Xalqımızın milli birliyini təcəssüm etdirən 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının təşəbbüsü ilə sosial yardıma ehtiyacı olan 304 ailəyə sovqat paylanılıb, onların bayramları təbrik edilib.
Ali Məclisin Mətbuat xidmətindən XQ-yə verilən məlumatda bildirilib ki, deputatlar muxtar respublika vətəndaşları ilə işə xüsusi diqqət yetirir, təmsil etdikləri şəhər və rayonların inkişafı ilə bağlı səlahiyyətləri daxilində lazımi tədbirlər görürlər. Təkcə 2024-cü ilin payız sessiyası dövründə deputatlar 914 sakinin iştirakı ilə 218 qəbul keçirib, vətəndaşların müraciətlərinin həllinə nail olub, araşdırılmalı ehtiyac olan məsələlərlə bağlı dövlət orqanlarına 112 sorğu göndəriblər. Bu dövrdə şəhid və qazi ailələri ilə 213, gənclərlə 11 görüş keçirilib.
Qeyd edilib ki, muxtar respublikada həyata keçirilən islahatlar, ölkə Prezidentinin müvafiq fərmanı ilə yeni idarəetmə institutunun yaradılması bütün sahələrdə əhalinin üzləşdiyi çətinliklərin aradan qaldırılması istiqamətində mühüm əhəmiyyət kəsb edir. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli sərəncamı muxtar respublika əhalisinə göstərilən növbəti diqqət və qayğının əyani ifadəsidir.
XQ