Dünən Qərbi Azərbaycan İcmasının iclas salonunda yurdsevər tədqiqatçı Nazir Əhmədlinin bölgədə soydaşlarımızın tarixi məskunluğunu canlı surətdə əks etdirən, XIX əsrdə Yeni Bəyazid və Şərur– Dərələyəz qəzalarının əhalisinin aynası olan 2 kitabının təqdimat mərasimi keçirildi.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bu bölgənin qədim türk yurdu olduğunu çoxsaylı tarixi şəhadət faktı, abidələr şəbəkəsi, mədəni irs nümunələrinin təkzibedilməz şəkildə sübut etdiyini söylədi. İcma rəhbəri bildirdi ki, fədakar araşdırmaçı alim Nazir Əhmədlinin Rusiya imperiyası dövründə Qərbi Azərbaycanda aparılmış siyahıyaalma materialları əsasında tərtib və nəşr etdirdiyi “Yeni Bəyazid qəzasının kameral təsviri” və “Şərur–Dərələyəz qəzasının kameral təsviri” icmal topluları isə çarizm erməniləri bu torpaqlara köçürənədək yerli əhalinin azərbaycanlılar olduğunu adbaad, ailə-ailə ortaya qoyur.
Dilçi akademik, Azərbaycanda Atatürk Mərkəzinin müdiri Nizami Cəfərov, tarixçi alim, Dövlət mükafatı laureatı Nazim Mustafa, türkoloq-folklorşünas Əli Şamil, AMEA Tarix və Etnologiya İnstitutu Qərbi Azərbaycan şöbəsinin müdiri Cəbi Bəhramov hər iki kitabın ictimai-siyasi və elmi-mədəni önəmini açıqladılar, tərtibçinin ağır və şərəfli zəhmətini yüksək qiymətləndirdilər. Onlar bildirdilər ki, Nazir Əhmədlinin Qafqazda soydaşlarımızın yaşadıqları tarixi bölgələr üzrə silsilə kameral siyahıyaalma topluları hazırlaması bir elmi qurumun fəaliyyətinə bərabərdir.
İcmanın rəhbər və yeli qurumlarının təmsilçilərindən professorlar Vahid Novruzov, İbrahim Bayramov, Eldar Abbasov, Aslan Bayramov və digər çıxış edənlər təqdim edilən nəşrlərin Qərbi Azərbaycana Qayıdış hərəkatına ciddi elmi-tarixi dəstək qazandırdığını vurğuladılar, alimə təşəkkürlərini bildirdilər.
Sonda müəllif xoş sözlərə görə razılığını ifadə etdi, kameral icmallarla bağlı yeni araşdırmalar apardığını söylədi.
Tahir AYDINOĞLU
XQ