Azərbaycanda İslam dövrü arxeologiyası: reallıqlar və hədəflər

post-img

Bizim başqa ailəmiz yoxdur. ­Bizim ailəmiz Türk dünyasıdır.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti 

İslam dininin meydana gəlməsi, İslam ideologiyası bayrağı altında formalaşan Xilafət imperiyasının sərhədlərinin geniş ərazilərə yayılması ümumdünya tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcı oldu. Bu isə dünyanın geniş bir hissəsini əhatə edən xalqların və mədəniyyətin transformasiyası, ənənələrin qarşılıqlı surətdə zənginləşməsi, daha da inkişaf etməsi demək idi. 

Təbiidir ki, İslamın erkən yayıldığı ölkələrdən biri olaraq Azərbaycan da bu prosesin içində idi. Beləliklə, yeni tarixi dövrün tələblərinə uyğun olaraq Azərbaycan şəhərlərinin ruhu və siması sürətlə dəyişərək, yeniləşərək sırf özünəməxsus kaloritlərlə zənginləşməkdə idi. Bu isə hər şeydən öncə Azərbaycan şəhərlərinin daxili quruluşu və infrastrukturunda, sənət ənənələrindəki yeniliklərdə özünü göstərməkdə idi. Xüsusən də İslam dövrü memarlığı Azərbaycan şəhərlərinin mahiyyət etibarilə keyfiyyət göstəricisini müəyyən edən əsas dəyərlərdən oldu. Əzəməti və möhtəşəmliyi ilə insanları valeh edən müxtəlif təyinatlı qalalar, qala bürcləri, qala qapıları, məscidlər, minarələr, türbələr, körpülər, mayaklar, mədrəsələr, ziyarətgahlar, məzarlıqlar, sanitariya mədəniyyətinin göstəricisi olan hamamlar, kəhrizlər, ovdanlar, buzxana-anbarlar, dini ritualların icrasında istifadə olunan alət və əşyalar yeni dövr Azərbaycan şəhərlərinin simasını xarakterizə edən başlıca elementlər idi. 

Bununla paralel olaraq, xalqımıza xas olan qədim dini və milli tolerantlıq ənənələri zəminində ölkəmizdə yaşayan digər konfessiyalardan olan insanların düşüncə və etiqadlarına ehtiram ənənələrinin həssasiyyətlə qorunduğu da xüsusi qeyd olunmalıdır. Qədim dövrlərdə, Orta əsrlərdə, lap elə Azərbaycanın çar Rusiyası və Sovetlər imperiyası tərkibində olduğu dövrdə tikilən, davamlı olaraq fəaliyyət göstərməkdə olan çoxsaylı xristian məbədləri, sinaqoqlar və ziyarətgahlar bunun əyani və təkzibolunmaz sübutlarıdır. 

Əfsuslar olsun ki, erməni kilsəsi və ona havadarlıq edən bəzi Qərb dairələri uzun illərdir ki, davamlı olaraq Azərbaycandakı bu tolerantlıq mühitindən sui-istifadə etməklə xalqımıza məxsus bir çox tarixi-mədəni dəyərləri inkar etmək, onu özününküləşdirmək siyasəti yeritmişlər. Təəssüf ki, son 200 il ərzində Azərbaycanın da tərkibində olduğu imperiyaların siyasi və dini mərkəzləri tərəfindən bu ifrat və məkrli antiislam xətti müdafiə və təşviq olunmuşdur. Bunun nəticəsidir ki, Azərbaycanın İslam dövrü tarixinin real və dürüst mənzərəsi iki əsr ərzində necə deyərlər pərdə arxasında qalmağa məhkum edilmişdir. Beləliklə, Orta əsr Azərbaycan dövlətlərinin tarixi, onlara məxsus mədəni irs sanki filtirdən keçirilməklə, tam olaraq İslam düşüncəsi və dəyərlərindən təcrid olunmuş halda təqdim edilmişdir. İslamın bu məmləkətə bəxş etdiyi və formalaşdırdığı müsbət və mütərəqqi olan milli-mənəvi və maddi dəyərlərin unudulması siyasəti yeridilmişdir. Təbiidir ki, belə bir qüsurlu yanaşma olduğu şəraitdə Azərbaycan tarixi və mədəniyyətinin real və dürüst tədqiqi və təqdimi mümkün olmayıb. Bütün bunların fəsadlarının Azərbaycan üçün nə dərəcədə ağır, təhlükəli və qəbuledilməz olduğunu Cənubi Qafqazda əzəli torpaqlarımız hesabına Ermənistan adlı bufer dövlət yaradılarkən, həmin oyuncaq dövlət tərəfindən ölkəmizə qarşı zaman-zaman ərazi iddiaları səsləndirilərkən, çoxsaylı terror aktları törədilərkən və nəhayət, Qarabağ işğala məruz qalarkən, çox gec olsa da, artıq bütün dünya da baş verənləri görmüş və bilmiş oldu. Baş verənlər, əslində, elə Azərbaycan elmi, xüsusən də tarix və arxeologiya elmləri, bu istiqamətdə fəaliyyət göstərməli olan elmi idarə və təşkilatlar üçün də bir dərs oldu. 

Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən, xüsusən də ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra dövlətimizin ideoloji əsasları əski imperiya tör-töküntülərindən miras qalan qaranlıq ləkələrdən tədricən xilas oldu. Məlum oldu ki, uzun illər ərzində Qarabağın İslam dövrü abidələrində, demək olar ki, əsaslı tədqiqat və araşdırma işi aparılmayıb. Əksinə, həm Ermənistan tərəfindən, həm də bizim tərəfimizdən bütün resurslar məhz xristian abidələrinin öyrənilməsi istiqamətində cəmlənib. Bu cür düşünülməmiş strategiyanın məhz erməni maraqlarına xidmət etdiyi tam olaraq nəzərdən qaçırılıb. Əfsuslar olsun ki, çar Rusiyası və Sovet hakimiyyəti illərində digər qonşu dövlətlər tərəfindən Azərbaycana qarşı olan ərazi iddiaları da əsla nəzərə alınmayıb. Uzun illər ərzində Azərbaycanın şimal və şimal-qərb regionunun İslam dövrü arxeoloji və memarlıq abidələrinin tədqiqi istiqamətində olan çox ciddi boşluqlar da məhz bundan xəbər verir. 

İndiki halda ölkə Prezidenti cənab ­İlham Əliyevin fərman, sərəncam, tapşırıq və tövsiyələri əsas götürülməklə Azərbaycan elmində müəyyən islahatlar aparılmaqdadır. Doğrudur, bu islahatların tempi və əhatə dairəsi hələ ki, elmi ictimaiyyəti o qədər də qane etmir. Yəni, elm adamları daha yaxşısını və daha mükəmməlini arzulayırlar. Təbiidir ki, Azərbaycan arxeologiya elmi, Arxeologiya və Antropologiya İnstitutu da bu islahatlar prosesinin içindədir. Bu sahədə uğurlar əldə etməyin yeganə dürüst yolu isə ilk növbədə Arxeologiya və Antropologiya İnstitutunun strukturunun təkmilləşdirilməsi və elmi-tədqiqatların prioritet istiqamətlərinin müəyyən olunmasından keçir. Bu kontekstdə Arxeologiya və Antropologiya İnstitutunun struktur tərkibində “Azərbaycanın İslam dövrü arxeologiyası” şöbəsinin yaradılması, sözsüz ki, önəmli addım kimi dəyərləndirilə bilər. 

Son illər Bakı, Beyləqan, Qəbələ, Şəmkir, Şabran, Şamaxı, Gəncə, Kiran, Ağsu, Şəhərgah şəhər yerlərində, Basqalda Şeyx Məhəmməd məscidi, Ağdamda İmarət kompleksi, Şamaxıda Pir Ömər sultan ziyarətgahı, Kələxana türbələr kompleksi və digər abidələrdə aparılan arxeoloji tədqiqatlar da bu elmi istiqamətin nə dərəcədə perspektivli və əhəmiyyətli olduğunu bir daha təsdiq edir. Fikrimizcə, özünün pik mərhələsində olan Azərbaycan–Türkiyə əlaqələri, Türk Dövlətləri Təşkilatının gündən-günə möhkəmləndiyi, 51 üzv dövlətdən ibarət İslam Əməkdaşlıq Təşkilatı ilə çoxtərəfli əlaqələrin, qarşılıqlı təmasların, o cümlədən müvafiq elmi mərkəzlər arasında işgüzar əlaqələrin miqyası və əhəmiyyətinin sürətlə artdığı indiki dönəmdə, təbiidir ki, arxeoloq alimlər qarşısında da yeni üfüqlər açılıb. 

