Naxçıvan ölkəmizin ərazisində ən qədim və davamlı yaşayış məskəni, Azərbaycan dövlətçiliyi tarixində önəmli rolu və mövqeyi olmuş diyar kimi tanınır. Tarixin bütün dövrlərində yadelli hücumlara qarşı mübarizədə, yabançı təsirlərin qarşısının alınmasında bu torpağın oğulları qeyrət və dirəniş göstəriblər. Rusiya imperiyası zəifləmiş Qacarlar dövlətindən Azərbaycanın quzeyini qoparanda Naxçıvan İrəvanla birlikdə 15 il dözüş gətirərək azadlığını qorumuşdu. Bir əsr sonra kommunist ideologiyası əsasında yenilənən qırmızı imperiya Qərbi Azərbaycan torpaqlarında Ermənistan dövləti yaradıb Naxçıvanı da oyuncaq quruma qatmaq istəyəndə də bu qeyrət qalası qətiyyətlə taleyini Azərbaycanla bağlamışdı.
Sovet imperiyasının çöküşü zamanı Ermənistan xaç dünyasındakı himayədarlarının köməyi ilə Qarabağ və Naxçıvanı ələ keçirmək uğrunda çoxillik savaş açanda da qədim Nuh yurdu hədsiz mərhumiyyətlərə dözüb düşmənlərin niyyətlərini gözlərində qoydu. O çətin illərdə ümummilli lider Heydər Əliyevin 1990–1993-cü illərdə Naxçıvandakı xilaskarlıq missiyası tarixə həm də Azərbaycanın dövlətçiliyinin bərpası üçün zəruri əsasların yaradılması ilə yazıldı.
Ulu öndər 1993-cü ilin böhranlı yayında müstəqilliyimizin taleyi təhlükədə olan zaman xalqın tələbi ilə Azərbaycan rəhbərliyinə qayıdandan sonrakı dövrdə də Naxçıvanın qorunması və blokada şəraitində normal yaşaması üçün bütün tədbirləri həyata keçirdi. Son 21 ildə Naxçıvan Muxtar Respublikasının şəhər və kəndləri Ulu öndərin tövsiyə və vəsiyyətlərinə uyğun olaraq, Prezident İlham Əliyevin diqqət və qayğısı, dövlətin üstün himayəsi ilə simasını tamamilə dəyişib.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı 2004-cü ildən etibarən qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrası Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın inkişafı, yeni iş yerlərinin və müəssisələrin yaradılması, kommunal və sosial infrastruktur təminatı səviyyəsinin yüksəlməsi ilə nəticələnib.
Dövlət proqramları çərçivəsində görülmüş işlər Naxçıvan Muxtar Respublikasının qarşıdakı illərdə də inkişafı üçün geniş imkanlar yaradıb. Hazırda bu imkanlardan istifadə edilməklə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi həyatında, o cümlədən kənd yerlərində iqtisadi fəaliyyətin sürətləndirilməsi, əlverişli biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi nəticəsində ixracyönlü dəyər zəncirinin qurulması və dayanıqlı iş yerlərinin yaradılması istiqamətlərində işlərin yeni keyfiyyət mərhələsinə keçməsi yeni prioritetə çevrilib. Bu isə öz növbəsində, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə əlaqədar tədbirlərin, həmçinin kompleks proqramların hazırlanmasını və icrasının davam etdirilməsini nəzərdə tutur.
Hazırda Naxçıvan Muxtar Respublikasında mövcud iri müəssisələrin istehsal etdikləri məhsulların həm daxili bazarda satışının dəstəklənməsi, həm də xarici bazarlara çıxışının artırılması istiqamətində də lazımi dəstək tədbirləri həyata keçirilir. Bununla yanaşı, muxtar respublikanın zəngin təbii ehtiyatları və xammal bazası əsasında sənaye sahələrinin yaradılması imkanları genişləndirilir.
Naxçıvan Muxtar Respublikasında enerji və ərzaq təhlükəsizliyi məsələləri dövlət tərəfindən həyata keçirilən prioritetlər sırasındadır. Ötən əsrin sonlarında muxtar respublikanın blokadaya salınması energetika sektorunun inkişafını ləngitsə də, indi bu sahə yeni yüksəliş dövrünü yaşayır. Əvvəllər elektirk enerjisini kənardan alan Naxçıvan Muxtar Respublikası artıq enerji ixracatçısı kimi mövqeyini getdikcə artırır.
Qədim Naxçıvan diyarında Azərbaycana bağlı muxtariyyət yaradılmasının 100-cü ildönümündə gələcək inkişafın yeni konturları cızılır, qarşıda duran vəzifələr müəyyənləşdirilir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 iyun 2023-cü il tarixli sərəncamı ilə təsdiq olunmmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”ı növbəti 5 il üçün əsl fəaliyyət proqramı kimi qəbul edilir. Belə ki, yeni proqramda təklif olunan istiqamətlərin qlobal təşəbbüslərə açıq olması sürətlə dəyişən dünyanın innovativ tələblərinə inteqrasiyasını da hamı üçün əlçatan edir.
