Sonuncu dəfə Topalhəsənlidə bu ilin may ayında, rayon icra hakimiyyətinin başçısı Elvin Paşayevin kənddə keçirdiyi səyyar qəbul zamanı olmuşam. Açıq havada, kəndin səfalı bir yerində təşkil edilən bu görüş zamanı səsləndirilən nöqsanlara ciddi reaksiyanın olması, problemlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə tapşırıqların verilməsi, bəzi məsələlərin elə yerindəcə həll olunması diqqətimdən yayınmamışdı. Əslində, bu görüş daha çox bir ailə üzvlərinin söhbətini xatırladırdı: sakit, səmimi... Amma yadımda qalan daha çox rayon rəhbərinin “Moruq Festivalına hazırlaşırsınızmı?” sualı olmuşdu.
Gizlətmirəm, o zaman bir o qədər də əhəmiyyət verməmişdim. Elə bilirdim Topalhəsənlinin özünün adi tədbirlərindən biridir. Çünki tarixən Topalhəsənli moruğu adı, şöhrəti, dadı-tamı ilə tanınıb. Amma avqustun ortalarında öyrəndim ki, bu tədbir ümumrayon tədbiridir və Göygöl rayonunun tarixində ilk dəfədir keçirilir. O zaman xəbəri respublika mətbuatında ilk dəfə “Xalq qəzeti” paylaşdı və Göygöldə moruqçuluq ənənələrindən, moruğun inanılmaz faydalarından, fermerlərin bu sahəyə marağından, onun hətta sənaye üsulu ilə becərilməsindən, festivala hazırlıq işlərindən bəhs edən geniş yazı dərc etdi.
Sentyabrın ortalarında keçirilən və iki gün davam edən tədbir əsl bayrama çevrildi. Rayona gələn turistlərin sayı-hesabı yox idi.Təkcə Bakıdan 8 turizm şirkəti öz qonaqlarını rayona gətirmişdi. Azərbaycanın elə bir şəhər və rayonu yox idi ki, oradan bu festivalda iştirak etməsinlər. Xarici ölkələrdən, o cümlədən İtaliyadan, Rusiyadan, Qazaxıstandan, Özbəkistandan və digər yerlərdən gələnlər də var idi. Bütövlükdə, iki gün ərzində festivalı 55 min nəfərdən çox qonaq ziyarət etdi. Rayonun tarixində bir tədbirə bu qədər adamın qatılmasını heç kim xatırlamır.
Köşkü kəndində təşkil olunan festivalda 100-ə yaxın fermer iştirak edirdi. Festivala hərə öz məhsulu ilə gəlmişdi. Həm nümayiş etdirir, həm də satırdılar. Təkcə moruq deyil, onun mürəbbəsi, şirəsi, tibbi müalicə üçün inanılmaz faydası olan kökü, yarpağı, toxumu da satılırdı.
Bu festival təkcə sərgi-satış üçün nəzərdə tutulmamışdı. Əslində, hədəflər daha geniş idi və məqsəd son 2-3 il ərzində əsl turizm mərkəzinə çevrilən Göygölə daha çox adamın gəlməsini, bu yerin məhsulları, təbiəti, tarixi abidələri, bir sözlə, keçmişi və bu günü haqqında geniş və müfəssəl məlumat vermək idi ki, ona da nail olundu. Festivala gələnlər moruq təsərrüfatlarına da baş çəkdilər, müxtəlif dequstasiya tədbirlərində iştirak etdilər, açıq havada təşkil olunan konsert proqramlarını, idmançıların nümunəvi çıxışlarını izlədilər. Bir sözlə, rayonun ilk Beynəlxalq festivalı öz möhtəşəmliyi ilə hər yerə səs saldı...
