəşinə tuş gəldi.
Dostları Albert Aqarunovun Şəhidlər xiyabanında uyuyan məzarını tez-tez ziyarət edir, üzərinə tər güllər düzürlər. Hər dəfə qəlblərində bu sözlər səslənir:
– Rahat uyu, əziz Albert! İndi sənin uğrunda həyatından keçdiyin gözəl və əsrarəngiz Şuşa azaddır. Azərbaycan xalqı sənin xatirəni daim əziz tutacaq!
...Bir nəfər də talış dostum barədə danışmaq istəyirəm. Etibar Talıbov Lerik rayonun Çayrud kəndindədir. “İti axan çay” deməkdir Çayrud. O, bu dağ kəndində sadə, çoxuşaqlı sürücü ailəsində böyüyüb. Bakıda ali təhsil alıb, əvvəlcə Sumqayıtda, sonra isə Rusiyanın nəhəng “Qazprom” şirkətinin Yamburq istehsalat biriliyində çalışmağa başlayıb. Hazırda bu şirkətin aparıcı mütəxəssisidir, texnika elmləri doktorudur.
Professor E.Talıbov 129 elmi məqalənin, onlarla ixtira və səmərələşdirici təklifin müəllifidir. Rusiyada bir çox yüksək dövlət mükafatlarına layiq görülüb. Bu təltiflər arasında görkəmli dövlət xadimi Nikolay Baybakovun adını daşıyan mükafat da var. Ötən il bir qızmar günü Etibar Bakıya gəlmişdi, əvvəlcədən vədələşdiyimiz kimi paytaxtın mərkəzi parklarının birində görüşdük. Hal-əhval tutandan sonra ona yaxınlıqdakı kafedə çay içməyi təklif etdim və bir neçə dəqiqədən sonra pürrəngi çay içə-içə dedim:
– Yəqin ki, Sibirdə belə dadlı çay olmur.
E.Talıbov gülümsəyərək nəql etdi ki, o, hələ 20-25 il əvvəl babasının ona hədiyyə etdiyi mis samovarı özü ilə Sibirə aparıb. O gündən doğmalarını tez-tez ətirli samo[1]var çayına dəvət edir.
Çay sürəsi arxasında professor Etibar Talıbovla milli təhsilimizin qayğı və prob[1]lemləri barədə də danışdıq. Həmsöhbətim Azərbaycanda elm və təhsilin parlaq gələcəyinə inandığını söylədi:
– Biz Qarabağı azad edən bir müzəffər xalq kimi, bu sahədə də böyük uğurla[1]ra imza atmağa borcluyuq. Axı, bu xalqın Yusif Məmədəliyev, Azad Mirzəcanzadə, Lütfü Zadə və digər dünya şöhrətli alibləri olub. Belə böyük elmi zəkaların mütləq ardıcılları yetişəcək.
Biz birlikdə güclüyük. Müstəqil Azərbaycan dövlətinin milli siyasətinin əsasında bu müdrik tezis dayanır. Ölkəmizdə yaşayan xalqlar arasında nifaq toxumları səpmək niyyətində olanlar, təəssüf ki, həmişə olub və bu gün də var. Amma onlar heç vaxt öz bəd niyyətlərini həyata keçirə bilməyəcəklər. Ona görə ki, bizim dostluq, qardaşlıq ənənələrimiz tarixin ağır sınaqlarından üzüağ çıxıb.
Məsaim ABDULLAYEV
XQ