Müasir çağırışlara uyğunluğu nəzərə alınaraq hazırlanmış bu mühüm dövlət sənədi muxtar respublikaya daha yaxşı günlər vəd edir. Bir sözlə, Azərbaycan dövlətinin hərtərəfli diqqət və qayğısı insanlarda Naxçıvanın sabahına inamını bir qədər də möhkəmləndirir, onları qurub-yaratmağa ruhlandırır. İndi muxtar respublikada böyükdən kiçiyə hamı dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icrasına, doğma diyarın inkişafına öz töhfəsini verməyə çalışır. Bu da Naxçıvan şəhərinin, eləcə də muxtar respublikanın digər yaşayış məskənlərinin daha parlaq, bundan da gözəl gələcəyinə ümidləri artırır.
Bir məsələni də qeyd edək ki, Naxçıvanın yerli icra qurumlarının ölkə mərkəzi ilə əlaqəsindəki bir sıra süni maneələr dövlət proqramının sürət və keyfiyyətlə icra olunmasına əngəllər törədir. Naxçıvandan göndərilmiş layihələrin ekspertiza və tenderdən keçirilməsi əsassız olaraq aylarla gecikdirilir. Yerli imkan və təşəbbüslərin lazımınca dəstəklənməməsi də dövlət proqramında qarşıya qoyulmuş vəzifələrin yüksək səviyyədə icrasına mane olur.
Bütün bunlara baxmayaraq, muxtar respublika həyatın bütün sahələrində cari ili uğurlarla yola salmağa hazırlaşır. Bugünlərdə Naxçıvana ezamiyyə zamanı ayrı-ayrı sahələrdə daha yüksək nəticələr əldə etmiş qurumların illik hesabatlarını yığcam şəkildə təqdim edirik.
Tapdıq Əliyev, Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini:
– “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2024-cü illər üçün Dövlət Proqramı” üzrə Təfsilatlı Tədbirlər Planında nəzərdə tutulan Naxçıvan şəhəri, Şərur, Babək və Ordubad rayonlarında Vergi ödəyicilərinə xidmət mərkəzlərinin istifadəyə verilməsi məqsədilə 2023-cü ildən başlayaraq 4 Xidmət Mərkəzi vaxtından əvvəl qurularaq vergi ödəyicilərinin və vətəndaşların istifadəsinə verilib. Bundan başqa, Təfsilatlı Tədbirlər Planına əsasən, dövlət satınalmaların vahid internet portalına inteqrasiyası, həmçinin Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətində dövlət əmlakının reyestr proqram təminatı qurularaq inteqrasiya gerçəkləşdirilib. Dövlət Proqramında nəzərdə tutulmuş Şərur Sənaye Məhəlləsinin sənədləşdirmə işləri də Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin sifarişi ilə başa çatmaq üzrədir.
Ötən dövr ərzində kənd təsərrüfatı məhsullarının emalı üzrə müxtəlif təyinatlı müəssisələrin yaradılması təşviq edilib, cari ilin 11 ayı ərzində Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun və Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına kənd təsərrüfatı yönümlü və emalı təyinatlı 56 layihəyə 3 milyon manatdan çox dövlət maliyyə dəstəyi göstərilib.
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 6 iyun tarixli 157 nömrəli Sərəncamı ilə “İnvest in Nakhchivan” veb-səhifəsinin hazırlanması nəzərdə tutulub. Bu məqsədlə 2024-cü ilin ötən dövrü ərzində tender elan olunub, qalib müəyyən edilmiş “GUYS” MMC ilə 9 min 390 manat məbləğində satınalma müqaviləsi bağlanılıb və veb-səhifənin hazırlanması istiqamətində işlər başa çatmaq üzrədir.
Dövlət Proqramında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin digər icraçı olduğu bəndlər üzrə də işlər davam etdirilib, nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “Orqanik Naxçıvan” Publik Hüquqi Şəxsin fəaliyyətinin təkmilləşdirilməsi və aqroklasterlərin yaradılması məqsədilə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilib, güzəştli mənzil tikintisi üçün dövlət mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqlar kateqoriyasına aid ərazinin planı hazırlanıb və dövlət reyestrindən çıxarış verilib. Bununla yanaşı, Ordubad şəhərinin qədim məhəllələrinin, eləcə də yaradılacaq Dövlət Tarix-Mədəniyyət Qoruğunun əhatə etdiyi ərazinin xəritəsi hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.
Təfsilatlı Tədbirlər Planında sənaye parkının yaradılması ilə bağlı Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin səlahiyyətləri çərçivəsində ərazilər təklif edilib. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Naxçıvan şəhərinin cənub-qərb hissəsində, Naxçıvan-Sədərək avtomobil yolunun cənubunda 310 hektar torpaq sahəsində Naxçıvan Sənaye Parkının yaradılması haqqında 5 dekabr 2024-cü il tarixli Fərman imzalanıb.
