Dəmir biləkli, polad iradəli qadın döyüşçümüz

post-img

Müxtəlif döyüş sənəti məktəblərini özündə birləşdirən müasir qarışıq döyüş sənəti – MMA dövrümüzdə sevilən idman növlərindən biridir. Beynəlxalq arenalarda bu növ üzrə uğurlar qazanan çoxlu azərbaycanlı idmançılar da yetişib. Sevindirici haldır ki, artıq qızlarımız da MMA yarışlarında iştirak edir, nailiyyətlər əldə edirlər. Bugünlərdə Qazaxıstanda keçirilən “Octagon-69” turnirində AFC ASED təşkilatını (Ased Fighting Championshıp) və “Simral” klubunu təmsil edən Sumqayıt idmançısı Zümrüd Quliyeva (52,2 kq) yüksək texnikalı döyüş nümayiş etdirərək qələbə qazanıb.

Güləş, boks, karate və digər döyüş növlərinin elementlərini özündə birləşdirən, sərt zərbələrin xarakterik olduğu bu idman növü elə bil Zümrüdün boyuna biçilib. Gücü, qüvvəsi ilə yanaşı, mübarizliyi, çevikliyi və özünəinamı onu yenilməz edir. MMA-ya yeniyetməlik vaxtlarında gələn Z.Quliyeva bəlkə də elə buna görə bu idman növünü seçib. “Xalq qəzeti”nə açıqlamasında bildirdiyi kimi, karate ilə məşğul olduğu illərdə gələcəyini idmanda görə bilməyib:

– Bir neçə il karate ilə məşğul olduqdan sonra MMA-da özümü sınamaq qərarına gəldim. Bu idman növlərində qarşılaşmalarda sərt zərbələr diqqətimi çəkirdi. Eyni zamanda, güləş elementləri marağıma səbəb olmuşdu. Elə ilk məşqlərdən başa düşdüm ki, gələcəyimi MMA ilə bağlaya bilərəm. Qazaxıstandakı döyüşü ilə bağlı danışan 18 yaşlı MMA ustası fasiləsiz məşqlər sayəsində turnirə yüksək səviyyədə hazırlaşdığını bildirdi:

– İstər fiziki, istərsə də psixoloji cəhətdən yarışa hazır idim. Rəqib daha təcrübəli olduğundan onun əvvəlki döyüşlərini yaxşı analiz etmişdik. Qarşılaşmanın əvvəlində rəqibi üstələsəm də, bir qədər sonra o məni üstələdi. Amma özümü itirmədim. Ayağa qalxıb sona qədər mübarizə apardım. Birinci raund başa çatmamış qalib gəldim. Rəqibə tətbiq etdiyim fəndi əvvəldən düşünmüşdük. Bilirdim ki, rəqib ayağımdan yapışacaq. Elə də oldu. Onu boğucu fəndlə məğlub etdim. 

Zümrüd Sumqayıtda doğulub boya-başa çatıb, orta təhsilini də doğma şəhərdə – 9 nömrəli tam orta məktəbdə alıb. 12 yaşdan karate, 15 yaşdan isə MMA ilə məşğul olmağa başlayıb. Qızlar arasında rəqabət az olduğundan çox vaxt oğlanlarla məşq etməli olub. İlk məşqləri, daha sonra ilk döyüşləri çətin olsa da, bu idman növünə marağı getdikcə artıb. Zümrüdü döyüş növlərinə yönəldən atası olub. İndiyəcən də ona dəstək verir.

Simral MMA Team klubunun baş məşqçisi Simral Məmmədov 18 yaşlı MMA döyüş ustasının güclü potensiala malik olduğunu bildirdi:

– Zümrüd 3 ildir burada məşq keçir. Əsl döyüşçü xarakteri nümayiş etdirir. Va lideynləri ona çox böyük dəstək verirlər. Onun fiziki göstəriciləri yaxşıdır. Əsas diqqəti güləş elementlərinə veririk. Boyu balacadır. Ayağa cəld girib ata bilir. Qazaxıstandakı döyüşü zamanı rəqibi yaxşı öyrənmişdik. Bilirdik ki, ayağa girməyə cəhd edəcək. Ona qarşı boğucu fənd hazırlamışdıq. Düşündüyümüz kimi, Zümrüd onu uğurla yerinə yetirdi.

S.Məmmədov Zümrüdün növbəti görüşünün fevralın 15-də Gürcüstanda olacağını bildirdi:

– Budəfəki rəqibi daha güclüdür. Ona qarşı plan hazırlamışıq. Əminəm ki, Zümrüd bu dəfə də Azərbaycana qələbə ilə qayıdacaq.

Elə Zümrüdün özü də qələbəyə köklənib: 

– Gürcüstana yalnız qələbə üçün gedəcəyəm. Bunun üçün fasiləsiz məşqlər edirik. Özümə inanıram.

Leyla QURBANOVA

XQ













İdman