Gəncliyə Yardım Fondunda əmək qəhrəmanı, Milli Məclisin I çağırış deputatı, Prezidentin fərdi təqaüdçüsü Tərlan Musayevaya həsr olunan kitabın təqdimatı keçirilib.
Adı dillər əzbəri olmuş məşhur mexanizator, pambıq ustasının 70 illik yubileyi münasibətilə hazırlanmış “Ulu öndərin “canlı əsəri” Tərlan” kitabının müəllifi yazıçı Vaqif Osmanlı, redaktoru nəşrin təşəbbüskarı olan Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin rəhbəri Güllü Eldar Tomarlıdır. Kitabda Tərlan Musayevanın ömür yolundan, ictimai fəaliyyətindən bəhs edilir.
Təqdimat mərasimində Milli Məclisin deputatı Razi Nurullayev, şəhid anası Sevil Hüseynova, şəhid bacısı, şair Lalə İsmayıl, Əməkdar mədəniyyət işçisi Çimnaz Əliyeva, politoloq, yazıçı Reyhan Mirzəzadə, Vətən müharibəsi qazisi, şair Rafael Tağızadə, Brilyant Atəş, Arzu Yaqubqızı və başqaları çıxış edərək əmək fəaliyyətinə görə “Lenin”, “Qırmızı Əmək Bayrağı”, “Xalqlar Dostluğu” ordenləri, Xalq Təsərrüfatı Nailiyyətləri sərgilərinin medalları ilə təltif olunmuş, şəninə mahnılar, poemalar, şeirlər, sənədli əsərlər yazılan qəhrəmanın 70 illik yubileyi münasibətilə onu təbrik ediblər.
Bildirilib ki, Tərlan Musayeva kimi əmək qəhrəmanlarını nəinki bugünkü, həm də gələcək nəsillər tanımalıdır. O, hələ lap gənc yaşlarından çalışdığı sahədə fədakarlığı ilə seçilib. 17 yaşında orta məktəbi əla qiymətlərlə bitirib ali təhsil arxasınca getmək əvəzinə, peşə məktəbini seçməklə ailəsini, müəllimlərini, həm də məktəb yoldaşlarını təəccübləndirib. 18 yaşında pambıq tarlasında “dəmir at”ın sükanı arxasına keçəndə, 21 yaşından 10 il dalbadal Sevil Qazıyeva adına mükafatın, həmçinin Paşa Angelina, Tursunoy Axunova mükafatlarının qalibi olanda da çoxları heyrətlənib. 23 yaşında SSRİ Ali Sovetində deputat kimi Azərbaycanın 9 rayonunu təmsil edən ən gənc Tərlan hamının diqqətini özünə cəlb etməyi bacarıb. Keçən yüzilliyin 70-80-ci illərində orta məktəb şagirdləri əmək mövzusunda inşa yazanda çoxları Tərlan Musayevanı özünün idealı, qəhrəmanı, kumiri hesab edirdi.
Müəllif qəhrəmanın ilk baxışdan görünməyən, az işıqlandırılan cəhətlərini axtarıb tapmağa, onun haqqında yazılan ədəbiyyat nümunələrini, rəngarəng mövzulardakı saysız-hesabsız müsahibələrini, cəsarətli çıxışlarını bir toplu kimi düzüb-sıralayıb kitaba sığışdırmağa çalışıb. Kitab Tərlan xanımın 70 illik zəngin və mənalı ömrünə müəllifin özünəməxsus prizmadan baxışıdır.
Kitabda Azərbaycanın ən yaxın tarixinin – ötən əsrin 70-80-ci illərindən çağdaş günlərimizə qədərki dövrünün ictimai-siyasi mənzərəsinə, sadə bir zəhmət adamının şəxsiyyətinə, mənəvi dünyasına, eləcə də Vətən və torpaq sevgisinə Tərlan xanımın ömür və əmək yolunu vərəqləməklə işıq salınır.
Mərasimində Tərlan Musayeva onun haqqında yazılmış kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlıq edib. Özünün keçdiyi zəhmət yoluna qısa nəzər salaraq deyib ki, Ulu öndər onun qazandığı uğurlara hər zaman xüsusi diqqət və qayğı göstərib və yüksək qiymətləndirib. Qazandığı bütün uğurlara görə Ümummilli liderin ruhuna borclu bildiyini xüsusi olaraq vurğulayıb. Yubilyar gəncləri zəhmətdən qorxmamağa, daim əməksevər olmağa səsləyib, çəkilən zəhmətin mütləq öz bəhrəsini verəcəyinə əminliyini ifadə edib.
Təqdimat mərasiminin yekununda kitab müəllifin imzası ilə iştirakçılara təqdim olunub.
XQ