Aradan, təxminən, ay yarım keçmiş “Xalq qəzeti”nin Gəncədəki müxbir məntəqəsinə aşağıdakı məzmunda bir məktub daxil oldu: “Hörmətli redaksiya, biz, Topalhəsənli fermerləri, sizə öz təşəkkürümüzü bildiririk ki, daim rayonumuzun həyatını işıqlandırırsınız. Moruq festivalına da geniş yer ayırmısınız. Məktubu ona görə yazırıq ki, bu festival bizə qol-qanad verdi, ölkədə tanıtdırdı, çoxlu dost-tanış, həm də müştəri qazandırdı. İndi moruq sahələrini daha da artırmağa çalışırıq. Bilirik ki, bazarımız həmişə olacaq. Bütün bunlara görə ölkə Prezident İlham Əliyevə öz dərin minnətdarlığımızı bildiririk ki, belə bir şəraiti bizə yaradıb. Rayon rəhbərliyi də sağ olsun ki, festival təşkil etməklə bizi şöhrətləndirdi və tanıtdı...”
Məktubu fermerlərdən Oruc Həsənov, Oktay Rəsulov, Mətləb Qəhrəmanov, Tarix Məmmədov və başqaları, bütövlükdə, 12 fermer imzalamışdı.
Qərara aldıq ki, fermerlərin özləri ilə görüşüb söhbət edək. İndi budur, səfalı Topalhəsənli kəndində, Gəncəçayın kənarındakı səliqəli kafelərin birində çay süfrəsi təşkil ediblər. Süfrəyə də özlərinin hazırladıqları moruq mürəbbəsindən gətiriblər.
Çoxunu üzdən tanıyıram. Festival zamanı görmüşəm, məhsullarından dadmışam, söhbətlərimiz olub. Topalhəsənli kənd bələdiyyəsinin sədri Validə Hacıyeva, rayon icra hakimiyyətinin məsul işçisi Vüqar Hüseynov da buradadır.
Oktay Rəsulov, moruqbecərən: – Burada əyləşənlərin hər biri zəhmətə qatlaşan adamdır. Maraq üçün bir onların əllərinə baxın. Moruq tikanlarının, kətmənin izləridir. Belə də olmalıdır. İnsan halal zəhməti ilə dolananda yediyi çörək şirin dadır. Kiçik təsərrüfatım var. İlboyu başına fırlanırıq. Sonda isə bəhrəsini görürük. İndi moruq sahəmi imkan daxilində bir qədər də artıracağam. Elvin müəllimin bu rayona gəlişindən sonra torpağa münasibət də dəyişib. Bax, elə festivalın keçirilməsi bilavasitə Elvin Paşayevin təşəbbüsüdür. Elə görüş, tədbir, yığıncaq yoxdur ki, adamları torpağa bağlılığa səsləməsin.
Mətləb Qəhrəmanov, fermer: – Həm yetişdirdiyimiz məhsulu satırıq, həm də qonum-qonşudan aldıqlarımızı.Özü də moruğu, böyürtkəni və çiyələyi daha çox Bakıya aparırıq. Bu üç giləmeyvəyə “üç bacı” deyirlər. Üçünü bir qutuya, yanaşı, yığanda alıcı daha çox maraq göstərir. İnanın üçüncü mikrorayon bazarında gün olub ki, 200-300 vedrə məhsul satmışıq. Topalhəsənli moruğun, necə deyərlər, vətənidir. Doğrudur, son illər yerli moruq sortları azalır, daha çox Şəmkir moruğu dediyimiz, əslində, Belarusdan gətirilən sortlar geniş yayılıb. Doğrudur, yerli sortdan çox məhsuldardır. Amma dadı-tamı bizimkinin yerini verməz. Bir də fürsət düşmüşkən qeyd edim ki, xəstəliklər bəzən bol məhsul götürməyimizə mane olur. Yaxşı olar ki, rayonda bu işləri bilən, yeri gələndə bizə məsləhət verən mütəxəssis, aqronom olsun, lazım gələndə ona üz tutaq.