Bu park muxtar respublikada sahibkarlığın inkişafı üçün müasir texnologiyaların tətbiq olunacağı, rəqabətqabiliyyətli məhsul istehsalına yönələn müasir bir mərkəz olacaq. Parkın fəaliyyətinin təşkili, inkişafı və digər tərdbirlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən həyata keçiriləcək.
Fərmanda da qeyd olunduğu kimi, Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili üçün ərazinin yararlı vəziyyətə gətirilməsi, xarici və daxili infrastrukturun yaradılması üçün layihələndirmə işlərinin həyata keçirilməsini təmin etmək məqsədilə 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinə ilkin olaraq 500 min manat vəsait ayrılıb.
Sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən azad olunurlar. Həmçinin istehsal üçün gətirilən texnika və avadanlıqlara 10 il müddətinə əlavə dəyər vergisi və gömrük rüsumu tətbiq edilmir.
Ölkənin digər bölgələrində yaradılan sənaye parkları kimi, Naxçıvan Sənaye Parkı da Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvanın iqtisadiyyatına, o cümlədən ölkəmizin iqtisadiyyatına öz töhfəsini verəcək.
Bu Fərman möhtərəm cənab Prezidentin Naxçıvana göstərdiyi diqqət və qayğının daha bir bariz nümunəsidir.
Tural Murtuzəliyev, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəis müavini:
– Naxçıvan Muxtar Respublikası bu gün Azərbaycanın ən qabaqcıl “yaşıl” enerji zonalarından biri kimi tanınır. Qədim diyarın enerji infrastrukturunda ümumi güc 244,8 meqavatdır. Bu gücün 44,04 faizini təşkil edən 107,8 meqavatlıq bərpaolunan enerji – su, günəş və külək elektrik stansiyalarından əldə olunur.
Hazırda Naxçıvanda 5 Su Elektrik Stansiyası (SES), 3 Günəş Elektrik Stansiyası (GES), 1 Külək Elektrik Stansiyası (KES) və 1 Külək–Günəş Hibrid Elektrik Stansiyası fəaliyyət göstərir. Bu stansiyalarda istehsal olunan elektrik enerjisi sayəsində Naxçıvanda “yaşıl” enerjinin payı aylar üzrə artır. Ümumilikdə, elektrik enerjisinin 55 faizi bərpa olunan mənbələrdən alınır. Çaylarda suyun səviyyəsinin yüksək olduğu dövrlərdə bu göstərici hətta 100 faizə çatır.
“Yaşıl” enerji istifadəsi atmosferə buraxılan karbon emissiyalarını əhəmiyyətli dərəcədə azaltmağa imkan verir. Azərbaycanın əsas hədəflərindən biri 2050-ci ilə qədər karbon emissiyalarını 40 faiz azaltmaqdır. Naxçıvanda “yaşıl” enerji payının 55 faizə çatması bu məqsədə doğru atılan mühüm addımlardan biridir.
Yeri gəlmişkən, bu məqamda diqqətçəkən bir faktı xatırlatmaq istərdim. Belə ki, Naxçıvan Dövlət Energetika Xidməti buraxılan karbon emissiyasını dəfələrlə bir günlük sıfıra salıb. Buna isə yalnız “yaşıl” enerjidən istifadə etməklə nail olub.
Muxtar respublikada ümumi gücü 39,4 meqavat olan günəş elektrik stansiyaları fəaliyyət göstərir. Gələcəkdə dövlət–özəl tərəfdaşlığı çərçivəsində yeni günəş və külək elektrik stansiyalarının qurulması da planlaşdırılır. Bu məqsədlə 7992 hektar əkinə yararsız torpaq səhəsi də müəyyənləşdirilib.
Bununla yanaşı, hazırda Naxçıvanda 500 meqavat gücündə günəş elektrik stansiyasının tikintisi ilə bağlı araşdırmalar aparılır. Bu layihə II Şuşa Qlobal Media Forumunda dövlət başçısı tərəfindən xüsusi vurğulanıb.
Qədim diyarımızın enerji ixrac potensialı, xüsusilə Türkiyə və Avropa istiqamətində diqqət çəkir. Hazırda Türkiyəyə elektrik enerjisi ixracı ilə bağlı TEİAŞ və Naxçıvan Energetika Xidməti arasında “Əməliyyat müqaviləsi” bağlanması üzrə sənədləşmə işləri aparılır. ENTSO tərəfindən isə 75 meqavat ixrac və 40 meqavat idxala icazə verilib.
Naxçıvanda külək və günəş enerjisi üzrə 1500 meqavat gücündə istehsal sahələrinin yaradılması planlaşdırılır. Bu istehsal gücünün ən azı 1000 meqavatının Türkiyə və Avropa bazarlarına ixracı hədəflənir. Bu məqsədlə layihələndirmə işləri üçün xarici investisiyaların cəlb edilməsi əsas prioritetlərdəndir. Artıq Türkiyə, Çexiya, Birləşmiş Ərəb Əmirlikləri və Almaniyadan olan şirkətlərlə müəyyən görüşlər də keçirilərək məsləhətləşmələr aparılıb.
