Dekabrın 25-də Bakı-Qroznı reysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində yaralanan həmvətənlərimizin vəziyyətləri stabildir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, Qazaxıstanda baş vermiş təyyarə qəzasında yaralanmış həmvətənlərimizə və digər zərərçəkənlərə dəstək məqsədilə Prezident İlham Əliyevin tapşırığı və Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarəti ilə geniştərkibli tibbi heyət dərhal hadisə yerinə göndərilib. “Həmin tibbi heyət artıq Bakıya qayıdıb. Yaralanan 14 Azərbaycan vətəndaşı dünən Qazaxıstandan Vətənə gətirilib və Bakıdakı Yeni Klinika tibb müəssisəsində yerləşdirilib. İlkin müayinələrin nəticələrinə əsasən, onların vəziyyəti stabil və qənaətbəxşdir. Zərərçəkənlərin əksəriyyətinin yaxın günlərdə evlərinə buraxılması gözlənilir”, - deyə nazir əlavə edib.