Aldığımız dərman preparatlarının keyfiyyəti də bizi qane etmir. Məhsulun ziyanvericilərdən qorunmasına lazımi təsir göstərmir, çünki keyfiyyətsizdir. Belə olmasaydı son illər moruğa düşən qurdun qarşısını alardı.
Sərvan Musayev, moruqbecərən: – Narazı deyiləm dolanışığımızdan. Özümüzün maşınımız var. Bölgələrdə Gəncədə, Mingəçevirdə, Yevlaxda aparıb satırıq. Bu il, təxminən, 8 min manat pul qazanmışıq.
Validə Hacıyeva, Topalhəsənli bələdiyyəsinin sədri: – Neçə? Ola bilməz! Necə olur ki, mən 6 sotdan bu il təmiz 3 min 900 manat götürdüm, sən 8 min?
S.Musayev: – Axı mənim həyətyanı sahəmdən əlavə başqa yerdə də daha 6 sot sahəm var...
V.Hacıyeva: – Ümumiyyətlə, məhsuldarlığı artırmaq üçün kollara yaxşı qulluq etmək lazımdır. Vaxtı-vaxtında artıq pöhrələri qayçılamaq, digər aqrotexniki tədbirlər görmək tələb olunur. Nəyə görə bizim Topalhəsənlidə yetişən moruqla Şəmkirdə yetişən moruq arasında dad fərqi var, bilirsiniz? Çünki biz moruq kollarını Gəncəçayın suyu ilə, Şəmkirdə isə çox zaman artezian suyu ilə suvarırlar. Özü də su, təkcə dadına deyil, rənginə də təsir edir. Yəni bizim moruq qırmızı-çəhrayı, o birilər nisbətən qara rəngə çalır.
Oruc Həsənov, moruqbecərən: – 15 sort torpağımız var. 1986-cı ildən həm də alıb satırıq. Vaxt olub ki, kənara 10 tona qədər məhsul çıxarmışıq. Ailəmiz moruqla dolanır.
Yasin Ələsgərov, Aşıqlı kənd icra nümayəndəsinin müavini: – Moruğun sığortalanması çox vacibdir. İqlim dəyişikliyi bu məhsulun da keyfiyyətinə mənfi təsir göstərir. Yığım vaxtı bir də baxırsan ki, məhsula qurd düşür. Suyunu bol eləsən də qarşısını almaq çətin olur. Mənə belə gəlir ki, bu məsələ müvafiq nazirliklər səviyyəsində həll olunmalıdır. Əksər meyvə-tərəvəz məhsulları sığorta paketinə salındığı halda, moruq ora daxil edilməyib. Bu isə bəzən bizi çıxılmaz vəziyyətə salır, məhsul zay olur, təsərrüfatımıza ciddi ziyan dəyir.
Yerli moruğun becərilməsinə diqqəti artırmaq lazımdır. Son vaxtlar yerli sortlar çox çətinliklə becərilir və ya səpilən toxum heç bir boy vermir. Bu məhsula tələbat daha çoxdur. Belarus sortu 5-6 manata satıldığı halda, yerli sort 15-20 manata satılır, bəzən də heç tapmaq olmur.
Zurnabad kənd icra nümayəndəsi Niyazi Əliyev, Topalhəsənli icra nümayəndəsinin müavini Tarix Məmmədov və başqaları da danışdılar, Moruq Festivalının Göygölün həyatında bir dönüş olduğunu dilə gətirdilər. Dedilər ki, rayon rəhbərliyi bizi sanki ayıltdı. Moruğa münasibət də kökündən dəyişdi. İndi bu işlə məşğul olmaq istəməyən də yer axtarır moruq əkib yetişdirməyə.
Topalhəsənlilər onu da dedilər ki, insanı həvəsləndirməyi hər adam bacarmır. Gərək ruh yüksəkliyi, işə həvəs yaratmağı bacaran adamlar olsun, həm də ona qiymət versin. Bu gün Göygöldə bu əhval-ruhiyyə hökm sürür.
Hamlet QASIMOV
XQ-nin bölgə müxbiri
Göygöl rayonu