Naxçıvan Muxtar Respublikasının “yaşıl” enerji sahəsində inkişafı təkcə iqtisadi deyil, eyni zamanda, ekoloji baxımdan böyük əhəmiyyət kəsb edir. Bu yanaşma həm regional inkişafı, həm də Azərbaycanın qlobal iqlim öhdəliklərinin yerinə yetirilməsini dəstəkləyir.
Hazırda “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində qədim diyarda enerji infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi istiqamətində bir sıra əhəmiyyətli layihələr həyata keçirilir. Məsələn, 132/110/35/10 kV-luq “Culfa” yarımstansiyasında quraşdırma işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 oktyabr tarixli sərəncamı ilə 1 milyon 687 min 400 manat vəsait ayrılıb. Layihə çərçivəsində 2 ədəd 16 MVA güc transformatoru satın alınıb. Yarımstansiyada sənədlərin (layihə, inşaat cizgiləri, mühəndis-geoloji hesabatlar və s.) hazırlanması, asfalt örtüyünün çəkilməsi və digər abadlıq işləri üçün 2024-cü il 6 iyun tarixli sərəncamla əlavə 150 manat vəsait ayrılıb.
Bundan başqa, Naxçıvan Modul Elektrik Stansiyasında qaz porşenli mühərrik aqreqatlarının təmiri məqsədilə Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə, ümumilikdə, 8 milyon manat vəsait ayrılıb. “Wartsila Services Switzerland LTD” və “Vartsila Azərbaycan” MMC ilə imzalanmış müqavilələr çərçivəsində artıq bir sıra mühərrik aqreqatlarının təmiri tamamlanıb. Qalan mühərriklərin təmirinin ardıcıllıqla həyata keçiriləcəyi planlaşdırılıb.
Onu da qeyd edim ki, 35/10 kV-luq “Sədərək” və “Nəzərabad” yarımstansiyalarının yenidən qurulması üçün, ümumilikdə, 1 milyon 632 min 800 manat vəsait ayrılıb. Layihə üzrə 6 ədəd 6300 kVA güc transformatoru alınıb. Quraşdırılacaq avadanlıqların alınması üçün tender prosesi davam etdirilir.
Araz Su Elektrik Stansiyasının yenidən qurulması da diqqətdə saxlanılır. Qeyd edim ki, artıq 50 ildən çoxdur istismar olunan bu stansiyanın tam yenidən qurulması planlaşdırılır. Stansiyanın köhnəlmiş hidroturbin və hidrogeneratorlarının dəyişdirilməsi məqsədəuyğun sayılıb. Layihələndirmə və yenidənqurma işlərinin “Azərenerji” ASC tərəfindən həyata keçiriləcəyi nəzərdə tutulub.
Biləv SES-in su kanalının təmiri üçün 2024-cü ildə, ümumilikdə, 900 min manat vəsait ayrılıb. Müayinə və layihələndirmə işləri artıq tamamlanıb, layihə ekspertizaya təqdim edilib. 110/35/10 kV-luq “Çeşməbasar” və “Sədərək” yarımstansiyalarının layihələndirilməsi və tikintisi üçün ayrılmış vəsait çərçivəsində mühəndis-geoloji işlər və avadanlıqların alınması üzrə işlərə başlanılıb. 36 MVt-lıq Ordubad SES-də işlər müvəqqəti dayandırılıb. Bunun səbəbi Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin yenidən işlənməsi ilə bağlı olub. Bu istiqamətdə Türkiyənin “EKOTEK” şirkəti ilə müqavilə imzalanıb.
Bir məsələni də xatırladım ki, 20 kənddə elektrik şəbəkələrinin yenidən qurulması üçün, ümumilikdə, 500 min manat ayrılıb. Layihələndirmə işləri tender yolu ilə həyata keçirilib, işlərin icrası davam edir. Ordubad rayonunda yerləşən 15,6 MVt-lıq “Tivi” SES-in tikintisi üçün ayrılmış vəsait çərçivəsində layihələndirmə və torpaq sahələrinin qiymətləndirilməsi işləri də həyata keçirilib.
Naxçıvanda energetika layihələrinin uğurla icrası ölkənin enerji təhlükəsizliyini gücləndirmək, iqtisadi və sosial inkişafa töhfə vermək məqsədi daşıyır. Dövlətin dəstəyi ilə həyata keçirilən bu layihələr bölgənin elektrik təchizatının daha dayanıqlı və müasir texnologiyalara əsaslanmasını təmin edəcək.
