Polis əməkdaşları tərəfindən paytaxt və bölgələrdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir. Məlumatı DİN mətbuat xidməti yayıb.
Belə ki, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə növbəti dəfə külli miqdarda narkotiklərin ölkəyə qeyri-leqal yollarla gətirildiyi barədə əməliyyat məlumatı daxil olub. Narkotiklərin ölkə ərazisində daşınması, ünvanlara çatdırılması və satış şəbəkəsini quran şəxsin müəyyən edilməsi məqsədi ilə xüsusi əməliyyat planı hazırlanaraq həyata keçirilib. Lənkəran rayonundan başlayan əməliyyata paytaxtın Sabunçu rayonu ərazisində yekun vurulub. Narkoşəbəkənin ölkə üzrə əsas üzvlərindən olan şəxs - əvvəllər də narkotik və digər cinayətlərə görə dəfələrlə məhkum olunmuş 31 yaşlı Elgün Əliyev bu əməliyyatın nəticəsi olaraq saxlanılıb. Onun evindən və sərnişin kimi əyləşdiyi avtomobildən 36 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb.
Bu şəxs ifadəsində marixuananı şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının vasitəsi ilə əldə etdiyini etiraf edib. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bundan əlavə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 22-də ümumi çəkisi 23,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
P.ƏMİRCANOV
XQ