Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların adları dəyişdirilir

post-img

Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların adları dəyişdirilir.

AZƏRTAC xəbər verir ki, bu məsələ parlamentin bu gün keçirilən iclasının gündəliyinə daxil edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənəd layihəsinə əsasən, komissiyalar “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar” adlanacaq.

Layihəyə görə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyanın cari işlərinin görülməsi və qərarlarının icrasına nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanında yaradılan katibliyin həyata keçirdiyi vəzifələr də müəyyənləşir. Layihədə yerli komissiyaların fəaliyyət istiqamətlərinə dair müddəalar mövcud münasibətlər sisteminin dəyişim dinamikasını nəzərə alaraq təkmilləşdirilir, hüquq pozuntusu törətmiş uşaqlar barəsində tətbiq edilən intizam təsir tədbirləri və fərdi profilaktik işin daha təkmil formada qurulması üçün yaradılan mexanizmlərin sayı artırılır.

Müzakirələrdən sonra qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.

Sosial həyat