Fərid BAĞIRZADƏ, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən:
– Dinamik iqtisadi inkişafı və beynəlxalq münasibətlər sistemində nüfuzlu mövqeyi ilə seçilən, öz ərazi bütövlüyünü, bununla ədaləti və beynəlxalq hüququ təmin etmiş qalib dövlət olan Azərbaycan, eyni zamanda, vətəndaş rifahının təminatı istiqamətində mühüm irəliləyişlərə yol açan güclü sosial siyasətə malikdir.
Ulu öndər Heydər Əliyevin müəllifi olduğu bu uğurlu sosial siyasətin Prezident İlham Əliyev tərəfindən sosial sahəyə xüsusi qayğı ilə davam və inkişaf etdirilməsi nəticəsində ölkəmizdə bütün sahələrdə davamlı tərəqqi prosesləri sosial nailiyyətlərlə tamamlanıb və əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımların atılması təmin olunub.
Dövlətimizin başçısının uğurlu siyasətinin mərkəzində vətəndaş amili, vətəndaş rifahının təminatı dayanır. Ölkə rəhbərinin tapşırıqları əsasında 2018-ci ildən etibarən 4 böyük sosial islahat paketi icra olunub. 4 milyondan çox vətəndaşı əhatə edən həmin sosial islahatlar nəticəsində minimum aylıq əməkhaqqında 2,7 dəfə, minimum pensiyada 2,5 dəfə, orta aylıq əməkhaqqında 65 faiz, median əməkhaqqında 2,1 dəfə, əməkhaqqı fondunda 2,5 dəfə, orta aylıq pensiyada 2,4 dəfə, sosial müavinət və təqaüd ödənişlərində 5 dəfə, ünvanlı sosial yardımın orta aylıq məbləğində 2,5 dəfə artım reallaşıb, 10-dan çox yeni sosial ödəniş növü təsis olunmaqla və sosial təminat sistemində bir sıra humanist yanaşmalar, güzəştlər tətbiq edilməklə bu sistemin əhatə dairəsi daha da genişləndirilib. Qeyd olunanlardan əlavə, 2025-ci ildə ölkəmizdə 5-ci sosial islahat paketinin icrasına başlanılması nəzərdə tutulub.
Naxçıvan Muxtar Respublikasında da əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlərin icrası uğurla davam etdirilir. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə muxtar respublikada əmək, məşğulluq və sosial müdafiə xidmətlərinin müasir formada göstərilməsi, eyni zamanda, elektron xidmətlərin tətbiqi yüksək səviyyədə həyata keçirilir.
“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi”nin strukturuna daxil olan altsistemlərdən 16-sı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sistemi üzrə tam tətbiq olunur. Həmçinin 2 altsistemin isə yaxın zamanlarda tətbiq edilməsi planlaşdırılır. Bu istiqamətdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin törəmə təşkilatı olan “DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin dəstəyi nəticəsində mühüm addımlar atılmaqdadır.
Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələri üzrə, ümumilikdə, 160 xidmətdən 134-ü muxtar respublikada göstərilir. Bunlardan 83-ü elektron, 37-si isə proaktivdir. Muxtar respublikada göstərilən xidmətlər sırasında pensiya və sosial müavinətlər proaktiv qaydada təyin olunur.
Muxtar respublikanın bütün rayonlarında Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq, müvafiq sahə üzrə sosial siyasəti həyata keçirən Vətəndaş qəbulu otaqları istifadəyə verilib. Həftənin iş günləri ərzində saat 09:00-dan 18:00-ə kimi fəaliyyət göstərən, müasir texnologiyalarla və avadanlıqlarla təmin edilən qəbul otaqlarında “bir pəncərə” sistemi və “e-sosial” internet portalı vasitəsi ilə vətəndaşlara açıq iş şəraitində xidmət göstərilir.
Elektron xidmətlərin və məlumat bazalarının ölkənin analoji qurumunun sistemləri ilə inteqrasiyası üçün bizim nazirlik sistemi üzrə göstərilən elektron xidmətlər və məlumat bazası Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sistemlərinə tam inteqrasiya olunub.
2024-cü ilin 11 ayında işaxtaran və işsiz vətəndaşların əmək fəaliyyətinə cəlb olunması, gənclərin və qadınların məşğulluğunun təmin olunması məqsədilə bir sıra tədbirlər həyata keçirilib. Ölkə Prezidentinin 2019-cu il 15 aprel tarixli Fərmanı ilə təsdiqlənən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq yaradılan “Əmək və məşğulluq” altsisteminin muxtar respublikada tam tətbiqinə 2023-cü ildən başlanılıb. Bu sistem əmək münasibətlərinin tənzimlənməsi və məşğulluğun təmin edilməsi proseslərində işəgötürənlər və işçilərin, işsiz və işaxtaranların vahid elektron platformada cəmləşməsinə, insan resursları ilə işin təşkilinə və bu sahədə şəffaflığın gerçəkləşdirilməsinə zəmin yaradan elektron platformadır.
Qeyd edim ki, bu ilin yanvar-noyabr aylarında, ümumilikdə, 2047 nəfər göndəriş əsasında işlə təmin olunub. Naxçıvan şəhəri, Babək, Şərur, Kəngərli və Sədərək rayonları üzrə vakansiyaları əhatə edən əmək yarmarkaları keçirilib.