Etiraf etməliyik ki, vahid, böyük, əzəmətli türk xalqları tarixinin və mədəniyyətinin öyrənilməsi və təqdimatı baxımından arxeoloq alimlərin də görməli olduğu işlər olduqca çoxdur. Fikrimizcə, arxeoloq alimlər indi hər şeydən əvvəl nə etməli və nədən başlamağı müəyyənləşdirməlidirlər. Yəni ilkin olaraq bilməliyik ki, qardaş xalqların tarixi-mədəni irs kolleksiyasında nələr var. Biz hələ ki, biri-birimizin tarixi-mədəni irsinə, bu sahədə aparılan tədqiqatların nəticələrinə yetərincə bələd deyilik. Ən yaxşı halda, sadəcə olaraq, informativ şəkildə bilirik ki, türkiyəli, qazaxıstanlı, özbəkistanlı, qırğızıstanlı, türkmənistanlı, tatarıstanlı həmkarlarımızın tarixi-mədəni irsin qorunması və tədqiqi istiqamətində kifayət qədər yaxşı təcrübə və nailiyyətlər var. Artıq vaxt yetişmişdir ki, müştərək ekspedisiyalar yaradılsın, birgə layihələr üzərində işlənilsin. Tariximizin və mədəniyyətimizin hər birimiz üçün ümumi olan ortaq dəyərlərini müəyyən edək. Ümumini zənginləşdirən, daha da maraqlı və cəlbedici olan özəllikləri, lokal xüsusiyyətləri araşdıraq. 

Sovet dönəmində hər il ölkədə aparılan arxeoloji tədqiqatların yekununa həsr olunmuş Ümumittifaq sessiyaları keçirilirdi, onun materialları “Arxeoloji kəşflər” adı altında nəşr olunurdu. Yaxşı olardı ki, türk dövlətləri və xalqlarının timsalında bu ənənəni bərpa edək. Hər ilin yekununda bir araya gələk, bir-birimizi məlumatlandıraq, nəticələri ümumiləşdirək və s. Bundan əlavə, ayrı-ayrı elmi istiqamətlər üzrə seminarlar, elmi konfrans və simpoziumlar keçirə bilərik. Ortaq nəşrlərin olması da çox vacib məsələdir. Müəyyən təcrübə və məlumat bazasına yiyələndikdən sonra türk xalqlarının tarixi-mədəni irsinə aid ümumiləşdirilmiş kataloq və ensiklopediyalar nəşri barədə də düşünmək olar. Əlbəttə ki, bütün bunları etmək üçün bir- birimizi və sahib olduğumuz tarixi-mədəni dəyərləri daha yaxından tanımalıyıq. Bunun üçünsə qarşılıqlı təmaslar intensivləşdirilməlidir.

Azərbaycanda İslam dövrü abidələrinin arxeoloji tədqiqinə gəlincə, etiraf edək ki, sovet dönəmində arxeoloji axtarışların bu istiqaməti aktual hesab edilmirdi. İslamın həyat və düşüncə tərzimizə gətirdiyi yeniliklər görməzliyə vurulmaqda idi. Şəhərlərimizin plan quruluşunda, memarlıq görkəmində müşahidə olunan yeni çalarlar da həmçinin, Gəncə, Şəmkir, Şamaxı, Qəbələ, Bərdə, Şabran, Naxçıvan, Beyləqan, Ağsu kimi orta əsr şəhərlərinin ictimai-mədəni və dini həyatında xüsusi yeri olan əzəmətli məscidlər, insanları maarifləndirmək missiyasını icra edən mədrəsələr, müqəddəs yerlər, türbələr, ziyarətgahlar, Qərb dünyası ilə müqayisədə sanitariya mədəniyyətinin bariz göstəricisi olan hamamlar, çarhovuzlar, su xətləri şəbəkəsi – bütün bunlar İslam dəyərləri fonunda təşəkkül tapan və qısa zaman kəsiyində hər yanda populyar olan çox ciddi yeniliklər idi. 

