Həssas qruplara qayğı artır, sosial rifah yüksəlir

post-img

Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri  və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək paketinin icrası uğurla davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin sosial dəstək paketi çərçivəsində postmüharibə dövründə  şəhid ailələri üzvləri və müharibə veteranları olan 106 min şəxsə 119 min aylıq sosial ödəniş, 24 min 300 şəxsə birdəfəlik ödəmə təyin edib. Şəhid ailələri, müharibə əlillərinin mənzillə təminatı proqramı 5 dəfə genişlənib. Bu ailələrə müharibədən sonrakı dövrdə 6 min 800-dək, ümumən ötən dövrdə 16 minədək mənzil və fərdi ev təqdim edilib. 

Ötən ilin son günündə nazirlik Lənkəran, Kürdəmir, Yevlax, Ağdaş, Şamaxı, Ucar, Cəlilabad, Tovuz və Ağsu rayonlarında şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 150 mənzil təqdim edib. Lənkəran şəhərində mənzillərin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli bildirib ki, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı tədbirlərinə ümummilli lider Heydər 
Əliyevin tapşırığı ilə keçən əsrin 90-cı illərində başlanıb və ötən dövrdə uğurla davam etdirilib. Bu sahədə işlərin 2025-ci ildə davam etdirilməsi, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bu il daha 1000 mənzil verilməsi nəzərdə tutulub.

Həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bu il 90-a yaxın, postmüharibə dövründə 567, ümumilikdə ötən dövrdə 7 min 800 avtomobil təqdim edilib və növbədə dayanan bu kateqoriyaya aid şəxslərin avtomobillə təminatı başa çatdırılıb.

Bundan başqa, ötən dövrdə şəhid ailələri üzvü və müharibə iştirakçıları olan 11 min şəxsə 68 min 700 sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib.  Müharibə əlili olan 2 min 249 şəxs 61 min 700 reabilitasiya vasitəsi, o cümlədən 490 şəxs 600 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub, 25 minədək  şəhid ailələri üzvü və müharibə iştirakçısının məşğulluğu təmin edilib. 12 min 100 şəxs özünüməşğulluq proqramına cəlb olunub. Ümumilikdə, postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 130 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 366 min xidmət göstərilib.

Minimum əməkhaqqı 400 manat

Dövlət Əmək Müfəttişliyi Xidməti minimum əməkhaqqından aşağı əməkhaqqı qeyd edilən əmək müqavilələrinə qanunvericiliyin tələblərinə uyğun olaraq dəyişiklik edilməsi ilə bağlı işəgötürənlərə “Əmək və Məşğulluq” altsistemi üzərindən müraciət edib.

Çağırışda bildirilib ki, Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli sərəncamına əsasən, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib. Aylıq iş vaxtı normasını işləyən və əmək funksiyasını yerinə yetirən işçinin aylıq əməkhaqqı da 2025-ci il yanvarın 1-dən həmin məbləğdən az ola bilməz. Ona görə də Dövlət Əmək Müfəttişliyi Xidməti minimum aylıq əməkhaqqından aşağı əməkhaqqı qeyd edilmiş əmək müqavilələrinə qanunvericiliyin tələblərinə uyğun olaraq dəyişiklik edilməklə “Əmək və məşğulluq” altsisteminə daxil edilməli olduğunu işəgötürənlərin diqqətinə çatdırır.

Müraciətdə o da qeyd edilir ki, İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə əsasən işçiyə minimum aylıq əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsi inzibati məsuliyyətə səbəb olur.

 4,4 min kiçik təsərrüfat

Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramı iştirakçılarının aktivlərlə təminatını davam etdirir.

Bu ay ərzində paytaxt və regionlarda 4400-ə yaxın işsiz və işaxtaran şəxs bu proqram çərçivəsində aktivlərlə təmin olunub. Mal və materiallar formasında verilmiş aktivlər hesabına proqram iştirakçıları üçün kənd təsərrüfatı, istehsal, xidmət sahələri üzrə kiçik təsərrüfatlar qurulub. Proqrama cəlb olunanlar üçün ilk mərhələdə təlimlər təşkil olunaraq, onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir. 

Təlimləri bitirənlər biznes planlarına uyğun avadanlıqla təmin edilirlər.

Z.BƏŞİRQIZI
XQ

 

Sosial həyat