Muxtar respublikasda müvəqqəti məşğulluğun təmin edilməsi məqsədilə “Məşğulluq haqqında” Qanuna uyğun olaraq ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerlərinə vətəndaşların cəlb olunaraq məşğulluğun təmin edilməsi üçün müvafiq işlər aparılır. 2023-cü ildən etibarən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə muxtar respublikada işaxtaran və işsiz şəxslərin haqqı ödənilən ictimai işə cəlb olunması üçün 1000 vakant yerdən ibarət kvota ayrılıb. Bununla da 960 nəfər “DOST İş Mərkəzi” MMC, 344 nəfər “Naxçıvan DOST İş Mərkəzi” MMC olmaqla, ümumilikdə, haqqı ödənilən ictimai iş üzrə 1304 nəfər çalışıb.
Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar olunması, habelə əmək müqaviləsinin müddətinin bitməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş və “Məşğulluq haqqında” Qanunla müəyyənləşdirilən qaydada işsiz kimi qeydiyyata alınmış şəxslərə işsizlikdən sığorta ödənişi təyin edilir. Muxtar respublikada icrasına ilk dəfə 2023-cü ildən başlanan işsizlikdən sığorta ödənişi çərçivəsində cari ilin ötən dövrü ərzində 244 şəxsə təyinat aparılıb, bu istiqamətdə 389 min 351 manat ödəniş həyata keçirilib.
Onu da bildirim ki, hesabat dövründə 12 nəfər imtiyazlı şəxs nəqliyyat vasitəsi ilə təmin edilib. Növbəlilik reyestrində olan digər 11 nəfərə nəqliyyat vasitəsinin verilməsi 2024-cü ilin dekabr ayında nəzərdə tutulub. Bununla da növbəlilik reyestrində olan bütün vətəndaşların nəqliyyat vasitəsi ilə təminatı yekunlaşacaq. Ümumilikdə nazirliyimiz tərəfindən bugünədək imtiyazlı şəxslərə 618 avtomobil və 327 mənzil (fərdi ev) təqdim edilib. 29 mənzilin isə yaxın aylarda təhvil verilməsi planlaşdırılıb.
Muxtar respublikada Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların, şəhid ailələrinin və müharibə veteranlarının təminatına dəstək məqsədilə yaradılmış “Dəstək” Fondunun fəaliyyəti çərçivəsində müvafiq kateqoriyadan olan imtiyazlı şəxslərə maddi dəstək göstərilir. Cari ilin yanvar-noyabr aylarında bu fond tərəfindən 205 şəhid ailəsi, 55 müharibə veteranı və 204 müharibə ilə əlaqədar əlilliyi müəyyənləşdirilən şəxsə, ümumilikdə, 989 min 653 manat vəsaitin ödənişi həyata keçirilib.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın Təfsilatlı Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi də diqqətdə saxlanılır. Hazırda əhalinin dövlət tərəfindən “bir pəncərə” prinsipi ilə təklif edilən əmək, məşğulluq və sosial müdafiə xidmətlərinə müasir, operativ və elektron xidmətlərin tətbiqi ilə rahat çıxışın təmin edilməsi məqsədilə Naxçıvan şəhərində tikintisi davam edən DOST Mərkəzinin 2025-ci ilin ilk yarısında açılışı nəzərdə tutulur. Həmçinin muxtar respublikanın rayonlarında vətəndaşlara “bir pəncərə” prinsipi ilə qeyd olunan xidmətlərin göstərilməsi məqsədilə vətəndaş qəbulu məntəqələrinin yaradılması ilə bağlı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki təşkilatların inzibati binalarının layihələndirilməsi davam etdirilir. Vətəndaş qəbulu məntəqələrinin 2025-2026-ci illər ərzində əsaslı təmir olunaraq fəaliyyətə başlaması nəzərdə tutulur.
Bəhruz Əsgərov, “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri:
– “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində “Naхçıvan Avtomobil Yolları Dövlət Agentliyi” tərəfindən cari ildə “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinin, Culfa şəhərdaxili, Culfa rayonu Darıdağ Arsenli Su Müalicə Mərkəzi və Naxçıvan şəhəri 6-cı küçənin avtomobil yolları əsaslı təmir edilib.
Xatırladım ki, Babək rayonunda yerləşən və 3-cü texniki dərəcəyə uyğun olan Əshabi-Kəhf ziyarətgahına gedən avtomobil yolunun əsaslı təmirinə 2023-cü ilin dekabr ayında başlanılıb. Əsaslı təmir zamanı yararsız asfalt qatı frezlənib, torpaq işləri aparılıb, yolun alt təbəqəsini möhkəmləndirmək üçün əraziyə qum-çınqıl materialı verilib, avtomobil yolunda yağış və arx sularının kənarlaşdırılması üçün yol kənarlarına 2085 metr 2 nömrəli və 692 metr 3 nömrəli beton su kanalı çəkilib, 10 beton su keçidi inşa edilib, 95 metal boru su keçidi quraşdırılıb, avtomobil yolunda yerləşən bir körpü də əsaslı şəkildə təmir olunub.