Uzun illər tarix elmimizdə dominant olan belə bir tezis vardı: monqollar gəldi, hər şeyi dağıtdı, məhv etdi, şəhərlərdə aqrarlaşma prosesi başladı və s. Mən 80-ci illərdə Azərbaycanın son orta əsrlərə aid keramikası ilə bağlı araşdırmalar apararkən hiss elədim ki, bu, heç də belə deyil. Monqol istilası dönəmi və xüsusən də ondan sonrakı dönəmdə Azərbaycan şəhərlərinin memarlıq görkəmində, sənətkarlığın, xüsusən də dulusçuluq və miniatür sənətinin inkişafında, sözün əsl mənasında çox ciddi bir intibah müşahidə edilib. Mən bununla heç də onu demək istəmirəm ki, monqollar heç nəyi dağıtmadı və s. Onu demək istəyirəm ki, monqollar həm də bizim coğrafiyanı dünyanın böyük bir hissəsi ilə qovuşdurdu, beləliklə də mədəniyyətlərin daha geniş arealda transformasiyasına şərait yaradılmış oldu. Hesab edirik ki, artıq qardaş Türk dünyasının elmi mərkəzləri ilə bütün bu məsələlər ətrafında daha əhatəli müzakirələr aparmaq və fikir mübadiləsi etmək zamanı yetişib. 

Türk dünyası İslam dünyasının çox mühüm, həm də olduqca əhəmiyyətli bir tərkib hissəsidir. Çox mühüm geosiyasi potensialı, mədəni birliyi, günü-gündən yüksələn və daha da möhkəmlənməkdə olan həmrəyliyi ilə varlığını nümayiş etdirən Türk Dövlətləri Təşkilatı. Təsadüfi deyildir ki, son illər türk dövlətləri və onları təmsil edən xalqlar arasında əlaqələr, xüsusən də mədəni və siyasi əlaqələr yüksələn templə inkişaf etməkdədir. Bu dövlətləri və onların xalqlarını bir-birinə yaxın, qohum və qardaş edən çox dərin tarixi köklər və ortaq dəyərlər mövcuddur. Xoş olan odur ki, Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin siyasiləri də, elm və mədəniyyət xadimləri də, sözün əsl mənasında, bu dəyərlərin fərqindədirlər.

Fikrimizcə, bu yerdə Prezident İlham Əliyevin 2024-cü il fevralın 14-də keçirilən andiçmə mərasimində Türk xalqları və dövlətlərinin birliyindən, əməkdaşlığından və həmrəyliyindən bəhs edərkən demiş olduğu aşağıdakı kəlamı bir daha yada salmaq yerinə düşər: “Türk Dövlətləri Təşkilatı... bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır!”

Son illər Beynəxalq Türk Akademiyasının bu istiqamətdə gördüyü işləri, xüsusilə qeyd etmək istərdik. Beynəlxalq Türk Akademiyası xətti ilə təkcə son bir il ərzində Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Azərbaycanda keçirilən silsilə elmi-mədəni tədbirlər bunu deməyə əsas verir. Bu yerdə Beynəlxalq Türk Akademiyasının təşəbbüsü və təşkilatçılığı ilə bu il oktyabrın 15-dən 18-dək türk dövlətləri arxeoloqlarının Şuşada keçirilən birinci toplantısının əhəmiyyətini xüsusi olaraq qeyd etməyə dəyər. Məlumat üçün onu da bildirək ki, Macarıstan və Monqolustandan olan arxeoloq alimlərin də qoşulduğu toplantı iştirakçılarının Şuşa səfəri çərçivəsində Ağdam, Xocalı, Əsgəran, Füzuli və digər yaşayış məntəqələrində erməni vandallarının törətmiş olduqları dağıntıları acı təəssüf hissi və ürək ağrısı ilə seyr etmək imkanı da olmuşdur.