Avtonəqliyyat vasitələrinin daha rahat hərəkətini təmin etmək məqsədilə 13 min 900 metr uzunluğunda 3 qat asfalt örtüyü salınıb, müvafiq yerlərdə sürət həddini nizamlamaq, təhlükəsiz hərəkəti təmin etmək üçün avtomobil yolunda 80 yol nişanı və 600 işıq əksetdirici siqnal dirəkləri quraşdırılıb.
3-cü texniki dərəcəyə uyğun olan Culfa şəhərinin mərkəzi avtomobil yollarının əsaslı təmirinə 2024-cü ilin avqust ayında başlanılıb. Uzunluğu 7,8 kilometr olan avtomobil yollarında yararsız asfalt qatı sökülərək ərazidən daşınıb, torpaq işləri görülüb, yolun alt təbəqəsini möhkəmləndirmək üçün əraziyə qum-çınqıl materialı verilib, avtomobil yolunda yağış və arx sularının kənarlaşdırılması üçün yol kənarlarına 3153 metr 2 nömrəli və 73,5 metr 6 nömrəli beton su kanalı çəkilib, 1 beton su keçidi, 78 ədəd metal boru su keçidləri quraşdırılıb.
Avtonəqliyyat vasitələrinin daha rahat hərəkət etməsi üçün 7800 metr uzunluğunda 2 qat asfalt örtüyü salınıb. Müvafiq yerlərdə sürət həddini nizamlamaq üçün avtomobil yolunda 52 yol nişanı quraşdırılıb.
Culfa rayonunda yerləşən 3-cü texniki dərəcəyə uyğun olan Darıdağ Arsenli Su Müalicə Mərkəzinə gedən avtomobil yolunun əsaslı təmirinə 2023-cü ilin oktyabr ayında başlanılıb. Görülən işlərə əsasən, 3,5 kilometrlik yolun yol əsası bərkidilib, avtomobil yolunda yağış və arx sularının kənarlaşdırılması üçün yol kənarlarına 2038 metr uzunluğunda beton su kanalı çəkilib, 10 metal boru su keçidi quraşdırılıb.
Avtonəqliyyat vasitələrinin müalicə mərkəzinə daha rahat hərəkət etməsi üçün 3500 metr uzunluğunda 3 qat asfalt örtüyü salınıb. Müvafiq yerlərdə sürət həddini nizamlamaq, təhlükəsiz hərəkəti təmin etmək üçün avtomobil yolunda 52 yol nişanı və 156 işıq əksetdirici siqnal dirəkləri quraşdırılıb.
Naxçıvan şəhərində yerləşən 3-cü texniki dərəcəyə uyğun olan 6-cı küçə avtomobil yolunun əsaslı təmirinə 2024-cü ilin iyul ayında başlanılıb. Görülən işlərə əsasən, 6 metal boru su keçidi quraşdırılıb və 2100 metr uzunluğunda 2 qat asfalt örtüyü salınıb.
Hazırda uzunluğu 9,6 kilometr olan Naxçıvan şəhəri Əliabad qəsəbədaxili avtomobil yolunda torpaq və suötürücü kanalın çəkilməsi işləri aparılır və 4 kilometr məsafədə 1-ci qat asfalt-beton örtüyü salınıb. Uzunluğu 6,3 kilometr olan Şərur rayonunun Təzəkənd avtomobil yolunun 3,3 kilometrliyində isə yol əsasının tikintisi işləri davam edir. 3 kilometr məsafədə 1-ci qat asfalt-beton örtüyü salınıb və işlər layihəyə uyğun davam etdirilir.
Ümumi olaraq cari ildə Dövlət Proqramı çərçivəsində 27,3 kilometr avtomobil yolu əsaslı təmir olunaraq vətəndaşların istifadəsinə verilib.
Qeyd edək ki, Agentlik 2025-ci ildə layihəyə uyğun olaraq həm Naxçıvan şəhərinin bir neçə küçəsində (Babək məhəlləsi, Hacıniyyət kəndi, 6-cı məhəllə, Qaraçuq İnzibati Ərazi Dairəsi avtomobil yolu, Xətai məhəlləsi, S.Vurğun – N.Naxçıvani – M.H.Şəhriyar–H.Rəhmanov-58-ci, 61-ci məhəllə), həm də muxtar respublikanın digər bölgələrində (Babək, Şərur, Şahbuz rayonlarının mərkəzində, Culfa rayon Yaycı kəndində, Nehrəm qəsəbəsində, Culfanın Kırna-Dizə-Gal-Şurut, Şərurun Muğancıq-Müslüm və Cəlilkənd-Düdəngə avtomobil yolunda) əsaslı təmir işləri həyata keçirəcək.
Mirməcid Seyidov, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirinin müavini, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri:
– Muxtar respublikada gənclər, bədən tərbiyəsi və idman sahələrində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi müvafiq sahədə qanunvericiliklə müəyyənləşdirilən hallarda normativ tənzimləməni həyata keçirir, dövlət proqramlarının və inkişaf konsepsiyalarının icrasını öz səlahiyyətləri daxilində gerçəkləşdirir, gənclər üçün yaradıcılıq, iş və karyera mühitinin formalaşmasına kömək edir. Eyni zamanda, gəncləri zərərli vərdişlərdən qorumaq və ya uzaqlaşdırmaq üçün stimulverici, maarifləndici tədbirlər görür. Nazırlik bütün bunlarla yanaşı, gənclərin vətənpərvər ruhda, azərbaycançılıq ideologiyasında tərbiyəsi, hərbi xidmətə hazırlıq səviyyəsinin, intellektual bilik və bacarıqlarının arıtırılması sahəsində layihələr reallaşdırır, əhalinin bütün yaş qrupları, o cümlədən sağlamlıq imkanları məhdud uşaq və gənclərin idman xidmətlərinə əlçatanlığını təmin etmək, onların peşəkar fəaliyyətinin təşkilinə, işgüzar və karyera yüksəlişlərinə nail olmaq üçün davamlı addımlar atır.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi gənclərin asudə vaxtının səmərəli təşkili, şəxsi inkişafı, fəaliyyətinin qiymətləndirilməsi və dəstəklənməsinə önəm verir, müxtəlif idman növləri üzrə muxtar respublika miqyaslı yarışların və təlim-məşq toplanışlarının həyata keçirilməsini təmin edir, idman yarışlarının qaydalarını, ənənəvi və yeni idman növləri üzrə işin təşkilini, eləcə də aparılmasını tənzimləyən metodik, normativ sənədlərin hazırlanması zamanı təkliflər verir. Nazirlik bütün bunlarla bərabər, muxtar respublikada mövcud olan idman növlərinin reyestrini hazırlayıb təsdiq edir, idmanda dopinqə qarşı mübarizə tədbirlərini həyata keçirir. Nazirlik tərəfindən gənclərin idmana təşviqi sahəsində atılan addımlar davam etdirilməkdədir. Muxtar respublikada, ümumilikdə, 27 min 204 nəfər idmançı aktiv fəaliyyətdədir. Onlardan 16 min 439-u (ümumi sayın 60,43 faizi) 14-29 yaşlı gənclərdir.
Artıq bir neçə gündəndən sonra tarixə qovuşacaq 2024-cü il Naxçıvanda gənclər və idman sahəsi baxımından da məhsuldar və yaddaqalan oldu. Cari il ərzində gənclər və idman siyasətinin əsas istiqamətləri üzrə 15 min 162 nəfər iştirakı ilə 187-si gənclər sahəsini, 162-si isə idman sahəsini əhatə etməklə, ümumilikdə, 340 tədbir keçirildi.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə iştirakçı sayında 1438 nəfər artım qeydə alınıb. Nazirlik və tabeliyində olan gənclər və idman idarələri tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar 3791 nəfərin iştirakı ilə 243 tədbir, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar 9889 nəfərin iştirakı ilə 202 tədbir keçirilib.
Naxçıvan gəncləri 2024-cü ili uğurla başa vururlar. Nəsrin Babayeva ölkə üzrə “İlin gənci” nominasiyaları üzrə mükafatlandırma mərasimində təltif olunan gənclər sırasında oldu, bir çox naxçıvanlı gənc ölkə üzrə qrant müsabiqələrinin qalibi olmaqla muxtar respublikada uğurlu layihələr icra etdilər, nazirliyin dəstəyi ilə könüllülər ölkəmizdə təşkil olunan düşərgələrdə, eləcə də xaricdə keçirilən mübadilə proqramlarında iştirak etməklə yeni təcrübələr qazandılar. “Sərhəd” hərbi idman oyunu üzrə ölkə birinciliyində muxtar respublikanı təmsil edən “Ordubad” komandası üçüncü yerə layiq görüldü. İdmançılarımız cari ildə ölkəmizlə yanaşı, Türkiyə, Rusiya, Gürcüstan, Bəhreyn, Monqolustan, Belarus və Bolqarıstanda keçirilən müxtəlif səviyyəli yarışlarda iştirak edərək önəmli nailiyyətlərə nai oldular. Belə ki, Naxçıvan idmançıları dünya, Avropa, ölkə və beynəlxalq səviyyəli yarışlarda 71-i qızıl, 69-u gümüş, 54-ü bürünc medal olmaqla, ümumilikdə, 194 medal qazandılar.
Hazırladılar:
Tahir AYDINOĞLU,
Vaqif BAYRAMOV,
Səbuhi HƏSƏNOV
XQ
Bakı–Naxçıvan–Bakı