Arxeoloqların Şuşa toplantısını giriş sözü ilə Azərbaycanın görkəmli şərqşünas alimi, Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev açdı. O, son vaxtlar türk xalqları və dövlətləri arasında gedən sürətli inteqrasiya prosesi və bu proses çərçivəsində elm adamları qarşısında duran hədəflərdən bəhs edərək, ilk toplantının məhz Şuşada keçirilməsinin önəmini xüsusi olaraq vurğuladı. AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru, dosent Fərhad Quliyev müstəqillik illərində Azərbaycanda aparılan arxeoloji tədqiqatlardan bəhs etdi. Tədbirdə iştirakçı ölkələrin çıxış edən nümayəndələri Azərbaycanın Qarabağ Zəfəri, Şuşanın fəthi, işğal dönəmində şəhər və kəndlərimizin ermənilər tərəfindən viran edildiyi, tarixi-mədəni dəyərlərimizin vandalcasına məhv olunduğu, torpaqlarımız azad edildikdən sonra qısa zaman kəsiyində Azərbaycan dövləti tərəfindən həyata keçirilməkdə olan genişmiqyaslı abadlıq və quruculuq işləri barədə fikir, mülahizə və təəssüratlarını bildirdilər.

Toplantı çərçivəsində dinlənilən məruzə və çıxışlar Türk dünyası məkanına daxil olan ölkələrdə arxeoloji tədqiqatların miqyası və səviyyəsini öyrənmək baxımından hər kəs üçün çox əhəmiyyətli oldu. Məsələn, Macarıstan nümayəndəsinin çıxışında ölkə ərazisində 140 minə qədər arxeoloji məkan olduğu, Monqolustan arxeoloqların isə hər il 15 ölkədə aparılan arxeoloji qazıntılarda iştirak etdiyi, ölkə daxilində isə xarici donorların iştirakı ilə 100-ə qədər arxeoloji ekspedisiyanın fəaliyyət göstərdiyi bildirildi. Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tatarıstan alimlərinin arxeoloji tədqiqatlarda müasir texniki və texnoloji üsul və vasitələrdən istifadə, öyrənilən abidələrin konservasiyası, muzeyləşdirilməsi və nəhayət, elmi axtarışların nəticələrinin nəşrinə dair məruzə və çıxışları da maraqla dinlənildi. Geniş və işgüzar müzakirələr əsasında Türk dünyası arxeoloqlarının gələcək fəaliyyətinə yönəlik rəsmi sənəd– deklarasiya qəbul olundu. İştirakçılar vaxtaşırı toplanmaq, müştərək ekspedisiyalar təşkil etmək, ortaq nəşrlər, o cümlədən, ortaq arxeoloji terminlər lüğətinin və Türk dünyasının görkəmli arxeoloq alimləri seriyasından ensiklopedik nəşrlərin hazırlanması barədə razılığa gəldilər. Növbəti ildən başlayaraq, ilkin olaraq, Qarabağ ərazisindəki abidələrdən birində Türk dünyası arxeoloqlarının iştirakı ilə kompleks ekspedisiyanın fəaliyyətə başlayacağı barədə qərar da hər kəs tərəfindən rəğbətlə qarşılandı.

Qonaqların Şuşa gəzintisi də çox maraqlı və təsirli anlarla yadda qaldı. Genişmiqyaslı abadlıq və quruculuq işlərinə rəğmən, şəhərin bütün kvartallarında çoxsaylı dağılmış, uçurulmuş evlər və iri ictimai binalar erməni vandalizminin qara ləkələri olaraq hələ də göz dağlamaqdadır. Yəni, bir “dövlət”, bir “xalq” nə qədər cəllad xislətli olmalıdır ki, bu dərəcədə vəhşiliklər törədə bilsin?! Bunu edən ermənilərdir, Ermənistan adlı bədnam, oyuncaq və bufer dövlətdir! Bunu görməmək, lənətləməmək olarmı?! 

Gəncə qapıları önündə gəzişərkən, ciyərdolusu dərindən nəfəs alaraq və ətrafdakı ecazkar təbiət mənzərələrini seyr edərkən sanki bir anlığa məst olan qonaqların Şuşadan hələ də doymadığı onların üz-gözündən çox aydın hiss olunmaqda idi. Amma xudahafizləşmək zamanı da yetmişdi. Əminliklə deyə bilərik ki, o insanlar qəhrəman Şuşamızı, onun ecazkar təbiət və tarixi lövhələrini Azərbaycan arxeoloqları ilə əl-ələ verərək bu yerlərdə tədqiqatlar aparmaq üçün yenə də gələcəklər. 

Qafar CƏBİYEV, 
AMEA Arxeologiya və Antropologiya İnstitutu İslam dövrü arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru, professor

 







Siyasət